Mobil versiya
Binəqədi rayonu 205 saylı tam orta məktəbdə “Sağlam qida – sağlam təhsil” devizi altında maarifləndirici tədbir keçirilib - FOTOLAR
Tarix: 10-02-2022 | Saat: 17:20
Bölmə:Təhsil | çapa göndər

Binəqədi rayonu 205 saylı tam orta məktəbdə “Sağlam qida – sağlam təhsil” devizi altında maarifləndirici tədbir keçirilib


Məlum olduğu kimi, son dövrlərdə sağlam qidalanmanın təhsil proqramına daxil edilməsi məsələsi cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardan birinə çevrilib. Mütəxəssislərin rəyinə görə, bu gün şagirdlərə əsas sağlam qidalanma vərdişlərini aşılamaq çox vacibdir. Qeyd edək ki, ötən ilin aprel ayından Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun birgə əməkdaşlığı ilə “Sağlam gələcək üçün sağlam qidalanma” proqramına start verilib. Proqram çərçivəsində mütəmadi olaraq tələbə və şagirdlər arasında sağlam qidalanma mövzusunda vebinarlar, digər maarifləndirici tədbirlər keçirilir.

Əlbəttə ki, məktəb illəri uşaqların həm əqli, həm də fiziki cəhətdən intensiv inkişafı dövrüdür. Məhz buna görə də xüsusilə orta təhsil müəssisələrində şagirdlərdə sağlam qidalanma vərdişlərinin formalaşdırılması çox mühüm məsələdir. Bunun üçün isə məktəblərdə bu istiqamətdə məqsədyönlü işlər aparılmalıdır.

Bu baxımdan Bakının Binəqədi qəsəbəsində yerləşən 205 saylı tam orta məktəbin fəaliyyəti də diqqətəlayiqdir. Birmənalı olaraq demək olar ki, direktor Xoşqədəm Bağırovanın rəhbərliyi ilə məktəbin pedaqoji kollektivi müasir tədris proqramlarını yüksək səviyyədə həyata keçirməklə yanaşı, eyni zamanda da şagirdlərinin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyümələri məsələsini daim diqqət mərkəzində saxlayırlar. Bu məqsədlə də məktəbdə mütəmadi olaraq müvafiq maarifləndirici tədbirlər keçirilir. Uşaq və yeniyetmələrin hər yaş qrupuna fərdi yanaşma tərzini tərciyə edən məktəbin pedaqoji kollektivi belə tədbirlərin kiçik siniflər üçün təşkil olunan formatına əyləncə elementlərini əlavə etməyi də vacib hesab edirlər. Növbəti belə əyləncəli-maarifləndirici tədbirlərdən biri də 205 saylı məktəbin ibtidai sinif şagirdləri üçün fevralın 10-da keçirilib. “Sağlam qida – sağlam təhsil” devizi altında keçirilən bu tədbirdə şagirdlər mövzuya aid seçilmiş şeirlər deyib, sağlam qidanın təbliğini əks etdirən əyani vəsaitlər nümayiş etdirib, viktorina xarakterli maraqlı oyunlarda iştirak ediblər. Həmçinin tədbirin gedişində valideynlərin köməyilə hazırlanmış milli mətbəximizin bir çox kulinariya nümunələri təqdim olunub.

Qeyd etmək lazımdır ki, 205 saylı məktəbin qabaqcıl müəllimlərindən biri, təcrübəli pedaqoq Səlbi Rzayevanın rəhbərlik etdiyi 2b sinfinin şagirdləri tədbirin gedişində xüsusi fəallıqları ilə seçiliblər. Xüsusilə uşaqların söylədikləri meyvə və çiçəklərdən bəhs edən şeirlər tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. İkincilərin bu aktivliyi məktəb rəhbərliyi tərəfindən də qeyd olunub və yüksək qiymətləndirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024