Mobil versiya
Seymur Nazarov: “Əsas vəzifəmiz dövlətimzin təhsil siyasətini yerlərdə düzgün şəkildə həyata keçirməkdir”
Tarix: 17-01-2022 | Saat: 13:26
Bölmə:Təhsil | çapa göndər

Seymur Nazarov: “Əsas vəzifəmiz dövlətimzin təhsil siyasətini yerlərdə düzgün şəkildə həyata keçirməkdir”

Bu gün Azərbaycanda təhsil sisteminin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası paytaxt Bakı ilə yanaşı ölkəmizin bütün rayon və bölgələrində də uğurla həyata keçirilməkdədir. Təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi rayonlarımızdan biri də Goranboy rayonudur. Məlumat üçün bildirək ki, Goranboy RTŞ 1937-ci ildən Qasım İsmayılov Xalq Maarif şöbəsi adı altında faliyyətə başlamış, 1993-cü ildən isə Goranboy Rayon Təhsil Şöbəsi kimi fəaliyyətini davam etdirir. Rayon Təhsil Şöbəsinin tabeliyində 58 tam orta, 11 ümumi orta, 10 ibtidai məktəb, 5 məktəbə qədər təhsil müəssisəsi fəaliyyət göstərir. Şöbənin müdiri

Seymur Nazarovdur.
Qısa arayış:
Nazarov Seymur Fazil oğlu 1982-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. Azərbaycan Dillər Universitetini Dilşünaslıq ixtisası üzrə bitirib. 2005-2010-cu illərdə Goranboy rayon Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbdə fransız dili müəllimi, 2016-2017-ci illərdə Goranboy rayonu Goran qəsəbə ümumi orta məktəbdə psixoloq, 2017-ci ildə Goranboy rayon Qaramusalı kənd tam orta məktəbdə fransız dili müəllimi, 2017-2019-cu illərdə Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində direktor müavin, 2019-2021-ci illərdə Goranboy rayon Aşağı Ballıqaya kənd ümumi orta məktəbdə direktor vəzifəsində çalışıb. 2021-ci ilin avqust ayından Goranboy Rayon Təhsil Şöbəsinin müdiri vəziəsində çalışır.
[

Hər bir inkişafın təməlində dövlət qayğısı durur

İlk növbədə belə bir faktı qeyd etmək lazımdır ki, son illər ərzində digər bölgələrimiz kimi Goranboy rayonu ərazisində də birbaşa dövlət başçısının göstərişi ilə çox sayda məktəblər tikilib, bir çoxları isə əsaslı təmir olunub və bütün lazımı avadanlıqlarla təhciz edilərək şagirdlərin istifadəsinə verilib. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları və iqtisadi proqramların icrası digər rayonlar kimi Goranboyda da uğurla davam etdirilir. Bu günlərdə Goranboyda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub. Goranboy şəhər 1 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib. Məktəb binası 1937-ci ildə tikilib, 40 sinif otağından ibarət olub. Ötən müddət ərzində məktəbin binası fiziki köhnəldiyindən və istifadəyə yararsız vəziyyətə düşdüyündən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 700 şagird yerlik yeni bina inşa edilib. 3 mərtəbəli 1 korpuslu məktəb bütün zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub. Məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları var. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Məktəbin açılış mərasimində müəllim və şagirdlərin sevincinə valideynlər də şərik olublar. Onlar belə yüksək təhsil şəraitinin yaradılmasına görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, eləcə də əməyi keçən hər kəsə minnətdarlıqlarını ifadə ediblər.

Təhsil müəssisələrində keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir

Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının müqabilində Goranboy rayonunun həm pedaqoji, həm də şagird kollektivləri öz növbələrində yüksək göstəricilərə nail olmaq üçün bütün potensiallarını səfərbər etmişlər. Bir tərəfdən reallaşdırılan dövlət proqramlarının uğurlu icrası, digər tərəfdən də yerli peşəkar pedaqoji kadrların ciddi səyləri nəticəsində ötən tədris ilində də rayonun təhsil sistemində dinamik inkişaf təmin edilmiş, yüksək nəticələr əldə olunmuşdur. Qeyd etmək lazımdır ki, bu gün Goranboyda tədrisin keyfiyyətinin getdikcə daha da yüksəldilməsilə yanaşı şagirdlərin ümumi dünya görüşlətinin artırılması, intellektual səviyyələrinin daha da yüksəldilməsi kimi məsələlərə də xüsusi diqqət yetirilir. Bu baxımdan əlbəttə ki, rayonun təhsil müəssisələrində mütəmadi olaraq keçirilən tədbirlər də xüsusi əhəmiyyət kəb edir.

Lütvi Zadə - 100

Belə tədbirlərdən biri ötən ilin 17 dekabr tarixində Goranboy rayonu Quşçular kənd H.Cəfərov adına tam orta məktəbində keçirilib. Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Goranboy rayonu Quşçular kənd H.Cəfərov adına tam orta məktəbində Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı olaraq şagirdlər arasında məntiq yarışması, açıq dərslər, dəyirmi masa təşkil olunub. Görkəmli alimin həyat və yaradıcılığını əks etdirən guşə hazırlanıb. Qeyd edək ki, Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülmüşdür.

“Düşünən oxucu”

Artıq xəbər verildiyi kimi, yeni ilin ilk günlərindən ölkə üzrə ümumi təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında “Düşünən oxucu” müsabiqəsinə start verilib. Müsabiqənin məqsədi təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır. Müsabiqə yerli nəşriyyatlarla əməkdaşlıq çərçivəsində təşkil olunacaq. 3 mərhələdən ibarət olan müsabiqənin məktəb mərhələsi 5 – 21 yanvar tarixlərində ümumi təhsil müəssisələrində, rayon (şəhər) mərhələsi 24 yanvar – 7 fevral tarixlərində bölgələrdə, ölkə mərhələsi 8 – 21 fevral 2022-ci il tarixlərində videotəqdimatların qiymətləndirilməsi formatında Bakı şəhərində həyata keçiriləcək. Təbii ki, bu müsabiqəyə Goranboy məktəbliləri də böyük həvəslə qoşulublar. Həmçinin Goranboy məktəblilərinin müsabiqədə yüksək səviyyədə iştiraklarının təmin olunması məqsədilə rayon təhsil şöbəsinin müdiri Seymur Nazarov tərəfindən 30 dekabr 2021-ci il tarixində F48 nömrəli əmr imzalanıb. Hazırda həmin əmrə əsasən rayonun təhsil müəssisələrində, o cümlədən kənd məktəblərində “Düşünən oxucu” müsabiqəsinin məktəb mərhələsində iştirak edəcək V-IXsinif şagirdlərinə məktəbin kitabxanasında oxu ədəbiyyatı təqdim olunması prosesinə başlanılıb.

Goranboy təhsilində bu gün davam edən mütərəqqi proseslərin cəmi bir neçə epizodunu əks etdirən bu yazını Goranboy RTŞ-nin müdiri Seymur Nazarovun əməkdaşımıza dediyi bu sözlərlə bitirmək istəyirik: “Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev milli təhsilimizin inkişafını və beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirmək üçün məqsədyönlü siyasət yürüdür, əhəmiyyətli tədbirlər həyata keçirir. İndiyədək Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Biz təhsil işçilərinin də ümdə vəzifəsi dövlətimzin təhsil siyasətini yerlərdə düzgün şəkildə həyata keçirmək, qarşıda duran vəzifələrin ən yüksək səviyyədə icrasını təmin etməkdir.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024