AZ RU Mobil versiya
Novruzəli Aslanov: “Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək”
Tarix: 14-01-2022 | Saat: 18:30
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək”

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə hər zaman olduğu kimi, Azərbaycan ictimaiyyətini maraqlandıran bir çox vacib məsələlərə toxunmuş, ölkəmizdə, Cənubi Qafqaz regionunda və dünyada cərəyan edən hadisələr barədə önəmli açıqlamalar vermişdir. O cümlədən Zəngəzur dəhlizin açılması istiqamətində aparılan işlərdən danışarkən dövlətimizin başçısı vurğulamışdır ki, gələcəkdə bu dəhliz vasitəsilə Naxçıvana elektrik xətlərinin çəkilməsi də planlaşdırılır. Əlbəttə ki, bu, Azərbaycanın növbəti həm siyasi, həm də iqtisadi uğuru olacaq.

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni transmilli logistik layihələr artıq bütün beynəlxalq ictimaiyyət üçün də son dərəcə maraqlı və əhəmiyyətli olduğu üçün Ermənistanın Zəngəzur dəhlizinin açılmasını əngəlləmək imkanları da sürətlə məhdudlaşır. Bir müddət əvvəl Azərbaycanın Zəngəzur hava dəhlizindən istifadə etməsi də prosesin məhz ölkəmizin maraqlarına uyğun istiqamətdə getdiyini sübut edir.

“Azərbaycan Prezidenti bu müsahibəsində də bir daha vurğuladı ki, hansı yolla olursa-olsun Zəngəzur dəhliz açılacaq. Diqqətəlayiq haldır ki, ötən ildən “Zəngəzur dəhlizi” ifadəsi artıq siyasi-diplomatik müstəvidə aparılan ritorikaya daxil edildi. Həmçinin ötən il biz mülki aviasiya sahəsində Zəngəzur hava dəhlizinin açıldığını gördük. Həm də Azərbaycan bu dəhlizdən Ermənistandan icazə almadan istifadə etdi. Məlumdur ki, Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Bəlkə də ona görə ki, bu terminin müəllifi məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Öz müsahibəsində dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmır. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Həmçinin bu dəhliz vasitəsilə iki qaz xəttinin çəkilişi də mümkündür. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Beləliklə Azərbaycanın planlarına uyğun olaraq Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir. Ermənistan tərəfi ilkin mərhələdə həm bu söz ifadəsinə etiraz edirdi, həm də ki, bütövlükdə dəhlizin açılmasına etiraz edirdi. Hətta bu gün də belə Ermənistan siyasi məkanında bu dəhlizin Ermənistan üçün əlverişsiz olması ilə bağlı fikirlər var. Lakin Azərbaycan ardıcıl olaraq bu məsələnin həlli ilə bağlı çalışmalar həyata keçirib. Hazırda bu istiqamətdə Rusiya, Azərbaycan, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup fəaliyyət göstərir. Bu işçi qrup Ermənistan ərazisində olub və avtomobil yolunun mümkün olan marşrutlarını da incələyib. Çünki Ermənistan tərəfi ilkin mərhələdə israr edirdi ki, orada avtomobil yolu çəkmək mümkün deyil. Məxsusi olaraq bu məsələyə toxunan Prezident İlham Əliyev bunu da bildirdi ki, hələ sovet vaxtında belə bir layihə var idi. Həmin dövrdə də Ermənistan bu layihəyə etiraz edirdi və onun mümkünsüz olduğunu isbatlamağa çalışırdı. Lakin o vaxt Moskvada Siyasi Büronun üzvü və sovet hökumətinin Nazirlər Soveti sədrinin birinci müavini olan Ulu Öndər Heydər Əliyevin göstərişi və təkidi ilə Ermənistanın ovaxtkı rəhbərliyi məcbur olub bu layihəyə icazə verdilər. O zaman hətta avtomobil yolunun tikintisinə də artıq başlanmışdı. Lakin ermənilər hələ o vaxtdan istəmirdilər ki, Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil yolu olsun və buna müxtəlif bəhanələrlə etiraz edirdilər. Lakin bu gün Rusiya, Azərbaycan, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində yaradılmış işçi qrup da bunu təsbit edib. Ermənistan isə ilkin mərhələdə dəmir yolunun çəkilişinə razılığını verdi. Ondan sonra avtomobil yolunun çəkilişinə razılığını verdi. Artıq bu, məsələ də təsdiqləndi və hazırda avtomobil yolunun marşrutu məsələsi müzakirə olunur. Sözsüz ki, bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək”, - deyə N.Aslanov bildirib.

Həmçinin millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə dair verdiyi açıqlamalar da ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunu nümayiş etdirən amil kimi xüsusi önəm kəsb edir.

“Məlum olduğu kimi, ötən ilin iyul ayında Avropa İttifaqının Prezidenti Azərbaycana gəlmişdi. Dekabr ayında isə Azərbaycan Prezidenti cənab İlham Əiyev Brüsseldə üçtərəfli görüşdə iştirak etdi. Əlbəttə ki, bu səfərlər Bakı-Brüssel əlaqələrinin perspektivini müəyyən edə biləcək hadisələr kimi qiymətləndirilə bilər. Öz müsahibəsində bu perspektivləri müsbət qiymətləndirdiyini vurğulayan dövlətimizin başçısı hər iki səfərin önəmini qeyd etdi. Ümumiyyətlə, birmənalı olaraq vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin Avropa İttifaqı ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi istiqamətində siyasəti hər zaman realist mövqelərə istinad edib. Azərbaycana Avropa ilə daha yaxın əlaqələr, Avropaya isə onun sərhədlərində vəziyyətin sabitliyi maraqlıdır. Öz müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, Aİ prezidenti cənab Şarl Mişellə görüşlər əsnasında onlar bu gündəliyi formalaşdıra biliblər və tezliklə yeni sazişi də tamamilə razılaşdırılacaqdır. Çünki hazırda sazişin təqribən 90-92 faizi razılaşdırılıb. Diqqətəlayiq haldır ki, hazırda Azərbaycan artıq 9 Avropa ölkəsi ilə strateji tərəfdaşdır. Ölkələrimiz enerji təhlükəsizliyi baxımından fəal əməkdaşlıq edir. Xüsusilə bu gün Avropada qaz böhranının yaşandığı şəraitdə həmin ölkələrdə Azərbaycan qazına böyük ehtiyac var. İndi artıq bu, açıq mətbuata da çıxır. Azərbaycan isə etibarlı təchizatçıdır. Uzun illər ərzində neft təchizatçısı olaraq etibarlı tərəfdaş kimi rol oynayıb, o cümlədən Avropa üçün qaz təchizatçısı kimi. Həmçinin Avropa ölkələrinin Azərbaycanın nəqliyyat imkanlarına böyük marağı vardır. Azərbaycan hazlrda ən müasir nəqliyyat infrastrukturuna sahibdir. Bundan başqa, dövlət başçımızın dediyi kimi, indi Azərbaycanın Avropa tərəfdaşları ilə kosmik sahədə yeni əməkdaşlıq formatı yaradılır. Bu da çox müsbət haldır. Biz, əlbəttə ki, texnologiyaların Azərbaycana gətirilməsində maraqlıyıq. Biz bu texnologiyaları Avropadan alırıq, Avropa isə bizim enerji resurslarımızı alır. Yəni, burada qarşılıqlı maraqlar uzlaşır. Əminliklə demək olar ki, Avropa İttifaqı ilə əlaqələr bundan sonra da uğurla davam etdiriləcək. Bu, Azərbaycanın xarici siyasət konsepsiyasının tərkib hissəsidir”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

8135 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2022