Mobil versiya
Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun “Qəhrəmanlıq salnaməsi” müsabiqəsinin mükafatlandırma tədbiri keçirilib.
Tarix: 25-12-2021 | Saat: 16:51
Bölmə:Ölkə | çapa göndər

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun “Qəhrəmanlıq salnaməsi” müsabiqəsinin  mükafatlandırma tədbiri keçirilib.

Dekabrın 25-də Azərbaycan Texniki Universitetinin akt zalında Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun 8 Noyabr “Zəfər Günü” münasibəti ilə təşkil etdiyi “Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsinin təltifetmə mərasimi keçirilib.

Bildirilib ki, “Qəhrəmanlıq salnaməsi” müsabiqəsi şəhid və qazilərimizə, onların ailələrinə vəfanın, ehtiramın ifadəsidir. Müsabiqəyə təqdim olunan yazılarda təqdim olunan qürurverici qəhrəmanlıq nümunələri gələcək nəsillərə Vətən yolunda fədakarlığın parlaq örnəklərini yadigar qoyacaq.
Müsabiqənin təşkilatçısı MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov çıxış edərək bildirdi ki: “Fond fəaliyyət göstərdiyi 16 ildən artıq müddət ərzində milli vətənpərvərlik ideyasını təbliğ edən çoxsaylı müsabiqələr təşkil edib. “Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsi isə bunlar arasında xüsusi ilə fərqlənir. Bu vaxta qədər biz bu tədbirləri qələbəyə ümidi qorumaq yolunda keçirirdiksə, bu gün artıq qalib ökənin vətəndaşları kimi bu müsabiqəni təşkil edirik. Vətən yolunda şəhid düşmüş qəhrəmanlarımızı xatırlamaq nə qədər hüznlüdürsə, bir o qədər qürurvericidir. Çünki şəhid və qazilərimiz bizə parlaq bir zəfər əmanət qoydular. Biz bu qələbəni sarsılmaz Dövlət–Xalq–Ordu birliyi ilə qazanmışıq. Vətən müharibəsi bu birliyin nə qədər önəmli olduğunu bizə açıq şəkildə göstərdi”.

Daha sonra tədbirdə çıxış edən millət vəkilləri və ziyalılar – Ceyhun Məmmədli, Sədaqət Qəhrəmanova, Qulu Məhərrəmli, Mübariz Süleymanlı və b. Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhid və qazilərimizin fədakarlıq nümunələrinin geniş kütlə arasında tanınması məqsədilə təşkil olunan müsabiqəni yüksək qiymətləndirdilər. Qeyd olundu ki, belə tədbirlərin keçirilməsi həm şəhid və qazilərimizə ehtiramın nümunəsidir, həm də gənc nəsilə vətən sevgisinin, fədakarlıq ruhunun aşılanması baxımından təqdirəlayiqdir.

“Qəhrəmanlıq salnaməsi” müsabiqəsinin qalibi isə İtaliyada təhsilini yarımçıq qoyub Vətən müharibəsinə qatılan, elə təqdim etdiyi essedə də ibrət və qəhrəmanlıq dolu döyüş yolunu anladan qazi Anar Yaşaroğlu oldu. A.Yaşaroğlu tədbir təşkilatçılarına minnətdarlığını bildirdi və obyektiv dəyərləndirməyə görə münsiflərə təşəkkür etdi. Müsabiqənin qalibi Vətən müharibəsinin onun həyata baxışını dəyişdirdiyini və müsabiqə haqqında hisslərini bölüşdü: “Qalib gələ bilməsəydim, çox üzüləcəkdim. Ancaq heç kimi ittiham etməyəcəkdim. Essedə sadəcə öz həyatımdan yazmışam: İtaliyada magistr təhsilimi yarımçıq qoyub sonra Ağdama yollanmağımdan və çətin də olsa, xoşbəxtlikdən, döyüşlərdən sağ qayıtmağımdan bəhs etmişəm. Bu tipli müsabiqələr mənə və mənim kimi qazi və veteranlara ümid və ilham verir. Əslində, yazımı hansısa mükafat naminə də yazmamışdım. Esseni yazdığım 14 gündə hər dəfə yazdıqca ağlamışam. Yazmışam, yaza bilməmişəm, silmişəm, axırda yenidən yazmışam. Belə bir səmimi etiraf da etməliyəm: qalib olmasaydım, bəlkə də, küsəcəyimə görə ölkədən çıxıb getmək qərarım daha da dəqiqləşəcəkdi. Ancaq indi belə düşünmürəm. Demək, bizə dəyər verən insanlar var. Onlar üçün, bu ölkə üçün çalışmaq, fayda vermək lazımdır”.

Qeyd edək ki, ümumilikdə 235 müəllifin qatıldığı müsabiqəyə təqdim edilən yazılar müvafiq münsiflər heyəti tərəfindən anonim şəkildə qiymətləndirilib. İlk 3 yeri tutmuş iştirakçı qalib seçilib və əlavə olaraq 3 iştirakçı isə həvəsləndirici yerə layiq görülüb. Yer tutmuş müsabiqə iştirakçılarına MİMTA Fondu tərəfinən pul mükafatı, diplom və müxtəlif hədiyyələr təqdim olundu.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025