Mobil versiya
Aqiyə Naxçıvanlı: “Elmi və pedaqoji fəaliyyətlə məşğul olan insanların gəlirlərinin artımı bu sahəyə olan dövlət qayğısının təzahürüdür”
Tarix: 21-12-2021 | Saat: 17:47
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Elmi və pedaqoji fəaliyyətlə məşğul olan insanların gəlirlərinin artımı bu sahəyə olan dövlət qayğısının təzahürüdür”

“Bu gün bütün dünyada hələ də pandemiyanın davam etməsinə, ölkəmizdə isə bundan başqa həm də postmüharibə dövrü olmasına baxmayaraq, Azərbaycanda sosial islahatlar uğurla davam etməkdədir. Bu sosial islahatların vacib istiqaməti və tərkib hissəsi birbaşa əhalinin həssas təbəqələrinin gəlirlərinin artırılmasına hədəflənib. Bu baxımdan ən əhəmiyyətli tədbirlərdən biri də minimum əməkhaqqının 300 manata çatdırılmasıdır. Aydındır ki, bu tədbir ilk növbədə birbaşa əmək bazarına təsir edir, əmək məhsuldarlığını artırır. Həmçinin minimum əməkhaqqının artımı əmək müqavilələrinin bağlanılmasını, başqa sözlə desək əməyin leqallaşdırılmasını da stimullaşdırır.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili bildirib ki, minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin bütün pillələri üzrə artımlara imkan verəcək: “2022-ci ildə minimum əməkhaqqının artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri yeni Sərəncama uyğunlaşdırılacaq. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min və özəl sektor üzrə daha 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq. Qeyd etmək laımdır ki, Ölkə Prezidentinin Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə mühüm irəliləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir. Dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin maaşları da aidiyyəti dövlət orqanlarının kateqoriyaları üzrə müvafiq intervalda artacaq. Yeni ilin 1 yanvarınadək qüvvədə olan mövcud 19 pilləli VTC üzrə əməkhaqlarının minimal həddi 250, maksimal həddi 906 manatdır. Təsdiqlənəcək yeni cədvəldə bu göstəricilərdə minimum əməkhaqqı artımına uyğun artımlar olacaq.”

Daha sonra Aqiyə Naxçıvanlı elmi və pedaqoji fəaliyyətlə məşğul olan insanların, təqaüdçülərin və tələbələrin gəlirlərinin artımını da ölkəmizdə bu sahəyə olan dövlət qayğısının mühüm təzahürü olduğunu vurğulayıb: “Qeyd olunmalıdır ki, Azərbaycan elmi və təhsili bütün dövrlərdə dövlətin diqqət və qayğısını hiss edib. Xüsusilə, ölkəmiz milli müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin dönəmində bu sahələrə xüsusi diqqət yetirilmişdir. Ulu öndərimiz qeyd etdiyi kimi, təhsil millətin gələcəyidir. Bu gün Ölkə Prezidenti cənab İlham Əliyev də elm, təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərir. Təsadüfi deyil ki, dövlət büdcəsindən təhsil sahəsinə ayrılan maliyyə vəsaiti hərbi sahədən sonra ikinci yerdədir. Bunun da nəticəsində respublikamızda elm, təhsil sürətlə inkişaf etməkdədir. O cümlədən dövlət başçısının imzaladığı yeni Sərəncamla elmi və pedaqoji fəaliyyətlə məşğul olan insanların, təqaüdçülərin və tələbələrin gəlirlərinin artımı təmin olunub. Belə ki, yeni ildən azı 25 il pedaqoji staja malik, işləməyən pensiyaçı olan elmlər doktorları və fəlsəfə doktorlarına Prezidentin aylıq təqaüdü təsis olunub. Yeni Fərmanla bu təqaüd elmlər doktorları üçün 200 manatdan 300 manata, fəlsəfə doktorları üçün 120 manatdan 200 manata çatdırılır. Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin 20% artırılır. Sərəncamla gələn ilin əvvəlindən həmin təqaüdlərin məbləği elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 360 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 216 manat təşkil edəcək. Həmçinin cədvəldə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də artırılacaq.”

Həmçinin Aqiyə Naxçıvanlı yeni sosial islahatların iri miqyasını qeyd edərək bunları deyib: “Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edir. İmzalanmış yeni Fərman və Sərəncamlar ilə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir ki, bu da kifayət qədər böyük rəqəmdir. Belə ki, nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. Ümumilikdə isə bu islahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024