Mobil versiya
Brüssel görüşü münasibətlərin tənzimlənməsinə doğru atılan addımdır
Tarix: 20-12-2021 | Saat: 10:48
Bölmə:Media | çapa göndər

Brüssel görüşü münasibətlərin tənzimlənməsinə doğru atılan addımdır

Azərbaycanın Vətən Müharibəsində qazandığı qələbə 2021-ci il dekabrın 14-15-də keçirilən Brüssel görüşündə əldə edilmiş üstünlüklərlə bir daha təsdiqləndi. Həm NATO-nun Baş katibi Yens Stoltenberq, həm də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüş Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı təşəbbüsün dəstəklənməsinin təsdiqi ilə yadda qaldı. Çünki bir əminlik yarandı ki, bu dəhliz bizim üçün mühüm siyasi-iqtisadi əhəmiyyət daşımaqla bütövlükdə regionda inteqrasiya proseslərini stimullaşdıracaq.

Brüssel görüşlərini Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, artan siyasi çəkisinin təqdimatı kimi də dəyərləndirə bilərik. Dövlət başçısı İlham Əliyevin Şərq Tərəfdaşlığının VI Sammitində çıxışı, Sammit şərçivəsində keçirdiyi ikitərəfli görüşlər, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü postmünaqişə dövrünün reallıqlarının nəinki qəbulunu, onların icrası üçün səylər göstərildiyini ortaya qoydu. Göründüyü kimi, bu kimi məqamlar Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir. Artıq bu reallıq təsdiqlənir ki, keçmişlə deyil, gələcəklə yaşamaq lazımdır. Azərbaycan hər zaman  gələcəyə baxır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz də bunun təsdiqidir.

Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Emənistanın baş nazirinin Brüssel görüşü Soçi zəfərinin davamı kimi dəyərləndirilə bilər. Bu görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlər müzakirə olundu. Görüş nəticə etibarilə səmərəli  keçdi. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib.  Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr davam etdiriləcək. Təbii ki, bu hədəflərin reallığa çevrilməsi üçün bölgədə dayanıqlı sülh və təhlükəsizlik əsasdır.

Ümumilikdə hər bir görüş münasibətlərin tənzimlənməsinə doğru atılan addımdır. O da məlumdur ki, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti  ilə Ermənistanın  baş naziri arasında qeyri-formal görüş də keçirildi. Əlbəttə ki, bütün bu təşəbbüslər, uğurlar Azərbaycanın müstəqil siyasətinin, qətiyyətinin, dəyişməz mövqeyinin nəticəsi olaraq beynəlxalq aləmdə artan rolunun təqdimatıdır. Qalib ölkə olan Azərbaycan diktə edən tərəf kimi postmünaqişə dövrünün reallıqlarına ədalətli yanaşma tələb edir. 30 ilə yaxın dövrdə ikili standartlara əsaslanan siyasətin nəticəsi göz önündədir. Bütün hallarda Azərbaycan öz mövqeyindən bir addım da belə geri çəkilməyərək torpaqlarının işğaldan azad edilməsinə nail oldu. İşğalçılıq siyasəti yürüdən, mütəqilliyi formal xarakter daşıyan Ermənistan isə bütün enerji layihələrindən təcrid olunaraq iqtisadi böhran içərisində çapalayır. İşğalçı dövlətin yeganə çıxış yolu sülh sazişini imzalayaraq, gələcəyə baxmaqdır. Brüssel xəbərdarlığı Ermənistan rəhbərliyini ciddi düşündürəcək və bugünədək qəbul olunan sənədlərdən irəli gələn vəzifələri yerinə yetirməsinə  yardımçı olacaq. 

Mehdi Həsənov,
Salyan rayon Quyçu kənd ümumi orta məktəbin direktoru

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025