Mobil versiya
Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı dövlət siyasətinin prioritetlərindən biridir
Tarix: 20-12-2021 | Saat: 10:23
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı  dövlət siyasətinin prioritetlərindən biridir

Azərbaycanla Avropa İttifaqı əməkdaşlığının uzun tarixi var. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoydu. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən ölkəmiz strateji mövqeyini möhkəmləndirmək üçün Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə böyük üstünlük verdi. Bu əməkdaşlıq ölkəmizin starteji mövqeyinin möhkəmləndirilməsi baxımından çox zəruri idi.

Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Çünki  Avropa İttifaqı qlobal siyasət və Avrasiya bölgəsinin mühüm birliklərindən biridir. Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən bu əməkdaşlıq Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində hüquqi baza rolunu oynayır.

Azərbaycanın Avropa İttifaqı ilə çoxtərəfli əməkdaşlığa və tərəfdaşlığa böyük önəm verməsi getdikcə bu qurumla münasibətləri daha da möhkəmləndirib. Azərbaycan “Avropa qonşuluq siyasətinə” qoşulduqdan bir neçə il sonra ölkəmizlə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmış, 2008-ci ildə isə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla  siyasi, iqtisadi əməkdaşlığı daha da genişləndirmiş və qarşılıqlı əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. 2009-cu ildə Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldova ilə ikitərəfli əməkdaşlığı gücləndirmək və Avropa Qonşuluq Siyasəti çərçivəsində çoxtərəfli əməkdaşlığı davam etdirmək üçün Avropa İttifaqının Şərq Tərəfdaşlığı Təşəbbüsü başlandı.  Hazırda Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşıdır.

Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır.  Azərbaycanın Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul etməsi və ya imzalaması qarşılıqlı əməkdaşlığa layiqli töhfədir.  Azərbaycan Avropa və Asiyanı birləşdirən əlverişli geosiyasi və geoiqtisadi mövqeyə, Xəzər dənizi vasitəsilə Rusiyaya, Orta Asiyaya, Qazaxıstana və İrana, avtomobil-dəmir yolu vasitəsilə Gürcüstana, Qara dəniz bölgəsinə, İrana, Türkiyəyə, Rusiyaya, Ermənistana çıxışı olan nəqliyyat-kommunikasiya xətlərinə malikdir. Avropa İttifaqının Azərbaycandakı maraqlarının başlıca iqtisadi faktorları onun transregional kommunikasiya imkanları ilə əlaqədardır. Qərb üçün Xəzər dənizi və Mərkəzi Asiyanın zəngin enerji resurslarına uzunmüddətli maneəsiz daxil olmaq Azərbaycansız mümkün deyil. Cənubi Qafqazda bir sıra xarici qüvvələrin və ölkələrin maraqlarının toqquşmasına və bu regionda münaqişələrin mövcud olmasına baxmayaraq, Azərbaycan müstəqil xarici siyasət kursunu saxlamağa müvəffəq olmuşdur. Bu isə Azərbaycana Avropa İttifaqı ölkələri ilə münasibətləri ölkənin milli maraqları əsasında qurmağa imkan yaradır. 
Ölkəmizin başçısı cənab İlham Əliyev daim vurğulayır ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı dövlət siyasətinin prioritetlərindən biridir. 2021-ci il dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə Prezident cənab İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasındakı görüşdə bir daha vurğulanıb ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu ilin iyul ayında Azərbaycanda səfərdə olarkən ölkəmizin başçısı ilə Avropa İttifaqı və Azərbaycan arasında ticarət dövriyyəsi, əməkdaşlıq üçün əlavə imkanlar, enerji təhlükəsizliyi və Avropa bazarına ixrac olunacaq təbii qazın həcminin artırılması perspektivlərini müzakirə etmişdi. O cümlədən, İkinci Qarabağ müharibəsindən sonra regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar, bölgədə yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məsələləri baxımından münaqişədən sonrakı inkişaf məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdı. Qeyd edilmişdi ki, Azərbaycan hazırda etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirən Azərbaycanın milli maraqlarının təmin edilməsinə yönəlik çoxvektorlu xarici siyasət öz bəhrəsini verir. Məhz bu uğurlu siyasətin sayəsində Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

Bəylər Nəzərov,
Salyan rayon I Varlı kənd tam orta məktəbin direktor əvəzi

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025