Mobil versiya
Ürəyinin böyüklüyünə heyran qalırıq, qarşında baş əyirik, şəhid anası!
Tarix: 14-12-2021 | Saat: 15:04
Bölmə:Ölkə | çapa göndər

Ürəyinin böyüklüyünə heyran qalırıq, qarşında baş əyirik, şəhid anası!

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının, Azərbaycan dövlətinin, onun Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyevin, ən əsası isə Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha sübut etdi. Bu qələbə bizim hər birimizin başını uca etməklə milli qürurumuzu da özümüzə qaytardı. Müharibə, sözsüz ki, itkisiz olmur. Şəhidlərimizin hər biri fəxrimiz, qürur mənbəyimizdir. Masallı rayonun da öz şəhidləri var. Bu rayonun mərd və vətənpərvər oğulları çoxdur. Onlar hər zaman vətənin müdafiəsinə qalxmağa hazır olduqlarını bildirirlər.

Masallı rayonunda Öncəqala kənd sakinləri tərəfindən Xeyriyyə Cəmiyyəti yaradılıb. Bu cəmiyyətin yaradılmasında məqsəd kənd yollarının təmirindən, qəbiristanlığın abadlaşdırılmasından, aztəminatlı ailələrə yardım edilməsindən, onların sosial problemlərinin həllindən ibarətdir. Onu da qeyd edək ki, Xeyriyyə Cəmiyyəti təsis edildiyi ilk gündən işlərini günün tələbləri səviyyəsində qurmağa nail olmuş, bu istiqamətdə bir çox ürəkaçan işlərə imza atmışdır.

«Əl tutmaq Əlidən qalıb» məsəli əbəs yerə deyilməyib. Həqiqətən də insan maddi və mənəvi cəhətdən əziyyət çəkən birinə arxa-dayaq olanda özü də ruhən təskinlik tapır. Bu fani dünyadan insan yaxşılıqdan başqa özü ilə heç nə apara bilmir. Odur ki, gəlin hamılıqla savab əməllərin sahibi olaq.
Masallı rayonunun Öncəqala kəndindən olan şəhid Şahin Ağayev də 44 günlük Vətən müharibəsində canı və qanı ilə tarix yazan igidlərimizdən biridir. Bu gün təkcə masallılar deyil, bütün Azərbaycan xalqı onunla fəxr edir. Onun keçdiyi rəşadətli döyüş yolu bu gün demək olar ki, hər bir gəncə örnəkdir. Şəhid Şahin Ağayevin anası oğlunun doğum günündə Xeyriyyə Cəmiyyətinə 1000 AZN yardım etmişdir. Şəhid anası deyir ki, oğlum yuxuma girib «Kəndimizdə xeyirxah işlər görülür. Mənim ehsanımdan 1000 manat ora ianə et» demişdi. Müqəddəs kitabımız «Qurani-Kərim»də deyilən «Şəhidlər ölmürlər. Onlar Tanrı dərgahında sağdırlar» kəlamı da bu anda öz təsdiqini tapır. Ana bu yuxusundan sonra övladının istəyini həyata keçirməklə bir daha onun ruhunu şad etmiş oldu.

Analar müqəddəsdir, cənnət də anaların ayaqları altındadır. Bütün anaların, eyni zamanda, şəhid anasının qarşısında baş əyir, onun ürəyinin böyüklüyünə heyran qalırıq. Belə ürəyə yalnız analar sahib ola bilərlər. Allah bütün anaları qorusun, dünyasını dəyişənlərə isə rəhmət eləsin.
Şəhidlərimizə Allahdan rəhmət diləyir, «Məkanınız cənnət olsun» deyirik.

Səhər Niftullayev,
Masallı, Öncəqala kəndi

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024