Mobil versiya
“Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi” mövzusunda Beynəlxalq Elmi Konqres başlayıb
Tarix: 09-12-2021 | Saat: 19:58
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

“Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi” mövzusunda Beynəlxalq Elmi Konqres başlayıb

Dekabrın 9-da Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı “Florence Nightingale Xəstəxanalar Qrupu”nun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi” mövzusunda Beynəlxalq Elmi Konqres öz işinə başlayıb.

Gömrük Hospitalından bildirilib ki, konqresin rəsmi açılış hissəsi başlamadan öncə təşkilat komitəsinin üzvləri və rəsmi qonaqlar, ilk növbədə, Fəxri xiyabanı ziyarət edib və Ümummilli Liderin məzarı önünə tər çiçəklər qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələrini yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.

Onlayn formatda 500-dən çox dinləyicinin iştirakı ilə “Zoom” platforması üzərindən həyata keçirilən konqres Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu ulu öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu və dünya miqyaslı siyasətçi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verən DGK Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov hazırda bu siyasətin Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

“Ümidvaram ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu konqres Ümummilli Liderimizin Azərbaycan səhiyyəsinin, eləcə də Azərbaycan tibb elminin dayanıqlı və sabit inkişafına verdiyi töhfələri bir daha xatırlamağa imkan verəcək, eyni zamanda, Azərbaycanda pediatriya sahəsində daha böyük uğurların əldə edilməsinə dəstək olacaq. Əminəm ki, bugünkü konqres ölkənin bütün tibb ictimaiyyəti üçün əhəmiyyətli hadisə olacaq və müxtəlif pediatrik nozologiyaların diaqnostika və müalicəsi üzrə həkimlərin praktik işinin effektivliyini artırmaq üçün imkanlar yaradacaq”, -deyə o bildirib.

Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı “Florence Nightingale Xəstəxanalar Qrupu”na uğurlu və davamlı əməkdaşlığa görə təşəkkürünü bildirən C.Məmmədov çıxışının sonunda bütün iştirakçılara uğurlar arzu edərək tədbirin işini açıq elan edib.

Konqresin rəsmi açılış hissəsində, eyni zamanda, DGK Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı tibb elmləri doktoru Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri Dr. Rüstəm Hüseynov, Səhiyyə Nazirliyinin baş pediatrı, “Baku Medical Plaza” klinikasının pediatriya və neonatologiya şöbəsinin müdiri Dr. Erkin Rəhimov, Ankara Universiteti Tibb Fakültəsinin professoru, Neonatologiya Cəmiyyətinin idarə heyətinin üzvü Dr. Ömer Erdeve də çıxış edib.

Rəsmi açılış hissəsindən sonra Rəşad Mahmudov və Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Dr. Merih Çetinkayanın moderatorluğu ilə “Pediatrik kardiologiya” paneli öz işinə başlayıb.

Günün ikinci yarısında isə Dr. Rüstəm Hüseynov və Dr. Ömer Erdevenin moderatorluğu ilə “COVID-19 və pediatriyada yeni aspektlər” panelinin keçirilməsi nəzərdə tutulub.

Üç gün davam edəcək tədbirdə yerli və beynəlxalq yüksəkixtisaslı mütəxəssis heyəti tərəfindən 9 paneldə ümumilikdə 27 məruzə dinləniləcək, sual-cavab sessiyaları və interaktiv müzakirələr həyata keçiriləcək.

Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 24 DTT balı ilə qiymətləndirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024