Mobil versiya
Novruzəli Aslanov: “Zirvə Toplantısında Zəngəzur dəhlizinin önəmi xüsusi olaraq diqqət mərkəzinə çəkilib”
Tarix: 29-11-2021 | Saat: 14:34
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər

Novruzəli Aslanov: “Zirvə Toplantısında Zəngəzur dəhlizinin önəmi xüsusi olaraq diqqət mərkəzinə çəkilib”

“İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş XV Zirvə Toplantısı həm iqtisadi, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Toplantıda təşkilatın üzv ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə istiqamətlənən bir çox məsələlər müzakirə olunub. “Birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə Toplantısında üzv ölkələrin ortaq hədəfləri müəyyənləşdirilib, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaranmış yeni fürsətlər dəyərləndirilib. Zirvə Toplantısında Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin əhəmiyyəti bir daha vurğulanıb, ölkəmizin işğal altındakı torpaqlarını azad etməsi ilə regionda davamlı sülhün və sabitliyin təmin olunmasına möhkəm zəmin yarandığı qetd olunub. Həmçinin Azərbaycanın bölgədə rifahın yüksəlməsi üçün ardıcıl həyata keçirdiyi layihələr təqdir edilib, Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsünün bağlantılarından birini quracaq Zəngəzur dəhlizinin önəmi xüsusi olaraq diqqət mərkəzinə çəkilib.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısındakı çıxışı bütün digər vacib məqamlarla yanaşı həm də Zəngəzur dəhlizinin reallığa çevrilməsi ilə bağlı verilmiş növbəti mesajla əlamətdar oldu: “Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də mötəbər auditoriyaya ölkəmizdə və Cənubi Qafqaz regionunda gedən proseslərlə bağlı obyektiv və dolğun məlumatlar təqdim etdi. Dövlət başçısı son 18 il ərzində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini qeyd edərək bildirdi ki, bu illər ərzində ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Həqiqətən də bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri ilə və birbaşa nəzarəti altında uğurla həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Hazırda ölkə iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Təsadüfi deyil ki, Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Əlbəttə ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz və torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın iqtisadi imkanlarını daha da artırmış oldu. Öz çıxışında Prezident İlham Əliyev də bu məsələyə toxunaraq bir daha Toplantı iştirakçılarının diqqətinə çatdırdı ki, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi. Daha sonra işğaldan azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işlərindən danışan möhtərəm Prezidentimiz Azərbaycanın yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər saldığını da qeyd etdi. Xüsusi olaraq Prezident İlham Əliyevin çıxışında diqqətləri cəlb edən vacib məqamlardan biri də sözsüz ki, Zəngəzur dəhlizi ilə bağlı verilmiş önəmli mesaj oldu. Dövlət başçısı öz çıxışında dedi: “İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.” Heç şübhəsiz bu mesaj bir daha Azərbaycanın qalib ölkə və yeni regional reallıqların müəllifi olaraq Cənubi Qafqazda əsas söz sahibi olduğunu bir daha təsdiqləyir.”

Həmçinin Novruzəli Aslanov İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında COVID-19-la bağlı aparılan müzakirələrin əhəmiyyətini qeyd edərək bunları deyib: “Qeyd etmək lazımdır ki, Zirvə Toplantısında COVID-19-la bağlı aparılan müzakirələrin gedişində Təşkilata üzv ölkələrin koronavirusla mübarizədə səylərinin birləşdirilməsinin vacibliyi xüsusi olaraq vurğulaıb. Əlbəttə ki, koronavirusla mübarizədə ən uğurlu ölkələrdən biri kimi Azərbaycanın təcrübəsi bu baxımdan çox önəmlidir. Məlumdur ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün hər zaman mühüm addımlar atıb və bu proses bu gün də davam edir. Ölkəmiz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinədir və Prezident İlham Əliyev bunu bütün çıxış və müsahibələrində daim birmənalı olaraq vurğulayıb. Bu da məlumdur ki, bu il Qoşulmama Hərəkatının sədri qismində məhz Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı etmişdir. Həmçinin bu günə qədər ölkəmizdə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə isə həmin məqsədlərə dövlət büdcəsindən daha 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacağı nəzərdə tutulub.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024