Mobil versiya
Aqiyə Naxçıvanlı: “26 noyabr Bəyanatında Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi tam olaraq öz əksini tapıb”
Tarix: 29-11-2021 | Saat: 08:17
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “26 noyabr Bəyanatında Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi tam olaraq öz əksini tapıb”

“Noyabr ayının 26-da Rusiyanın Soçi şəhərində keçirilmiş üçtərəfli görüş birmənalı olaraq Azərbaycanın növbəti böyük diplomatik qələbəsidir və bu qələbə ölkəmizin istər regional, istərsə də beynəlxalq mövqeylərinin daha da güclənməsinə xidmət edir. İlk növbədə qeyd etmək lazımdır ki, Soçidə Azərbaycan Prezidenti cənab İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə ümumiyyətlə rast gəlinmir. Bu isə o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Təbii ki, bu mühüm sənədin imzalanmasında noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınmasının və ordumuzun öz mövqelərini daha da gücləndirməsinin də rolu çox böyükdür. Rəsmi İrəvanın öz strateji müttəfiqi olan Rusiyaya qarşı apardığı xəyanətkar siyasətin və bu əsasla Moskva ilə aralarında formalaşan inamsızlıq mühitinin fonunda Azərbaycan Prezidenti cənab İlham Əliyev yürütdüyü düşünülmüş siyasət, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində atdığı məqsədyönlü addımlar sayəsində bu gün Cənubi Qafqazda yeni regional təhlükəsizlik arxitekturası qurmaqdadır.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili xüsusi olaraq vurğulayıb ki, noyabrın 26-da Rusiyanın Soçi şəhərində imzalanmış Üçtərəfli Bəyanat Azərbaycanın maraqlarına bütünlüklə cavab verir və regional sülhün və inkişafın bərqərar olması baxımından mühüm əhəmiyyət kəsb edir: “Soçi görüşündə imzalanmış 26 noyabr Bəyanatında hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi tam olaraq öz əksini tapıb. Ilk növbədə bu Bəyanatda sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edilir, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunub. Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması zəruri şərt kimi nəzərdə tutulub. Bəyanatı imzalayan ölkələr bir daha Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq ediblər. Əlbəttə ki, Azərbaycan üçün vacib olan əsas məqamlardan biri məhz Zəngəzur dəhlizinin açılması məsələsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, biz Zəngəzur dəhlizini açacağıq – istər danışıqlarla, istərsə də güc yolu ilə. 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar yarandı və Soçi görüşünün, həm rəsmi, həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər bunu deməyə əsas verir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. O cümlədən Rusiya Prezidenti Vladimir Putin də öz çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlanmaqla bu məsələdə Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulamış oldu. İmzalanmış Bəyanatda “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndlərin yer alması isə artıq Zəngəzur dəhlizinin açılması istiqamətində əməli addımların atıldığını deməyə tam əsas verir.”

Daha sonra Aqiyə Naxçıvanlı bildirib ki, 26 noyabr Bəyanatında ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi də Azərbaycanın mövqeyinə uyğun olan məqam kimi dəyərləndirilməlidir: “Daha bir diqqətəlayiq hal bundan ibarətdir ki, 26 noyabr Bəyanatının mətnində ATƏT-in Minsk Qrupunun adı çəkilmir. Əlbəttə ki, Paşinyanın öz çıxışında Şarl Mişelə çağırışlar etməsi, həmçinin Avropa vasitəçiliyini gündəmə gətirməyə yönəlik cəhdləri bunu deməyə əsas verir ki, Bəyanatda Minsk Qrupu ilə bağlı heç bir müddəanın yer almaması Ermənistanın nə mövqeyinə, nə də gözləntilərinə uyğun deyil. Çünki bu hal sülh danışıqlarının daha çox ikitərəfli formata yönələcəyindən, yəni Ermənistanın hər zaman umduğu və asılı olduğu himayədar dəstəyindən artıq istədiyi kimi bəhrələnə bilməyəcəyindən xəbər verir. Əslində sözügedən sənəddə Minsk Qrupuna dair bir dənə də olsun bəndin olmaması tamamilə məntiqə uyğundur. Artıq uzun illərdir ki, bu həmsədrlər institutu koordinasiyalı şəkildə işləyə bilmir və nəticədə onun fəaliyyəti yalnız formal xarakter daşıyır. Bu arada bir məqamıda qeyd etmək lazımdır ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən yalnız Rusiya yüksək aktivlik və təşəbbüskarlıq nümayiş etdirir. O cümlədən Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcəyini bəyan edib ki, bu da Cənubi Qafqazda sülhün və sabitliyin davamlı olması baxımından mühüm əhəmiyyət kəsb edən bir amildir. Beləliklə, 26 noyabr Bəyanatında Minsk Qrupu ilə bağlı heç bir müddəanın yer almaması ilə status məsələsi də artıq Azərbaycan, Rusiya və Ermənistanın müzakirə gündəliyindən çıxarıldı və bununla Azərbaycan dövlətinin qətiyyətli mövqeyi sənəddə bir daha öz əksini tapmış oldu.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024