Mobil versiya
Yeni Konstitusiyanın qəbulu davamlı inkişafın əsasını qoydu
Tarix: 12-11-2021 | Saat: 16:57
Bölmə:Media | çapa göndər

Yeni Konstitusiyanın qəbulu davamlı inkişafın əsasını qoydu


12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür. Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, onun SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunub. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti isə dövlətin əsas qanununu qəbul edə bilməyib.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır.

1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.

Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdu.

Ötən illər ərzində ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasında bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Azərbaycan Respublikasının Konstitusiya Günü bu il daha fərqli əhval-ruhiyyədə qeyd olunur. Çünki ötən il Müzəffər Azərbaycan Ordusu döyüş meydanında tarix yazaraq öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşərək tarixi ədalətsizliyə son qoyub. Odur ki, bu il Azərbaycan xalqı üçün hər bir özəl günün anlamı ikiqat dəyər daşıyır.

Güntəkin Məmmədova
147 saylı texniki-humanitar liseyin tarix müəllimi,
Prezident mükafatçısı, Qabaqcıl təhsil işçisi .
Xətai rayonu
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025