Mobil versiya
Deputat: Üçtərəfli Bəyanatla regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb
Tarix: 07-11-2021 | Saat: 10:26
Bölmə:Gündəm | çapa göndər

Deputat: Üçtərəfli Bəyanatla regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb

Keçən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Həmin gün Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək, bu barədə məlumat verdi. Döyüşlərin ilk günü Murovdağ və Ağdərə istiqamətlərində strateji yüksəkliklər və bir sıra kəndlər işğaldan azad olundu. Vətən müharibəsinin 44 günü ərzində rəşadətli Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi erməni işğalçılarından təmizlədi.

Bu savaşda Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olacağını anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən üçtərəfli Bəyanat imzalandı. Bununla da 30 ildən artıq davam edən münaqişəyə, torpaqlarımızın işğalına son qoyuldu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatı şərtləndirildi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarıldı.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Rəşad Mahmudov deyib: “Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan bu qalibiyyət sənədi ölkəmizin maraqlarına tam uyğun hazırlanmışdı. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub, çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdu. Üçtərəfli Bəyanatda Qarabağa status verilməsi nəzərdə tutulmamışdı. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi tarix səhifəsindən silinmişdi.

Bu, Azərbaycanın döyüş meydanında qazandığı qələbələrin siyasi müstəvidə də gerçəkləşməsi demək idi. Bu, ölkəmizin həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail olmasının təsdiqi idi”.

Rəşad Mahmudov bildirib ki, üçtərəfli Bəyanatın birinci maddəsində Azərbaycanla Ermənistanın savaşın dayandırıldığı mövqelərdə qalması birbaşa xalqımızın xeyrinə idi. Çünki işğalçı bu müharibədə hər hansı bir uğur əldə etməmişdi.

Bəyanat, eyni zamanda, ölkəmizin şərtsiz hərbi üstünlüyünü təsdiq edirdi. Elə buna görədir ki, Azərbaycanın Vətən müharibəsində apardığı hərbi əməliyyatlar hazırda həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən diqqətlə nəzərdən keçirilir.

Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq etməklə, ən müasir silahlardan yararlanıb minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını sıradan çıxarmaqla, canlı qüvvəsinə ciddi zərbə vurmaqla bu marağı yaradıb.

Rəşad Mahmudov qeyd edib ki, üçtərəfli Bəyanatın ən mühüm cəhətlərindən biri də odur ki, bu sənədlə müharibədən sonra yaradılmış yeni reallığın hüquqi və siyasi bünövrəsi təsdiq edildi. Belə ki, Bəyanat Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını şərtləndirdi: “Respublikamızdan onun ayrılmaz bir hissəsi olan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə kimi dəyərləndirilir. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyinin Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunacağı nəzərdə tutulur. Bu isə onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. İşğaldan azad olunan respublikamızın ərazisindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin etdiyi halda, Ermənistan öz ərazisində belə nəyə isə təminat vermək iqtidarında deyil”.

Milli Məclisin deputatı söhbətinin sonunda qeyd edib ki, bu Bəyanat həm də ona görə mühüm önəm daşıyır ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərlə formalaşan mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və ölkəmizin ərazi bütövlüyünü gerçəkləşdirdi. Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi.

İkinci Qarabağ savaşında əldə edilən Qələbə, eyni zamanda, azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya Azərbaycanın məğlubiyyətlə barışmaz olduğunu, amal və məqsədinə qovuşmaq üçün heç nədən çəkinmədiyini gördü.

Nəhayət, üçtərəfli Bəyanatla “Böyük Ermənistan” planı fiaskoya uğradı. Otuz il danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, “Dağlıq Qarabağ”ın statusunun müəyyənləşdirilməsi məsələsi arxivə atıldı. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2025