Mobil versiya
Fuad Bədəlov: “10 noyabr Bəyanatında öz əksini tapmış ən mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır”
Tarix: 06-11-2021 | Saat: 11:12
Bölmə:Seçki 2024 | çapa göndər

Fuad Bədəlov: “10 noyabr Bəyanatında öz əksini tapmış ən mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır”

“Şanlı Ordumuzun zəfər yürüşü nəticəsində imzalanan 10 noyabr Üçtərəfli Bəyanatı Azərbaycanın maraqlarına tam uyğun hazırlanıb və Cənubi Qafqazda yaranmış yeni reallıqların bütün təzahürləri bu sənəddə öz əksini tapıb. İmzalanmış Bəyanata əsasən Ali Baş Komandan cənab İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq öhdəliyini üzərinə götürdü və buna əməl etmək məcburiyyətində qaldı. Üçtərəfli Bəyanatın imzalanmasının ən önəmli cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması oldu.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Qubadlı rayon Təhsil Şöbəsinin müdiri, YAP Qubadlı rayon təşkilatının İdarə Heyətinin üzvü Fuad Bədəlov deyib.

Hakim partiya təmsilçisi 10 noyabr Bəyanatının Ermənistanın kapitulyasiya aktı olduğunu vurğulayaraq bunları deyib: “27 sentyabr 2020-ci il tarixdə Zəfər yürüşünə başlayan Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi tarixi Qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Hərbi əməliyyatlara başlanmasından cəmi 44 gün sonra, noyabr ayının 10-da imzalanmış Üçtərəfli Bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində tamamilə Azərbaycanın maraqlarına cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Azərbaycan Ordusu 5 ilə işğal edilmiş və 30 il ərzində çoxsaylı istehkamlarla möhkəmləndirilmiş əraziləri cəmi 44 günlük hərbi əməliyyatlar nəticəsində azad etdi. 30 il ərzində ermənilər gec-tez hücuma keçəcəyinə əmin olduqları Azərbaycan Ordusunun qarşısını almaq üçün üç, dörd, hətta beş səviyyəli hərbi-mühəndis istehkamları qurdular, uzunmüddətli avtonom atəş nöqtələri, mina sahələri yaratdılar. Lakin bütün bunların heç bir nəticəsi olmadı. Azərbaycan Ordusu artıq yeni taktikaya, yeni silahlara və ən müasir texnologiyalara sahib olan bir orduya çevrilmişdi. Qısa müddət ərzində erməni hərbi birləşmələri hətta silah-sursatlarını, hərbi texnikalarını belə qoyaraq qaçmağa başladılar. Ali Baş Komandan cənab İlham Əliyevin tətbiq etdiyi müasir döyüş strategiyası düşmənə qaçmaq və ya təslim olmaqdan başqa heç bir şans buraxmadı.”

Daha sonra Fuad Bədəlov Vətən müharibəsinin ən mühüm nəticələrindən biri kimi Cənubi Qafqazda yaranmış yeni reallıqların əhəmiyyətini vurğulayaraq bildirib ki, Üçtərəfli Bəyanatda öz əksini tapmış ən mühüm məqamlardan biri də Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında quru yolla kommunikasiyalarının yaradılmasıdır: “Heç şübhəsiz Üçtərəfli Bəyanatda öz əksini tapmış ən mühüm məqamlardan biri Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında avtomobil və dəmiryolu kommunikasiyalarının yaradılması oldu. Bəyanatda bildirilir ki, köhnə kommunikasiyaların, yolların açılması ilə yanaşı eyni zamanda burada yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və artıq bu istiqamətdə də işlər görülür. Qeyd etmək lazımdır ki, bu bənd birbaşa Prezident İlham Əliyevin təkidilə bu bəyanata salındı. Çünki birbaşa münaqişə ilə bu bəndin heç bir əlaqəsi yox idi. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, bu gün Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaranıb. Əlbəttə ki, bu reallıqların müəllifi Vətən müharibəsində tarixi Qələbə qazanan Azərbaycandır. Məhz bu səbəbdən də regional inkişaf və əməkdaşlıq perspektivləri mövzusunda aparılan müzakirələrdə ölkəmiz əsas kilid nöqtəsi kimi çıxış edir. Möhtərəm dövlət başçımızın vurğuladığı kimi, yeni vəziyyət yeni yanaşmaları tələb edir. Dünya ictimaiyyəti, regionda maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar da artıq belə bir həqiqəti qəbul edirlər ki, Cənubi Qafqazda sülh və əmin-amanlığın təmini, transmilli enerji və logistik layihələrin reallaşması yalnız Azərbaycanın iştirakı ilə mümkündür.”

Sonda hakim partiya təmsilçisi Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq əlaqələrindən danışaraq bunları deyib: “Əlbəttə ki, Vətən müharibəsini təhlil edərkən Qardaş Türkiyənin qəti mövqeyi xüsusi vurğulanmalıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Bu gün isə ölkəmiz işğaldan azad edilmiş ərazilərdə böyük vüsətlə bərpa-quruculuq işlərini həyata keçirir. Təbii ki, bu işlərdə də qardaş Türkiyənin rolu böyükdür. İstər regional, istərsə də dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı getdikcə daha önəmli amilə çevrilir. Artıq ölkələrimiz arasında siyasi, hərbi-texniki və iqtisadi sahələrdə hərtərəfli əməkdaşlığın yeni formatı yaradılır. İyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik Bəyannaməsi də iki qardaş ölkə arasında ümumi siyasi, iqtisadi, hərbi-siyasi məkanının yaradılmasını nəzərdə tutur. Müttəfiqlik Bəyannaməsi iki qardaş ölkə arasında əlaqələrin strateji müttəfiqlik konsepsiyasına çevrilməsini təsdiq edən bir tarixi sənəd oldu. Artıq Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Belə ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Prezident İlham Əliyevin dediyi kimi, bu, tarixi nailiyyətdir. Artıq bütün dünya bilməlidir ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq, bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024