Mobil versiya
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib -Foto
Tarix: 20-05-2025 | Saat: 17:05
Bölmə:Siyasət / Parlament | çapa göndər

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib

Mayın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. İclası açan komitə sədri Əli Hüseynli gündəliyə 7 məsələnin daxil edildiyini söyləyib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İlk öncə “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunub.

Məsələ ilə bağlı ədliyyə nazirinin müavini Toğrul Hüseynov məlumat verib. Bildirilib ki, təqdim olunan qanun layihəsinin əsas mahiyyəti ədliyyə orqanlarının xüsusi xəzinə hesabının yaradılmasından ibarətdir. Məlumat verilib ki, bu hesabın yaradılmasında məqsəd nazirliyin hesabına daxil olan maliyyə vəsaitlərinin vahid hesaba cəmlənməsi, həmin vəsaitlər hesabına ədliyyə orqanlarında çalışan əməkdaşların maddi təminatının və sosial müdafiəsinin gücləndirilməsi, eləcə də nazirliyin elmi-texniki potensialının artırılmasıdır.
Milli Məclis Aparatının  Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kəmalə Paşayeva gündəliyin ikinci məsələsi - Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində,“Notariat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib. Məlumat verilib ki, qanun layihəsi mirasın qəbulu institutunun tələblərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Bildirilib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə mirasın qəbuluna dair xüsusi qəbul müddəti şərtini müəyyən edən Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilib. Bu qərar vətəndaşların mülkiyyət hüququnun daha aydın və təminatlı şəkildə qorunmasına xidmət edir. Məlumat verilib ki, qəbul edilən qərar miras hüququ sahəsindəki hüquqi qeyri-müəyyənliklərin aradan qaldırılmasını və hüquqi münasibətlərin daha stabil şəkildə tənzimlənməsini hədəfləyir.
Milli Məclis Aparatının  Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Fərid Əhmədov gündəliyin üçüncü məsələsi- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib. Təqdim olunan qanun layihəsinin inzibati xətalarla bağlı protokolların və qərarların mərkəzləşdirilmiş qaydada qeydiyyatını və izlənilməsini təmin edəcək. Məlumat verilib ki, layihəyə təklif olunan dəyişikliklərə əsasən, inzibati xətalarla bağlı protokolların və qərarların mərkəzləşdirilmiş qaydada uçotu və izlənilməsi məqsədilə “İCMAL” adlı informasiya sisteminin yaradılması nəzərdə tutulur. Bildirilib ki, bu sistem real vaxt rejimində işləyəcək, protokollara və qərarlara unikal nömrələr veriləcək və cərimələrin ödənilməsinə dair məlumatların düzgünlüyünə nəzarət imkanı yaradacaq.

Daha sonra gündəliyin digər 4 məsələsi – “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (ikinci oxunuş), “ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” (ikinci oxunuş), “ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (ikinci oxunuş) qanun layihələri müzakirə edilib.
Qanun layihələrinin müzakirəsində İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev çıxış edərək təkliflərini irəli sürüblər.
İclasda təqdim edilən qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Əminə Ağazadə, Kamran Bayramov, Kamal Cəfərov, Sabir Hacıyev, Nurlan Həsənov, Fəzail İbrahimli, Azay Quliyev, Mübariz Qurbanlı, Bəhruz Məhərrəmov, Nizami Səfərov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəisi Vidadi Məmmədov, Probasiya Xidmətinin rəisi Vüqar Ağayev, İcra Xidmətinin rəis müavini Yaqub Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2025