Mobil versiya
LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tarix: 05-11-2021 | Saat: 17:06
Bölmə:Təhsil | çapa göndər

LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirildi.

8 noyabr 2021-ci il tarixində Kollecin akt zalında “Zəfər Günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Kollec əməkdaşlarından şəhid ailə üzvləri, müharibə iştirakçısı və qazi tələbələri də iştirak edirdilər. İştirakçılar ilk öncə Kollecin foyesində “Zəfər Günü”nə həsr edilmiş sərgiyə və stendlərə baxış keçirdilər. Kollecin akt zalında baş tutan tədbiri direktor Ruslan Həmidov açaraq şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etdi. Ruslan müəllim çıxışında bildirdi ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. 

Sonra məruzə üçün söz Kollecin “Aqrar və texnoloji” şöbəsinin müdiri Dəyanət Əsgərova verildi. Məruzəçi bildirdi ki,  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi. Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər.

Daha sonra çıxış üçün söz Kollecin “Muhasibat uçotu” ixtisasının II kurs tələbəsi, Şəhid Elməddin Məmmədlinin qardaşı Əkbər Məmmədliyə verildi. Əkbər çıxışında qeyd etdi ki, şəhid qardaşımda daxil olmaqla Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük  sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu. Azərbaycanın apardığı müharibə ədalətli və  müqəddəs Vətən müharibəsi idi. Eyni zamanda bu savaş  şərlə xeyir qüvvələrinin mübarizəsinin məntiqi yekunu idi.  Ordumuzun əks-hücum əməliyyatları  zamanı döyüş taktikası ilk gündən hərb tarixi üzrə tanınmış mütəxəssislərin və  ekspertlərin diqqətini cəlb etdi. Silahlı Qüvvələrimiz döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Dünyanın 50 ən güclü silahlı qüvvəsi sırasında yer alan Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən, sarsıdıcı zərbələr altında geri çəkilən işğalçı Ermənistanın silahlı birləşmələri yenə də öz çirkin ənənələrinə sadiq qalaraq müharibə cinayətləri törətməkdən çəkinmədilər. Erməni faşistləri beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, mülki əhalini və infrastrukturu hədəfə alıb qadağan edilmiş kütləvi qırğın silahlarından istifadə etdilər. Cəbhədən kənarda yerləşən Gəncə, Mingəçevir, Yevlax, Daşkəsən, Xızı və Siyəzəni, cəbhəyanı Tərtər, Bərdə, Goranboy, Beyləqan və Ağcabədini müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində  azyaşlı uşaqlar, məktəbli yeniyetmələr daxil olmaqla  yüzdən çox dinc sakinimiz erməni terrorunun qurbanı oldular. Bu hərbi cinayətlər və terror aktları Azərbaycan xalqının məğrurluğunu və iradəsini qıra bilmədi. Qəlbində Vətən sevgisi yaşadan igidlərimiz   mənfur düşmənin layiqli cavabını verdilər. “Zəfər Günü” ilə bağlı Kollecin bir qrup müəlliminə Dəyanət Əskərov, Nubar Axundzadə və Günay Nəhmətliyə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olundu. Tədbirin sonunda Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli Azərbaycan ordusunun keçdiyi döyüş yolundan bəhs edən videorolik tamaşa olundu.

Cəmil Quliyev
Kollecin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024