Mobil versiya
Zöhrab Salayev: “Biz bu tarixi Qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı nəticəsində qazandıq”
Tarix: 04-11-2021 | Saat: 15:28
Bölmə:Seçki 2024 | çapa göndər

Zöhrab Salayev: “Biz bu tarixi Qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı nəticəsində qazandıq”

“44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Biz bu tarixi Qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə bu 44 günlük qəhrəmanlıq salnaməsi tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.”

Bu sözləri Azərbaycanın tarixi Zəfərlə başa çatdırdığı Vətən müharibəsinin bitməsinin 1 illiyi ilə bağlı saytımıza verdiyi müsahibəsində Lerik Rayon Təhsil Şöbəsinin müdiri, YAP Lerik rayon təşkilatı Ağsaqqallar Şurasının üzvü Zöhrab Salayev deyib.

Hakim partiyanın təmsilçisi ilk növbədə belə bir məqamı vurğulayıb ki, əldə olunmuş tarixi Qələbə Azərbaycan Prezidentinin güclü iradəsinin, xalqımızın böyük əzminin və ordumuzun qüdrətinin nəticəsidir: “Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu növbəti erməni təxribatına cavab olaraq hərbi əməliyyatlara başladı və bununla da özünün tarixi Zəfər yoluna qədəm qoydu. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Qısa müddət ərzində əldə olunmuş tarixi Qələbə möhtərəm Prezidentimizin güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Savaş meydanında əldə olunmuş qələbədən sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, indiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə və ən əsası da bunu bizə qəbul etdirməyə çalışırdılar. Lakin Azərbaycan Prezidenti hər zaman deyirdi ki, alternativ var və bu, torpaqların müharibə yolu ilə azad edilməsidir. 44 günlük Vətən müharibəsinin nəticələri dövlət başçımızn haqlı olduğunu bütün dünyaya göstərdi.”

Daha sonra Zöhrab Salayev bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin vüsəti bütün dünyaya xalqımızın yaradıcı ruhunu nümayiş etdirir və eyni zamanda da həmin torpaqlarda işğal dövründə törədilmiş vandalizminin nəticələri erməni faşizminin əsl simasını bir daha ifşa edir: “Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və ölkəmizin regionda oynadığı aparıcı roldur. Qeyd olunmalıdır ki, bu gün Azərbaycanda davam edən, o cümlədən artıq işğaldan azad edilmiş ərazilərimizi də əhatə edən quruculuq işləri son illər Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilmiş önəmli islahatlar sayəsində daha da intensivləşmiş və onların səmərəliliyi daha da artmışdır. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin birbaşa dövlətin xüsusi nəzarəti altında həyata keçirildiyini təsdiqləyən ən önəmli məqamlardan biri budur ki, həmin torpaqlarda möhtərəm dövlət başçımız şəxsən özü müqəddəs üçrəngli bayrağımızı qaldırır və tikiləcək ən əhəmiyyətli infrastruktur obyektlərinin təməlini şəxsən özü qoyur. O cümlədən Zəfər günü elan olunmuş 8 noyabrda işğaldan azad edilmiş Şuşanın bərpası işləri istiqamətində ötən bir il ərzində böyük işlər görülmüşdür. Məlumdur ki, erməni vandalları Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etdikdən sonra tarixi, mədəni abidələrimizi dağıdıb, görkəmli şəxsiyyətlərin ev muzeylərini qarət ediblər. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var idi. Dinc sakinlərə qarşı əsl soyqırımlar törətməklə kifayətlənməyən bu vəhşilər büstləri də güllələmişdilər. Sonradan həmin büstlər Ulu Öndər Heydər Əliyevin səyləri ilə ermənilərdən pulla alınaraq Bakıya gətirilmişdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenidən Şuşaya qaytarılacaq və öz əvvəlki yerlərinə qoyulacaq. Artıq bir ildir ki, dövlətimizin başçısının bu sözləri də öz təsdiqini tapıb. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Həmçinin Şuşada “Xarıbülbül” festivalı bərpa edildi, Vaqif Poeziya Günləri bərpa edildi və hal-hazlrda dövlətimiz tərəfindən Şuşa sakinlərinin öz şəhərlərinə qayıtmaları üçün zəruri tədbirlər həyata keçirilir. Sadalanan faktlar bir daha bütün dünyaya xalqımızın yaradıcı ruhunu və eyni zamanda da erməni faşizminin əsl simasını nümayiş etdirir.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024