Mobil versiya
Hafiz Kərimov: “Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin ən parlaq nöqtəsidir”
Tarix: 04-11-2021 | Saat: 10:30
Bölmə:Seçki 2024 | çapa göndər

Hafiz Kərimov: “Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin ən parlaq nöqtəsidir”

“Əslində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba yurdlarından, Azərbaycanın tarixi torpaqları olan Zəngəzur, Göyçə, İrəvan mahalından didərgin salındılar. 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti torpaqlarımızın zəbt olunmasına gətirib çıxardı. Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında qaldı. Beynəlxalq təşkilatların uzun illər ərzində yürütdükləri ikili standartlar siyasəti buna səbəb olmuşdu ki, erməni təcavüskarları özlərinin istənilən halda cəzasız qalacaqlarına artıq tam əmin olmuşdular. Bütün bu illər ərzində havadarlarından hər cür dəstək alan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə vaxtında yetişəcəklər. Məhz bu güman, daha doğrusu bu əminlik erməniləri ölkəmizə qarşı artıq yeni ərazi iddiaları ilə çıxış etməyə sövq edirdi. Lakin 44 günlük Vətən müharibəsi Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti sayəsində ermənilərin və havadarlarının bölgədəki siyasətinin tam iflası ilə nəticələndi.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov deyib.

Müsahibimiz hərbi əməliyyatların çox qısa müddətdə başa çatması faktının Silahlı Qüvvələrimizin güc və peşəkarlıq göstəricilərindən biri olduğunu vurğulayaraq bunları deyib: “Azərbaycan Ordusu 5 ilə işğal edilmiş və 30 il ərzində çoxsaylı istehkamlarla möhkəmləndirilmiş əraziləri cəmi 44 günlük hərbi əməliyyatlar nəticəsində azad etdi. Bu, həqiqətən də qeyri-mümkün bir işin mümkün edilməsidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Ordusu zəif, vahid komandanlığı, müasir silahları, hətta yetərincə silahları, kifayət qədər peşəkar komandır kadrları olmayan bir ordu idi. Ermənistan isə bir çox xarici dövlətlərdən hər cür dəstək alırdı. Bununla belə erməni ordusu yenə də torpaqlarımızın işğalını istədiyi sürətlə həyata keçirə bilmirdi. Çünki Azərbaycan xalqının əzmkarlığı, fədakarlığı bütün dövrlərdə olub və olacaq. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə vəziyyət sürətlə dəyişməyə başladı. Qısa müddət ərzində vahid komandanlığa əsaslanan ordu yaradıldı. Bu ordu artıq 1994-cü ilin əvvəllərində Murov dağı və Füzuli rayonu istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirdi, işğal olunmuş ərazilərimizin bir qismini azad etdi. Lakin erməni qəsbkarları hər halda torpaqlarımızın 20%-ni 30 il işğal altında saxladılar. Bütün bu illər ərzində onlar gec-tez hücuma keçəcəyinə əmin olduqları Azərbaycan Ordusunun qarşısını almaq üçün üç, dörd, hətta beş səviyyəli hərbi-mühəndis istehkamları qurdular, uzunmüddətli avtonom atəş nöqtələri, mina sahələri yaratdılar. Lakin bütün bunların heç bir nəticəsi olmadı. Azərbaycan Ordusu artıq yeni taktikaya, yeni silahlara və ən müasir texnologiyalara sahib olan bir orduya çevrilmişdi. Qısa müddət ərzində erməni hərbi birləşmələri hətta silah-sursatlarını, hərbi texnikalarını belə qoyaraq qaçmağa başladılar. Ordumuzun gözlənilməz manevrləri, artilleriya və PUA-ların dəqiq zərbələri ilə düşmənin zirehli texnikası və ağır artilleriya qurğuları tez bir zamanda məhv edilir, döyüşlərin gedişinə təsir etmək imkanını itirirdi. Bir sözlə, Ali Baş Komandan cənab İlham Əliyevin tətbiq etdiyi müasir döyüş strategiyası düşmənə qaçmaq və ya təslim olmaqdan başqa heç bir şans buraxmadı.”

Öz müsahibəsində Hafiz Kərimov həmçinin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin ən parlaq nöqtəsinin məhz Şuşanın işğaldan azad edilməsi gününün olduğunu qeyd edib: “2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Əslində tamamilə Azərbaycanın maraqlarına cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Biz onu məcbur etdik.

Əlbəttə ki, bu bəyanatın imzalanmasının əsas səbəblərindən biri də noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Müzəffər Ordumuz Şuşanı azad etdikdən sonra Erməni tərəfi artıq bütün xülyalarının puç olduğunu daha aydın şəkildə dərk etdi. Bundan dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsinin və strateji əhəmiyyətli yüksəkliklərin ildırım sürətilə azad edilməsi isə düşmənin həm fiziki, həm də mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu. Artıq vəziyyət elə bir həddə çatmışdı ki, bir çox erməni hərbi ekspertləri müxtəlif xarici informasiya agentliklərinə verdikləri açıqlamalarında hərbi əməliyyatların Ermənistan ərazisinə keçə biləcəyindən qorxduqlarını açıq etiraf edirdilər. Üçtərəfli bəyanatın daha bir önəmi də bundan ibarət oldu ki, bu sənəd digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən özümüzə qaytarmağa imkan verdi. Bu isə bir daha Ölkə Prezidenti cənab İlham Əliyevin insanlarımızın, əsgərlərimizin həyatını hər şeydən daha üstün tutduğunu aydın şəkildə göstərdi. Eyni zamanda da cənab Ali Baş Komandan bu sənədi imzalamaqla erməni xalqına daha bir şans – övladlarını hədər yerə qırğına göndərmək məcburiyyətindən qurtulmaq imkanı vermiş oldu. Bununla da möhtərəm dövlət başçımız bütün dünyaya əsil humanistlik nümunəsi göstərdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin möhtəşəm qələbəmizlə başa çatması münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində çox gözəl demişdir: “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!””

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024