Mobil versiya
AzMİU – universitetdə təhsilin keyfiyyətinin artırılması istiqamətində aparılan islahatlar yüksək qiymətləndirilir
Tarix: 03-11-2021 | Saat: 10:49
Bölmə:Manşet / Təhsil | çapa göndər

AzMİU – universitetdə təhsilin keyfiyyətinin artırılması istiqamətində aparılan islahatlar yüksək qiymətləndirilir

Təhsil hər bir dövlətin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Aydındır ki, bu gün Azərbaycan təhsilinin müasir beynəlxalq standartlara uyğun inkişafını təmin etmək baxımından ölkənin ali təhsil müəssisələrinin üzərinə çox şərəfli və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələrin həyata keçirilməsi istiqamətində effektiv fəaliyyətilə seçilən ali təhsil ocaqlarının sırasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əhəmiyyətli yeri və rolu vardır. Ölkəmizdə inşaat sektorunda çalışan ali təhsilli mühəndis kadrlarının hazırlanması da ilk növbədə məhz Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən həyata keçirilir. Birmənalı olaraq deyə bilərik ki, bu ali təhsil müəssisəsinin məzunları olan yüksək ixtisaslı peşəkar inşaat mühəndisləri bu gün ölkənin bir çox nəhəng tikinti meydançalarında dövlət və özəl sifarişlərinin icrasında uğurla çalışırlar. Əsası 1975-ci ildə qoyulmuş İnşaat Mühəndisləri İnstitutu 1992-ci ildən Universitet statusu almışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır. Elə həmin ildə də memarlıq doktoru, professor, Əməkdar memar Gülçöhrə Hüseyn qızı Məmmədova Universitetin rektoru təyin olunmuşdur.

Müasir dövrdə vətəndaş cəmiyyəti quruculuğunda sürətlə inkişaf edən elmi-texniki tərəqqi, informasiyanın sürətli artımı və yeniləşməsi təhsil prosesinin də təkmilləşməsini və dinamik inkişafını zəruri edir. Dövlətimizə, cəmiyyətimizə və ümumiyyətlə, tariximizə bələd olan, yeni düşüncəyə malik gənclər yetişdirmək, onlara bilik və bacarıq vermək, millətimizin adət-ənənələrinə və maddi-mənəvi dəyərlərinə qiymət verən və onları gələcək nəsillərə ötürə bilən yüksək ixtisaslı inşaatçı kadrlar hazırlamaq Azərbaycan Memarlıq və İnşaat Universitetinin üzərinə düşən tarixi vəzifədir.

Tələbələrin keyfiyyətli təhsil almaları üçün universitetdə hər bir şərait yaradılıb

Bu gün AzMİU-da mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı Azərbaycan Respublikası Konstitusiyası, Təhsil Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin fərman və sərəncamları, Təhsil sahəsində İslahat Proqramına və digər normativ-hüquqi sənədlər əsasında həyata keçirilir. Universitetdə ali təhsilin hər üç səviyyəsində — bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığının Avropa kredit transfer sisteminə uyğunluğu tam təmin edilib. İxtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil standartlarına uyğun hazırlanmış və rektor tərəfindən təsdiq edilmiş tədris planları əsasında həyata keçirilir. Rektor Gülçöhrə xanım Məmmədovanın özünün də dediyi kimi, burada tələbələr yalnız təhsil almır, eyni zamanda sevdikləri yaradıcı işlə məşğul olurlar. Onlara öz bacarıqlarını realizə etmək üçün hər bir şərait yaradılıb. Beynəlxalq müsabiqələrdə, vorkşoplarda iştirak etməklə, tələbələrə özünə güvən hissi aşılanır, rəqabətə davam gətirməyin yolları öyrədilir. Universitetin tələbələri istər universitet daxilində zəruri texniki vasitələrlə təchiz olunmuş ixtisas laboratoriyalarında, istərsə də birbaşa inşaat meydançalarında iş prosesi ilə tanış olurlar. Bu məqsədlərə nail olmaq üçün AzMİU bu gün ən yüksək tələblərə cavab verən maddi-texniki bazaya malikdir. Universitetdə bütün auditoriya, məşğələ otaqları və laboratoriyalar tələb olunan ən müasir avadanlıq və texniki vasitələrlə təchiz olunub. Xüsusi olaraq vurğulamaq istədiyimiz daha bir məqam isə ölkənin digər şəhər və rayonlarından olan tələbələrin rahatlığının təmin edilməsi ilə bağlıdır. Bu məqsədlə AzMİU-nun nəzdində müasir tipli yataqxana tələbələrin istifadəsindədir. Tələbə yataqxanası 9 mərtəbəli, 1 girişli binadan ibarətdir. Hər mərtəbəsində 14 otaq və bir ümumi mətbəx mövcuddur. Otaqlarda çarpayı, stol-stul dəsti, dolablar və digər məişət avadanlıqları mövcuddur. Hər otaqda 3 nəfər olmaqla, ümumilikdə yataqxanada 252 nəfər tələbənin yerləşməsi imkanı vardır. Sanitar qovşaqları otaqların içərisindədir. Yataqxanada təhlükəsizlik tədbirləri xüsusi diqqət mərkəzindədir. Bu məqsədlə quraşdırılmış müşahidə kameraları 7/24 rejimində işləyirlər.

Rəqəmsal transormasiyanın idarə olunması imkanları inkişaf etdirilir

Azərbaycan Memarlıq və İnşaat Universiteti bir çox beynəlxalq layihələrin fəal iştirakçısıdır. Bir neçə gün bundan öncə AzMİU-nun ev sahibliyi ilə tərəfdaşı olduğu, Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən WORK4CE layihəsinin monitorinqi keçirilib. Monitorinq Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov və tərəfdaş universitetlərdən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyasının nümayəndə heyətinin iştirakı ilə baş tutub. Qeyd edək ki, AzMİU Avropa Birliyi tərəfindən maliyyələşdirilən WORK4CE — «XXI əsrdə sağlam və təhlükəsiz iş mühiti üçün domenlərarası kompitensiyalar» layihəsinə 2020-ci ildən qoşulub. 2023-cü ilə qədər davam edəcək layihənin tərəfdaşları Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır. Layihənin məqsədi mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transormasiyanın idarə olunması üçün yeni iş ilə əlaqəli imkanları inkişaf etdirməkdir. Bu yanaşma tərəfdaş ölkələrdəki universitet və sənaye arasındakı boşluğun aradan qaldırılmasını nəzərdə tutur.

AzMİU-da növbəti Beynəlxalq elmi-praktik konfrans

Oktyabr ayının 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin bilavasitə təşkilatçılığı ilə «Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC 2021» mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransın plenar iclasında yerli universitet və təşkilatlarla bərabər, 8 xarici ölkənin, o cümlədən Türkiyə, Danimarka, İspaniya, Norveç, Almaniya, Ukrayna, Belorus və Gürcüstanın dünyada tanınmış elm adamları da qoşulublar. Konfransa Türkiyənin Qazi Universitetinin professoru M. Cengiz Taplamaçıoglu aparıcılıq edib. Konfransı giriş sözü ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq, müzakirə olunacaq məsələlərin bəşəriyyəti narahat edən əsas problemlərdən biri olduğunu, xüsusən bizim respublikamız üçün böyük önəm daşıdığını vurğulayıb. Rektor qeyd edib ki, cənab prezident İlham Əliyevin dəmir iradəsi, səhidlərimizin qanı bahasına, qazilərimizin şücaəti hesabına 30 illik əsarətdən xilas olan Qarabağda inşa ediləcək «ağıllı» kəndlərin və qəsəbələrin tikintisində qeyd olunan texnologiyalardan istifadə etmək üçün zəmin yaranıb. Plenar iclasda ağıllı şəhərlər, enerji səmərəliliyi, «yaşıl» və innovativ texnologiyalara aid məruzələr dinlənilib. Məruzələr konfransda iştirak edənlərin böyük marağına səbəb olub, mövzular ətrafında geniş müzakirələr aparılıb.

AzMİU «Times Higher Education Impact Rankings 2021» reytinq cədvəlində

Bu yaxınlarda Böyük Britaniyanın «The Times Higher Education» nəşri dünyanın ən nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini (Impact Rankings -2021) tərtib edib. Impact Rankings Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəlidir. Bu il Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilk dəfədir THE Impact Ranking sisteminə daxil olub. AzMİU-nun bu reytinq cədvəlinə daxil olması özlüyündə böyük nəaliyyətdir. Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanaqlı İnkişaf Məqsədləri (SDG) üzrə ölçən bu reytinqdə AzMİU dünya universitetləri arasında 801+ yer alıb. Qeyd edək ki, reytinq sisteminə 98 ölkədən və reqionlardan 1240 universitet daxil edilmişdir. Siyahıya İngiltərənin Mançester Universiteti rəhbərlik edir.

Sonda bir məqamı da qeyd etmək istərdik ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova 21 aprel 2006-cı ildə «Azərbaycan Respublikası Əməkdar memarı» fəxri adına layiq görülmüş, 11 aprel 2013-cü ildə «Şöhrət» ordeni və 14 iyun 2016-cı ildə isə «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilmişdir. Bu təltif və mükafatlar da deməyə əsas verir ki, universitetdə təhsilin keyfiyyətinin və elmi araşdırmaların səmərəliliyinin artırılması istiqamətində rektorluq tərəfindən aparılan islahatlar, əməkdaşlarının sosial rifah halının yaxşılaşdırılması üçün görülən tədbirlər və ümumilikdə AzMİU-nun fəaliyyəti hər zaman ölkə ictimaiyyəti və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

P. S. Təəssüflər olsun ki, bütün bu görülən işlərə rəğmən bu gün bəzi saytlarda AzMİU-da gedən prosesləri təhrif edən, özündə heç bir həqiqəti əks etdirməyən qərəzli yazılara rast gəlinir. Maraqlıdır ki, bəzi hallarda belə yazıların müəllifləri özlərini universitetin şikayətçi tələbəsi kimi təqdim etmək istəsələr də, əslində bu ali təhsil müəssisəsinin adını belə düzgün yazmırlar. Bu səbəbdən həmkarlarımıza tövsiyyə edərdik ki, belə əsassız və yalan informasiya əks olunan materialları öz saytlarında dərc etməkdən çəkinsinlər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024