Mobil versiya
Dəliyəm
Tarix: 07-10-2021 | Saat: 17:47
Bölmə:Yazar4 | çapa göndər

Dəliyəm

YAP-ın üzvü AYB -inin üzvü, AJB-inin üzvü, Prezident mükafatçısı, Cəsarətli qələm mükafatçısı nəğməkar şair Fuad Biləsuvarlının şeirlərini təqdim edir.

Dəliyəm

Sən hələ körpəsən, noğulsuzsan de,
Atasız böyüyən, nağılsızsan de.
Mənə havalı de, ağılsızsan de,
Ağlımı başından aldın dəliyəm.

İnsafsız doğuldun ay gözəl sən də,
Acı bibər kimi söz dedin gündə.
Bəli günahların hamısı məndə,
Dost-tanışdan dala qaldım dəliyəm.

Nə dedim, söylədim dəm vurdum düzdən,
Həmişə xoş sözlər danışdım sizdən.
Leyli və Məcnunu oxudum təzdən,
Sən Leyli, mən Məcnun oldum dəliyəm.

Düşdüm səhralara yaxamı cırdım,
Əlimə nə keçdi vurdum, sındırdım.
Özümü odlara atdım, yandırdım,
Bilmirdim dedilər bildim dəliyəm.

Sevgi xəstəliyin görəndə yəni,
Başladı bəxtimin ən ağır günü.
Məcnunun nəvəsi saydılar məni,
Öz-özümə güldüm, güldüm dəliyəm.

Eh, məni anlamaz hər yoldan ötən,
Bax, məni anlayar Məcnuntək sevən.
Belə divanəlik edə-edə mən,
Özümü gözlərdən saldım dəliyəm.

Fuadam, həyatım daralan vaxtı,
Qanımın bu qədər qaralan vaxtı.
Acı qismətimdən yorulan vaxtı,
Öldüm bəxtəvərəm, qaldım dəliyəm.

Müəllif: Fuad Biləsuvarlı

Getdim...

Məhəbbətin bir Aydı ki,
Gecələri baxıb getdim.
Ürəyindən bir gözəlin
Çaylar kimi axıb getdim.

Ömrüm-günüm əzab, zülüm!
Qəm paylanır dilim-dilim.
Bir çiçəktək, səni gülüm,
Sinəm üstə taxıb getdim.

Bu məhəbbət – zəhərli ox,
Nə etdimsə qiymətim yox.
Sevincim az, minnətim çox,
Gözlərimi sıxıb getdim.

Ucaldıqca dağ oldum mən,
Dərd üzünə ağ oldum mən.
Yıxılmadım sağ oldum mən,
Sərhədləri yıxıb getdim.

Mən ki, sənsiz qalammıram,
Heç nəfəs də alammıram.
Gördüm yaxşı dolanmıram,
Can evindən çıxıb getdim...

Müəllif: Fuad Biləsuvarlı

Qorxuram dünyanı tərk edəm sənsiz

Açılmaya bilər bu güllü yazım,
Ötməyə də bilər sinəmdə sazım.
Tapmaya da billəm ürəkdə dözüm,
Qorxuram dünyanı tərk edəm sənsiz.

Səninlə yastığa bir baş qoymadan,
Sevgilim, ay gülüm, səndən doymadan.
O könül evində xoşbəxt uymadan,
Qorxuram dünyanı tərk edəm sənsiz...

Əcəl çıxarda da ölmümə fərman,
Bu fəqir ömrümə qalsa da bir an,
Onu bil, deyirəm sənə də, canan,
Qorxuram dünyanı tərk edəm sənsiz!

Müəllif: Fuad Biləsuvarlı

Niyə sevirdin?

Guya istəyirdin ay qız xətrimi,
Məni yox, sən sevdin qızıl vitrini.
Ayaqlar altına atıb qədrimi,
Bilən deyildinsə niyə sevirdin?

Səhv etdim çox sevdim evdə qalanı,
Sevəydim mən gərək səndən cavanı.
Hissimlə oynayıb məntək insana,
Gələn deyildinsə niyə sevirdin?

Dünyamı yandırıb-yaxacaqdınsa,
Əlimi buraxıb qaçacaqdınsa.
Könül, can evimdən gedəcəkdinsə,
Qalan deyildinsə niyə sevirdin?

Hansı ixtiyarla təmiz sevgimi,
Puç edib, aldatdın sənli qəlbimi.
Sevə bilmirdinsə Leylalar kimi,
Sevən deyildinsə niyə sevirdin?

İmkanlı qızısan göyə, Aya da,
Uçarsan, sahibsən qızıl qanada.
Fuadam, məndəki kasıb həyata,
Dözən deyildinsə niyə sevirdin?

Müəllif: Fuad Biləsuvarlı

Heyif!

Məhəbbət arxamda lay divar idi,
Qırıldı təməli, söküldü, heyif!
Bir zaman yollarım düz, hamar idi,
Yoluma daş-kəsək töküldü, heyif!

Bəlkə bilərəkdən belə etdilər,
Yanımdan keçdilər, saymaz ötdülər.
Ağır günlərimdə bir-bir getdilər,
“Dostlarım” kənara çəkildi, heyif!

Gözümə qaranlıq çökülən kimi,
Qamətim əyilib bükülən kimi,
Məhəbbət sarayım sökülən kimi
Yerində dərd evi tikildi, heyif!

Fuadam, ölmüşəm zənn etdi düşmən,
Hücuma keçməyə başladı həmən.
O dedi ki mənəm, bu dedi ki mən,
Yerimə çox gözlər dikildi, heyif!

Müəllif: Fuad Biləsuvarlı

İtmiş vüsalımı tapmadım əfsus

Əlim çatmadı ki, tez dərə bilim,
Vüsal meyvəsindən yeyim bir dilim.
Düşdüm səhralara, çöllərə, gülüm,
İtmiş vüsalımı tapmadım əfsus.

Yollarda axtara - axtara qaldım,
Rastıma çıxandan sorağın aldım.
Yaman bikefləşdim, əhli-dərd oldum,
İtmiş vüsalımı tapmadım əfsus.

Yorulsam da belə zülmünə dözdüm,
Süstləşdim, nə qədər axtarıb, gəzdim.
Kor-peşman yurduma qayıtdım, bezdim,
İtmiş vüsalımı tapmadım əfsus.

Xoşbəxtlik ani hiss qəlbimdə odmuş,
Bir günlük yeməktək ağzımda dadmış.
Vüsal da, arzu da mənə çox yadmış,
İtmiş vüsalımı tapmadım əfsus.

Müəllif: Fuad Biləsuvarlı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024