AZ RU Mobil versiya
Deputat: Prezident İlham Əliyev dünya dövlətlərini "vaksin millətçiliyinə" son qoymağa çağırır
Tarix: 25-09-2021 | Saat: 13:22
Bölmə:Ölkə | çapa göndər

Deputat: Prezident İlham Əliyev dünya dövlətlərini "vaksin millətçiliyinə" son qoymağa çağırır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasındakı tarixi çıxışında bəşəriyyəti narahat edən bir sıra problemlərə toxundu və məsələlərin həlli üçün müxtəlif təkliflər irəli sürdü.

Yeni növ koronavirus (COVID-19) adlı kabus 2 ilə yaxındır ki, Yer kürəsini öz cəngində saxlayır. Bu gün həmin bəladan yeganə çıxış yolu xəstəliyə qarşı hazırlanmış vaksinlərin dünya əhalisi arasında ədalətli bölünməsidir. Təəssüflər olsun ki, bir sıra böyük və inkişaf etmiş dövlətlər bu ədalət prinsipinə riayət etmirlər. Bu cür dövlətlər öz əhalilərinin sayından bir neçə dəfə artıq vaksin sifariş ediblər. Yoxsul və az inkişaf etmiş dövlətlərin əhalisi isə vaksin çatışmazlığından əziyyət çəkir. Beynəlxalq hesabatlara görə istehsal olunmuş peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin və inkişaf etmiş ölkə tərəfindən alınıb, yoxsul ölkələrdə isə əhalinin vaksin olunması 2 faizdən aşağıdır.

Ölkə başçısı sessiyadakı çıxışı zamanı dünya dövlətlərini ədalətsizliyə və "vaksin millətçiliyinə" son qoymağa qətiyyətlə çağırdı.

Bu fikirləri açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.

Parlament üzvü bildirib ki, Azərbaycan dövləti bütün məsələlərdə hər zaman ədalətli mövqedən çıxış edib: "Prezident İlham Əliyevin çıxışı zamanı qeyd etdiyi kimi pandemiya başlanandan Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları dəyərində ianə edib, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib, 4 ölkəyə isə 150 min vaksin göndərib.

Azərbaycan hər zaman koronavirusla mübarizədə daha güclü həmrəyliyin tərəfdarı olub. Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil etmiş və Prezident İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsini təklif edib. Ölkə başçısının bu təşəbbüsü BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənmiş və 2020-ci il dekabrın 3-4-də xüsusi sessiya baş tutub. Bu, Prezident İlham Əliyevin dünyada böyük nüfuza malik olmasından xəbər verir".

K.Əliyevə, həmçinin qeyd edib ki, bundan başqa, Azərbaycan koronavirusla mübarizəyə beynəlxalq diqqəti cəlb etmək məqsədilə BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin vaksinlərə bərabər çıxışını təmin edilməsinə dair qətnamə irəli sürüb: "Həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Prezident İlham Əliyev pandemiyadan sonrakı dövr üçün qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelin yaradılmasını da təklif edib. Bir sözlə, ölkə başçısının BMT Baş Assambleyasındakı çıxışı bütün dünyaya bir daha çatdırdı ki, Azərbaycan hər zaman ədalətin və həmrəyliyin tərəfdarıdır".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

780 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2021