Mobil versiya
Azərbaycan diplomatiyasının qələbəsi
Tarix: 24-09-2021 | Saat: 13:00
Bölmə:Təhsil | çapa göndər

Azərbaycan diplomatiyasının qələbəsi

Azərbaycan son ikiəsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə deyil, ərazisinin bərpası ilə çıxdı. 44 günlük Vətən müharibəsində qazandığımız böyük Qələbə Müzəffər Ali Baş Komandanın vətənpərvərlik, azərbaycançılıq ruhunda tərbiyə edib yetişdirdiyi gənclərin, ən müasir hərbi texnika ilə silahlandırdığı qəhrəman Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin zəfəridir.

Bu fikirləri açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Gülarə Abbasova bildirib.

O qeyd edib ki, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən erməni diasporu ilə görüşdə Ermənistanın “səngər müdafiəsi”ndən “hücum imkanlarını genişləndirmək” strategiyasına keçməyin zəruriliyini bildirdi. Bu, Tonoyanın “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı idi. Bu bəyanatdan sonra Ermənistan silahlı qüvvələrinin bölmələri 2020-ci il iyulun 12-də Tovuz rayonu istiqamətində hücuma cəhd göstərdi. Ermənistanın hərbi-siyasi rəhbərliyinin məqsədi münaqişənin coğrafi genişləndirilməsi yolu ilə KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) müdaxiləsinə bəraət qazandırmaq idi. Avqust ayında Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərsə də, itki verərək geri çəkildi.

Bu hadisələrdən sonra vəziyyətin normallaşması gözlənilsə də, 2020-ci il sentyabrın əvvəlində separatçı rejimin başçısı Araik Arutyunyan sərt bir bəyanatla çıxış etdi: “Gəlin, realist olaq və danışıqlar mövzusunu müzakirə etmək əvəzinə müharibəyə hazırlaşaq. Heç bir danışıq olmayacaq, mən bunu görmürəm”. Onun sözlərindən belə çıxırdı ki, “Madrid prinsipləri” (ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan əsas paket) qətiyyən qəbuledilməzdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında (videoformatda) çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan haqqında məlumat verib. Separatçılar Azərbaycan torpaqlarının işğalı nəticəsində 26 il ərzində (1994-cü il mayın 12-dən) yaranmış status-kvonu saxlamaq istəyirdi.

Azərbaycan 2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaydı. Elə həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başladı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti və iradəsi, Müzəffər Azərbaycan Ordusunun rəşadəti sayəsində Qarabağımıza qovuşduq. Vətənin bir çağırışı ilə odun-alovun içinə atılan oğullarımızın hesabına 44 günlük Vətən müharibəsi müqəddəs Qələbə ilə yekunlaşdı, 30 illik həsrətə, acıya 44 gündə son qoyuldu, erməni tapdağı altında qalan şəhər və kəndlərimiz, qəsəbələrimiz azad olundu.

“Hazırda Qarabağa Böyük Qayıdış başlayıb. Artıq Qarabağın işıqlı sabahının işartıları görünür, düşmənə göz dağı olan yeni yollar salınır, binalar, hava limanları tikilir, Qarabağın döyünən ürəyi, Qafqazın incisi Şuşada festivallar keçirilir, Vaqifin barbar ermənilər tərəfindən dağıdılmış məqbərəsi yenidən bərpa olunur, Qarabağ səmasında üzərinə Azərbaycan yazılmış təyyarəmiz süzür... Televiziya ekranlarından “dostu sevindirib, düşməni çatladan” bu səhnələri izlədikcə, qəlbimiz qürurla, sevinclə dolur, dövlətimiz, Prezidentimiz, əsgərimizlə fəxr edirik. Vətən müharibəsi bizdə qalibiyyət fəlsəfəsini doğurdu, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi. İndi elə bir vətəndaşımız tapılmaz ki, ən qısa zamanda mənfur düşməndən azad edilən müqəddəs torpaqlarımızı ziyarət etmək arzusunda olmasın. Bəli, bu gün qürurla deyə bilərik ki, biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi Qələbənin şahidi oldu”, - deyə G.Abbasova fikrini yekunlaşdırıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024