Mobil versiya
Prezident İlham Əliyev: Azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik
Tarix: 24-09-2021 | Saat: 13:25
Bölmə:İqtisadiyyat | çapa göndər

Prezident İlham Əliyev:


Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik.

aia.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib:

"Biz çox böyük sürət götürmüşük və əsas məqsədimiz keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır, onlar hədsiz çox gözləyiblər. Mən bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas maneəmiz, əsas rəqibimiz zamandır. Biz bir il ərzində və ya il yarım ərzində bunu, sadəcə, fiziki olaraq edə bilmərik, ona görə ki, siz özünüz də görmüsünüz, orada heç nə yoxdur, özü də hər yerdə. Mən Bakıdan Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına qədər və digər istiqamətdə Kəlbəcər və Laçın tərəfdən yüzlərlə kilometr yol qət etmişəm, orada hər şey dağıdılıb. Dağıntıların miqyası elədir ki, insan, sadəcə, mat qalır. Axı, bu ərazi sahəsinə görə Livana bərabərdir. Təsəvvür edin, dünyada heç də ən kiçik olmayan bir ölkənin Livanın ərazisinə bərabər ərazini tikmək, abadlaşdırmaq lazım gələcək. Bunu, sadəcə, təsəvvür etmək üçün dedim. Orada heç nə yoxdur, nə yol var, nə işıq, nə qaz, nə su. Heç nə. Tamamilə heç nə. Hamısı dağıdılıb və bunlar Birinci Qarabağ müharibəsi dövründə deyil, işğal dövründə dağıdılıb. Onlar orada daşı-daş üstündə qoymayıblar. Məqsədləri bir olub – biz heç vaxt oraya qayıtmayaq. Onların digər məqsədi isə həmin daşlardan istifadə etmək, bu daşları satmaq olub. Onlar hətta qəbirüstü daşları da satıblar. Vəfat etmiş azərbaycanlılara aid yazıları pozub, daşları Ermənistanda satıblar. Bu məzarüstü daşlardan özlərinin vəfat edənləri üçün istifadə ediblər. Belə bir vandalizmin miqyası təsvirə gəlmir. Onlar məzarları dağıdır, ölülərin ağızlarındakı qızıl dişləri çıxarır, əridir və satırdılar. Təsəvvür edin bu, kimin ağlına gələr. Bax, biz belələrinə qalib gəlmişik. Mən demişəm, biz, sadəcə, ərazi bütövlüyümüzü bərpa etməmişik, biz çox böyük bir şər qüvvəyə qalib gəlmişik. Ümidvaram ki, bu şər qüvvə daha heç vaxt başını qaldırmayacaq. Hər halda biz imkan verməyəcəyik ki, onlar başlarını qaldırsınlar.

İndi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri. Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir. Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcərə tunel yolu çəkilir. Bu yaxınlarda orada olmuşam, yoxlama aparılıb. Üstəgəl Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən yollar. Yəni, bu şəhərlər arasında əlaqə yaradılacaq. Bu il biz təkcə azad olunmuş ərazilərin bərpası proqramına 1,3 milyard dollar vəsait ayırmışıq. Bu məbləğin təqribən 400 milyon dolları hələlik bölünməyib, çünki biz bütün qaydalara - tender, planlaşdırma, layihələndirmə prosedurlarına riayət edirik. Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməlini qoymuşam. Mənim fikrimcə bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və biz şuşalıları oraya qaytara biləcəyik.

Lakin daha böyük problem minalanmış sahələr problemidir. Minalanmış sahələrin ermənilər tərəfindən bizə verilmiş az miqdarda xəritələrinin dəqiqliyi təqribən 25 faizdir. Minalanmış sahələrin xəritələrinin çox hissəsini isə bizə vermirlər. Ona görə bu çox çətin işdir, onu sürətlə icra etmək mümkün deyil. Nə qədər vəsaitin olsa belə, bunun üçün vaxt lazımdır.

Bir də, əlbəttə, Zəngilan rayonundakı “smart village” – “ağıllı kənd” kimi nöqtəvi layihələr var. İndi digər rayonların hərəsində bir pilot layihə həyata keçirəcəyik ki, insanları qaytara bilək. Mən vaxt müəyyən etmək istəmirəm, lakin düşünürəm ki, - düşünürəm yox, lap dəqiq deyirəm, - Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər. Başqa kəndlərə də bir il müddətində köçmək olar. İri şəhərlərin bərpası isə yəqin ki, vaxt tələb edəcək, lakin biz bunu mərhələli şəkildə planlaşdıracağıq. Tikinti, məskunlaşma mərhələli şəkildə aparılacaq. Amma bu da çox mürəkkəb işdir, təkcə tikinti baxımından deyil, logistika, insanların iş ilə, dolanışıq vasitələri, torpaq sahələri, texnika ilə təmin edilməsi - bunlar, çox böyük həcmli işlərdir, onu öz vəsaitimiz hesabına yerinə yetiririk, biz hər hansı kreditlər üçün müraciət etməmişik, əgər kimsə kömək etmək istəsə, əlbəttə, şad olarıq, istəməsələr, bu işləri özümüz görməliyik".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024