Mobil versiya
Energetika naziri Pərviz Şahbazov Dubayda keçirilən “Gastech 2021” tədbirində iştirak edib
Tarix: 22-09-2021 | Saat: 09:16
Bölmə:İqtisadiyyat | çapa göndər

Energetika naziri Pərviz Şahbazov Dubayda keçirilən “Gastech 2021” tədbirində iştirak edib


Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzruinin dəvəti ilə cari ilin 21-23 sentyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və 300-dən çox yüksək vəzifəli şəxsin, o cümlədən siyasətçilər, iş adamları və ekspertlərin iştirak etdiyi “Gastech 2021” sərgi və konfransında iştirak edib. Nazir “Hidrogen təchizatı zəncirinin sürətlə genişlənməsinə dəstək siyasəti” mövzusu üzrə nazirlər panelində çıxış edib. Energetika naziri iqlim dəyişikliyinin dünyanın enerji keçidini təşviq edən reallıq olduğunu vurğulayıb, enerji təhlükəsizliyi və ekoloji təhlükəsizlik arasında balansa nail olmaq məqsədilə “yaşıl enerji”dən istifadənin təxirəsalınmadan genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, enerji keçidi prosesinin effektivliyi enerji istehsalçıları və istehlakçıları arasında geniş dialoqu zəruri edir.

Nazir Pərviz Şahbazov enerji keçidi prosesi ilə əlaqəli ölkəmizdə həyata keçirilən tədbirlər, bərpa olunan enerji sahəsində reallaşdırılan layihələr və perspektivlərdən də bəhs edib: “Ənənəvi enerji resurslarının ixracatçısı olan Azərbaycanın 2030-cu ilə qədər hədəfi elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payını 30%-ə çatdırmaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu müddətdə "təmiz ətraf mühit"ə nail olmaq və "yaşıl artım" ölkəsinə çevrilmək sosial-iqtisadi inkişafın beş Milli Prioritetindən biri kimi müəyyənləşdirilib ki, bu da ölkəmizin enerji keçidi ilə bağlı kursuna sadiq olduğunu göstərir”.

Azərbaycanda son dövrdə külək və günəş enerjisi üzrə aparıcı beynəlxalq şirkətlərlə investisiya və icra müqavilələrinin imzalandığı, eyni zamanda yaxın gələcəkdə bərpa olunan enerji hərraclarının keçirilməsinin planlaşdırıldığı da diqqətə çatdırılıb.

Tədbir çərçivəsində energetika naziri Pərviz Şahbazov Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) “İlin təbii qaz, LNG və hidrogen layihəsi" nominasiyasında qalib olduğu “Gastech Awards 2021” mükafatlandırma mərasiminə də qatılıb.

Səfər zamanı bir sıra görüşlər də keçirilib. Azərbaycanın energetika naziri ilə BƏƏ-nin energetika və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui arasında baş tutan görüşdə enerji sahəsində ikitərəfli və çoxtərəfli səmərəli tərəfdaşlıq münasibətləri müzakirə edilib. Nazir "Masdar" şirkəti ilə günəş elektrik stansiyasının inşası üzrə layihənin həyata keçirilməsini Azərbaycanda işgüzar mühitə olan inamın göstəricisi kimi qiymətləndirib. BƏƏ-nin dayanıqlı və müasir enerji sahəsi üzrə ixtisaslaşmiş digər şirkətlərinin də bu ənənəni izləyərək Azərbaycanda müvafiq sahələrə investisiya yatıracaqlarına ümid etdiyini bildirib.

"ACWA Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və "Masdar"ın baş direktoru Mohamed Jameel Al Ramahi ilə keçirilən ikitərəfli görüşlərdə isə günəş və külək elektrik stansiyaları layihələrinin icrası ilə bağlı müzakirələr aparılıb.

Nazir, həmçinin Beynəlxalq Enerji Forumunun baş katibi Joseph McMonigle və Şri Lankanın energetika naziri Udaya Gammanpila ilə də görüşüb və CNN kanalına müsahibə verib. Neft və qaz sənayesinin gələcəyi, növbəti onillikdə enerji sektorunu formalaşdıran tendensiyalar, Azərbaycanda enerji keçidi təşəbbüsləri və digər mövzularla bağlı suallar cavablandırılıb.

Qeyd edək ki, “Gastech” sərgisində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də böyük stendlə təmsil olunub.

Təbii qaz, mayeləşdirilmiş təbii qaz, hidrogen və ümumilikdə enerji sənayesi üzrə qlobal miqyasda aparıcı tədbirlərdən biri olan “Gastech” sərgi və konfransı COVİD-19 pandemiyası başladıqdan sonra ötən dövr ərzində ilk dəfə olaraq dünya enerji sənayesi mütəxəssislərini bir araya toplayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024