Mobil versiya
Azərbaycan Prezidenti regionların hər birinin sosial-iqtisadi inkişafını diqqətdə saxlayır
Tarix: 27-07-2021 | Saat: 18:02
Bölmə:Media | çapa göndər

Azərbaycan Prezidenti regionların hər birinin sosial-iqtisadi inkişafını diqqətdə saxlayır

Azərbaycan Prezidenti İlham Əliyev regionların inkişafını daim diqqət mərkəzində saxlayır, mütəmadi olaraq bu və ya digər rayona səfər edərək yeni-yeni obyektlərin istifadəyə verilməsində iştirak edir. Bütün bunlar dövlət başçısının regionlarda yaşayan insanlarımızın həyat şəraitini, sosial vəziyyətini yaxşılaşdırmaq istəyindən irəli gəlir. Bu günlərdə Prezidentin Qərb bölgəsinə səfəri də elə bu məqsədlərin reallaşmasına xidmət edirdi. Səfər çərçivəsində Azərbaycan lideri Daşkəsən, Naftalan, Goranboy və Gəncədə oldu, adəti üzrə yeni obyektlərin açılışını etdi. Bu isə, təbii ki, yeni iş yerlərinin açılması, insanların güzəranının yaxşılaşdırılması deməkdir.

Dövlətimizin başçısı Daşkəsən şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdi, Birinci Qarabağ savaşında və Vətən müharibəsində ərazilərimizin düşməndən azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşərək canlarından keçmiş 31 nəfər daşkəsənli gəncin uyuduğu Şəhidlər xiyabanına baş çəkdi. Eyni zamanda, “Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərlə tanış oldu. Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən bu layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Daşkəsən şəhərində 12 min nəfərin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Prezident Daşkəsənə səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış oldu. Dövlət başçısına məlumat verildi ki, “Çovdar” qızıl mədənində hasilat işlərinə 2016-cı ildən başlanıb, bu günədək 259 min unsiya qızıl istehsal edilib, qızıl və gümüş ixracından ölkə iqtisadiyyatına xarici valyutada 640 milyon manata yaxın vəsait cəlb edilib. Bu ildən bir sıra yataqların istismara verilməsi planlaşdırılır. Prezident İlham Əliyev “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izlədi.

Naftalan şəhərinə səfəri çərçivəsində Azərbaycan Prezidenti istismar müddəti başa çatmış hava limanı ilə tanış oldu, Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak etdi. Ümumiyyətlə, son illərdə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Naftalan şəhəri böyük turizm zonasına çevrilib. Şəhərin əsasını sanatoriya–kurort infrastrukturu təşkil edir. Son illər müasir əsaslarla yeni kurortların yaradılması ilə şəhərin turizm potensialı genişləndirilir, sahibkarlığın inkişafı üçün münbit şərait formalaşır. Naftalan Mərkəzi Sanatoriyası da belə layihələrdən biridir. Naftalandakı kurort–sanatoriya müəssisələrində 1000 nəfərdən çox şəxs işlə təmin olunub ki, bu da şəhərdə işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin iştirakı ilə 200 yerlik körpələr evi-uşaq bağçası da istifadəyə verildi.

Azərbaycan Prezidenti Goranboy rayonunda Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak etdi. Ümumi uzunluğu 38 kilometr olan yol dövlət başçısının müvafiq sərəncamlarına əsasən tikilib. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır. Avtomobil yolunun tikintisi 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək. Prezident Goranboy Olimpiya İdman Kompleksinin açılışında da iştirak etdi.

Təbii ki, səfər proqramı çox zəngin idi və onu böyük maraqla izlədik. Əmin olduq ki, dövlət başçısı Qarabağın azad edilməsindən sonra diqqətini təkcə həmin regionun bərpası üzərində çəmləşdirməyib. Azərbaycan Prezidenti regionların hər birinin sosial-iqtisadi inkişafını diqqətdə saxlayır. Buna görə də inanırıq ki, Azərbaycanın bütün regionlarında, o cümlədən, Qərb bölgəmizdə inkişaf dinamikası yüksək sürətlə davam edəcək, yeni iş yerlərinin yaradılması insanlarımızın güzəranının yaxşılaşmasını təmin edəcək.

Araz Hacıyev,
Göygöl bələdiyyəsinin sədr müavini, YAP Göygöl rayon təşkilatının fəal üzvü
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə