Mobil versiya
Ordumuz hər bir təxribatın qarşısını almağa qadirdir
Tarix: 17-07-2021 | Saat: 18:25
Bölmə:Ölkə / Cəmiyyət | çapa göndər

Ordumuz hər bir təxribatın qarşısını almağa qadirdir


44 günlük Vətən müharibəsində Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğrayaraq darmadağın olan işğalçı Ermənistanın təcavüzkar hərbi birləşmələri təxribatçı əməllərini davam etdirirlər. İyulun 14-də Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması da bunun bariz nümunəsidir.
10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanması ilə bütün hərbi əməliyyatların dayandırılması nəzərdə tutulmuşdu. Lakin Ermənistan bu bəyanatla öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaq üçün vaxtaşırı təxribat-diversiya aktları törətdi və layiqli cəzasını aldı. Azərbaycan həm təxribatların qarşısını almaqla, həm də qətiyyətli mövqe sərgiləməklə bəyan etdi ki, üçtərəfli bəyanatın bütün tələbləri zamanında, tam və qeyd-şərtsiz yerinə yetirilməlidir. Bir daha sübut olundu ki, Vətən müharibəsində şanlı qələbə qazanmış Azərbaycan yeni reallıqlar yaradıb və istər məğlub Ermənistan, istərsə də onun havadarları bu reallıqları dəyişmək iqtidarında deyil. İstənilən təxribat cəhdinin qarşısı qətiyyətlə alınacaq.
Dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində mövqelərimizin atəşə tutulması Ermənistanın və onun havadarlarının regionda sülh və təhlükəsizliyə qarşı növbəti təxribat cəhdidir. Əlbəttə, qeyd etdiyimiz kimi, bütün bu halların qarşısı alınır və alınacaq. Düşmən bundan sonra da yerində oturdulacaq. 44 günlük müharibədə döyüş meydanında gücünü göstərən Azərbaycan Ordusu, o cümlədən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu öz sözünü deyəcək. Düşmənə də yaxşı məlumdur ki, sentyabrın 27-dən başlayaraq noyabrın 10-dək davam edən, müzəffər Ordumuzun tarixi Qələbəsi ilə nəticələnən müharibədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu hərbi qüdrətini necə nümayiş etdirib. Əlahiddə Ümumqoşun Ordu 2018-ci ildəki uğurlu Günnüt əməliyyatından sonra tariximizə şanlı Vətən müharibəsi kimi daxil olan İkinci Qarabağ müharibəsində də yüksək döyüş hazırlığına malik olduğunu sübuta yetirib. Şübhəsiz ki, Əlahiddə Ümumqoşun Ordu Ali Baş Komandanımızın döyüş əmrinə hazır, yüksək döyüş imkanlarına, müasir silah və texnikalara malik qüvvə kimi bundan sonra da həm muxtar respublikanın müdafiəsinin etibarlı təşkilində, həm də Azərbaycanın ərazi bütövlüyünün qorunmasında vacib rol oynayacaq.
Ermənistanın öz havadarlarının dəstəyinə arxalanaraq törətdiyi bu təxribat cəhdi beynəlxalq hüquq normalarına ziddir. Eləcə də bir müddət öncə Türkiyə ilə Azərbaycan arasında imzalanmış və Qars müqaviləsinə istinad edilən Şuşa Bəyannaməsi də ölkəmizin ərazi bütövlüyünə qarşı təhdidlərin qarşısının alınması üçün beynəlxalq hüquqi öhdəlik yaradır. Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflərin birgə məsləhətləşmələr aparması və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirməsi Şuşa Bəyannaməsində yer alıb. Ona görə də məğlub ölkə və ona dəstək verən dairələr bütün bu reallıqlardan düzgün nəticə çıxarmalı, təxribatçı hərəkətlərə yol verməməlidirlər. Əks halda layiqli cavab almaqla yeni faciə ilə üzləşəcəklər.

Həbib Hüseynov,

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin
Göygöl rayon şöbəsinin sədri
AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə