Mobil versiya
Azərbaycan üzv olduğu bütün təşkilatlarda etimad qazanaraq beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir və üzvü olduğu təşkilatlara xüsusi dəyər qatır
Tarix: 16-07-2021 | Saat: 11:06
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan üzv olduğu bütün təşkilatlarda etimad qazanaraq beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir və üzvü olduğu təşkilatlara xüsusi dəyər qatır


Ötən günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında geniş nitqlə çıxış edib. Ölkə başçımızın bu çıxışı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülən işlərlə bağlı hesabat olaraq da dəyərləndirilə bilər. Ilk olaraq mütləq şəkildə qeyd edilməlidir ki, Azərbaycanın Hərəkata sədrliyi hər baxımdan uğurlu və səmərəli olaraq qiymətləndirilir.

Hərçənd ki, ölkə başçımızın da dediyi kimi Azərbaycan özünün sədrliyi üçün müfəssəl və ambisiyalı fəaliyyət planı qəbul etmişdi. Ancaq təəssüf ki, COVID-19 pandemiyası dünyanı bürüdü və yeni reallıqlar çətinliklər yaratdı. Lakin Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verərək, pandemiyanın yaratdığı misilsiz çətinliklərə qarşı Hərəkatın beynəlxalq səviyyədə səmərəli və birgə cavabının formalaşdırılmasını təmin etdi. Bütün dünyanın çaşqınlıq içində qaldığı, özünəqapanmanı yeganə çıxış yolu olaraq gördüyü bir dövrdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi qlobal liderlik missiyasını öz üzərinə götürdü. Əslində bu missiyanın böyük dövlətlər və beynəlxalq təşkilatlardan gözlənildiyi aşkar həqiqətdir amma həmin dövlət və təşkilatlar daha çox özünü təcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımları ilə yadda qaldı. Təəccüblü deyil ki, sonrakı dövrdə də bu hal davam etdi. Hələ də bəzi böyük dövlətlər ancaq millətçilik prizmasından hərəkət edərək ümumi problemin həllində heç bir rol oynamağa cəhd etmirlər.

Xatırladaq ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edilmişdi. Prezident İlham Əliyev Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etmiş və təklif 150-dən çox ölkənin dəstəyi ilə qəbul edilərək 03-04 dekabr tarixlərində baş tutmuşdur. Bununla yanaşı, Azərbaycan pandemiya ilə mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə də sıx əməkdaşlıq etmiş Təşkilata 10 milyon dollar həcmində könüllü ianə ayırmış və 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları göstərmişdir. Beləliklə, əminliklə demək olar ki, Azərbaycan pandemiya ilə mübarizə çərçivəsində məsuliyyətli bir ölkə kimi lazımi bütün addımları atmış, öz vəzifəsini ən yüksək şəkildə icra etmişdir.

Azərbaycanın sədrliyi dövründə xüsusilə gündəmdə tutduğu məsələlərdən biri də “peyvənd millətçiliyi” ilə bağlı idi. Yuxarıda da qeyd etdiyimiz kimi bəzi zəngin ölkələr, bunlara misal olaraq Kanadanı göstərə bilərik, ölkələrinin əhalisinin sayından dəfələrlə artıq peyvəndləri alaraq az inkişaf etmiş ölkələrin peyvəndlə təminatını çətinləşdirir, hətta mümkünsüz edirlər. Buna səbəbin nə olduğu anlaşılmazdır. Çünki aydındır ki, bu virus sadəcə bir ölkənin özünü pandemiyadan sığortalaması ilə “yox” olmayacaq. Sərhədlərin açılması, dünyanın “normal” həyat tərzinin bərpa etməsi üçün sadəcə bir ölkənin xilası kifayət etmir. Yalnız birgə mübarizə ilə bu dəhşətli pandemiya sona çata bilər. Azərbaycan bunu dərk edir və öz siyasətini də bu fəlsəfə üzərində qurur. Eyni zamanda sədrlik etdiyi təşkilatda da bunu daima təbliğ edir. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransındakı nitqində bu məsələyə bir daha toxunmuş və bunun həlli istiqamətində atılmış addımlarla bağlı məlumat vermişdir. Belə ki, ölkə başçımız bildirmişdir ki, bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.

Ölkə başçımızın çıxışı zamanı vurğuladığı daha bir nüansı da qeyd etmək istərdim. Belə ki, Prezident İlham Əliyev Hərəkatın COVID-19-dan sonrakı dövr üçün də güclü, əlaqəli və məqsədyönlü addımlar atmalı olduğunu bildirmiş və əlavə etmişdir ki, pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi faydalı ola bilər.

Beləliklə, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatında xüsusi fəallıq müşahidə olunmuşdur. Təsadüfi deyil ki, tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərlərinin Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısında iştirakı təmin olunmuşdur. Paralel olaraq, sahəvi nazirliklər səviyyəsində görüşlərin intensivləşməsi, Qoşulmama Hərəkatı üzrə gənclərin institusional şəbəkəsinin yaradılması istiqamətində işə başlanılması da Azərbaycanın gərgin diplomatik fəaliyyətinin nəticəsidir. Bir sözlə, Azərbaycan üzv olduğu bütün təşkilatlarda etimad qazanaraq beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir və üzvü olduğu təşkilatlara xüsusi dəyər qatır.


Samir Hüseynov
Pirallahı rayon İcra Hakimiyyəti başçısı
Aparatının Hüquq şöbəsinin müdiri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025