Mobil versiya
Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövrü uğurlu təşəbbüslərlə zəngindir
Tarix: 16-07-2021 | Saat: 09:53
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövrü uğurlu təşəbbüslərlə zəngindir


Əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə vermək olan Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından BMT-dən sonra ikinci böyük təşkilatdır.

Azərbaycan Respublikası bu təşkilatın 2011-ci ildən etibarən tam hüquqlu üzvüdür. Qısa müddət ərzində üzv olmasına baxmayaraq, diplomatik müstəvidə aparılan uğurlu siyasət nəticəsində Azərbaycan bir çox dövlətləri özündə birləşdirən Qoşulmama Hərəkatına 2019-2021-ci illərdə sədr seçilmişdir. Azərbaycanın Hərəkata sədrlik dövrü əslində keşməkeşli və çətin bir dövrə təsadüf etdi. İstər dünyanı bürüyən COVİD-19 pandemiyasının dünyanı saldığı iflic vəziyyət, istər ölkəmizdə 30 ildir həlli gözlənilən Qarabağ müharibəsinin bu dövrə təsadüf etməsi dediklərimizi əsaslandırmaq üçün kifayətdir. Amma buna baxmayaraq Azərbaycan yaranan vəziyyətə çevik, adekvat reaksiya göstərərək əslində gözləniləndən də artıq bir aktivliklə sədrliyi dövrünü uğurlu təşəbbüslərlə zənginləşdirdi. Bütün dünyanın pandemiya qarşısında aciz qaldığı, “özünəqapanma sindromu”na qapıldığı bir anda Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi qlobal əməkdaşlığa böyük ehtiyac duyulduğunu dərk edərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Təklif 130-dan ölkənin dəstəyini alaraq baş tutdu. Əslində qlobal liderliyin böyük dövlətlərdən gözləndiyi bir şəraitdə ölkə başçımzın bu liderliyi etməsi hər birimiz üçün qürur mənbəyi olaraq yaddaşlara həkk olundu.
Bununla yanaşı, ölkə başçımız tərəfindən dəfələrlə səsləndirilən “peyvənd millətçiliyi” fikri də Azərbaycanın Hərəkata ədalətli yanaşmasının növbəti təzahürü oldu. Qeyd edək ki, bu termin olduqca vacib və diqqətə alınması zəruri olan bir ifadədir. Hazırda dünyada istehsal olunan peyvəndlərin mütləq əksəriyyətinin zəngin dövlətlər tərəfindən alınmasından narahatlıq ifadə olunan bu termin azgəlirli və ya az inkişaf etmiş olaraq qiymətləndirilən ölkələrin öz əhalisini qorumaq imkanlarından məhrum olduqlarını bildirir. Bu isə həlli vacib olan önəmli bir problemdir. Aydındır ki, pandemiyadan sadəcə bir neçə ölkənin özünün xilas etməsi ümumi “zəfər” baxımından heç nə ifadə etmir. Yalnız dünyanın yekdil qələbəsi, yəni zəngin və az inkişaf etmiş ölkələrin hər birinin pandemiyadan can qurtarması ümumi rifaha gətirib çıxara bilər. Buna görə də bütün ölkələr məsuliyyətlə davranmalı və özü qədər digər dövlətlərin də peyvənd əldə etmə haqlarına hörmət etməlidir. Qeyd edək ki, ölkə başçımız bu fikirləri dəfələrlə səsləndirmişdir. Son olaraq iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransı zamanı da bu fikirlər bir daha səsləndirildi. Eyni zamanda ölkə başçımız xatırlatdı ki, Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Beləliklə, Azərbaycanın sədrliyi ilə “peyvənd millətçiliyi”nə qarşı effektiv mübarizə davam edir.

Ölkə başçımızın çıxışında növbəti çox vacib məsələ isə Qarabağ müharibəsi zamanı Qoşulmama Hərəkatının üzvlərinin Azərbaycanın haqlı mövqeyinə verdiyi bir mənalı dəstək idi. İstər 2020-ci ilin Tovuz hadisələri zamanı, istərsə də Zəfər Salnaməmiz olan 44 günlük Vətən müharibəsi zamanı Qoşulmama Hərəkatının üzvləri Azərbaycana yekdil dəstəyini ifadə etdi. Xüsusilə də Vətən müharibəsi dövründə Birləşmiş Millətlər Təşkilatının üzvü olan bəzi dövlətlər BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni heçə sayaraq, qərəzli addımlar atmağa cəhd etdikləri anda Qoşulmama Hərəkatının üzv dövlətləri qərəzli addımların qarşısını alınmasında xüsusi fəallıq göstərdilər. Onlar qəbul ediləcək sənədin mətnində sözügedən dörd qətnaməyə istinad edilməli olduğunu bildirərək, bunun Azərbaycanın pozulmuş hüquqlarının müdafiəsi xarakteri daşıdığını bildirdilər. Bu, həm də beynəlxalq hüququn, “Bandunq prinsipləri”nin tələbi idi. Ölkə başçımız bu hərəkəti “tarixi dostluq jesti” olaraq qiymətləndirmişdir. Xatırladaq ki, Azərbaycanın mövqeyini dəstəkləyən ölkələr –İndoneziya, Niger, Sent Vinsent və Qrenadin, Dominikan Respublikası, Cənubi Afrika, Tunis və Vyetnam idi. Beləliklə, Qoşulmama Hərəkatına üzvlük və əlbəttə ki, ədalətli sədrlik Azərbaycana çox şey qazandırmışdır. Eyni zamanda Qoşulmama Hərəkatına da xüsusi dəyər qatmışdır.

Sonda qeyd edək ki, Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra üzv dövlətlərin təşkilata əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırmışdır. Beləliklə, hələ bir il də Azərbayvcan bu şərəfli və məsuliyyətli missiyanı davam etdirəcək. Şübhəmiz yoxdur ki, növbəti bir ildə uğurlarla bol olacaq.



Rauf Əliyev
Pirallahı rayon İcra Hakimiyyəti
yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyasının məsul katibi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə