Mobil versiya
İqtisadçı supermarketləri yıxıb sürüdü
Tarix: 27-04-2016 | Saat: 13:26
Bölmə:İqtisadiyyat | çapa göndər

İqtisadçı supermarketləri yıxıb sürüdü


Bir sıra supermarketlər ölkədə istehsal edilən sosial əhəmiyyətli ilkin tələbat məhsulları, xüsusilə ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-yə sıfır faiz dərəcəsinin tətbiq edilməsi xahişi ilə İqtisadiyyat Nazirliyinə məktub ünvanlayıblar. Onlar hesab edirlər ki, bu, vergi yükünün azaldılmasına xidmət edəcək. Bu müraciəti bəlkə də ciddi qəbul etmək olardı, amma məktubdakı təklif çox qeyri-ciddidir. Səbəb isə odur ki, məktubda ƏDV-nin differensiallaşdırılması və ya ƏDV-dən azad olunma yox, nədənsə məhz ƏDV-yə sıfır faizlə cəlb edilməsi təklif olunur.

Aia.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rəşad Əliyev bildirib.

Ekspertin sözlərinə görə, əvvəla, məsələn, ilkin tələbat məhsulları dedikdə nəyin nəzərdə tutulduğu aydın olmur: "Əgər söhbət kənd təsərrüfatı məhsullarından gedirsə, bu halda mövcud qanunvericiliyə uyğun olaraq, istehsalçılar istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələrdə ƏDV-dən ümumiyyətlə azaddırlar. Bununla yanaşı, həmin fəaliyyət üzrə istehsalçılar hətta mənfəət vergisi və əmlak vergisindən də azad ediliblər. Bu cür vergiqoyma sistemi həmin istehsalçıları tam qane edir. Ona görə də burada əlavə olaraq ƏDV-nin sıfır faiz tətbiq edilməsi təklifi tam məntiqsizdir. Çünki kənd təsərrüfatı istehsalçıları hazırda ƏDV-dən azad olduqları üçün məhsul istehsalı ilə bağlı xərcləri üzrə (məsələn, yanacaq və s.) ödədikləri ƏDV məbləğini maya dəyərinə salırlar. ƏDV sıfır faiz olacağı təqdirdə isə istehsalçılar ödədikləri həmin ƏDV məbləğlərini büdcə ilə haqq-hesabda ya geri alacaqlar, yaxud da digər vergi tədiyələri ilə əvəzləyəcəklər. Belə çıxır ki, büdcə ehtiyac olmayan yerdə əlavə itkilərə gedəcək. Hazırki vergiqoyma sistemi həmin istehsalçıları qane edir, çünki mövcud sistem onsuz da güzəştlidir. Burada əlavə güzəştə ehtiyac yoxdur".
İqtisadçının fikrincə, ölkədə istehsal olunan kənd təsərrüfatı mallarının supermarketlərdə satışının sıfır faiz ƏDV ilə satışı texniki cəhətdən də çətin olacaq: "Elə məhsullar var ki, onlar idxal olunur və ƏDV-yə gömrükdə cəlb edilir. Təklif edilir ki, güzəşt yerli istehsala tətbiq edilsin. Bu isə o deməkdir ki, idxal məhsullarının satışı köhnə qayda ilə 18 faiz ƏDV ilə cəlb edilsin. Bu da məntiqsizdir. Məsələn, supermarketdə kartof gördükdə haradan bilmək olacaq ki, bu idxal edilib, yoxsa yerli istehsaldır və hansı ƏDV-yə sıfır, hansı isə 18 faizlə cəlb olunmalıdır? Bunu eynilə narıngi, alma, soğan, kök və s. də aid etmək olar. Haradan biləcəyik ki, açıq satılan kərə yağı idxal yox, yerli istehsaldır. Bu cür yanaşma böyük sui-istifadələrə yol açır. Eyni adda mal satış zamanı vergiyə eyni qaydada cəlb edilməlidir. Bu, adi məntiqdir. Burada hələ digər incəliklər də var, amma onları sadalamağa dəyməz. Çünki bu işdə ƏDV-nin sıfır faiz məsələsini ümumiyyətlə unutmaq lazımdır".
R.Əliyev ortaya çıxan ƏDV-nin differensiallaşdırılması fikrinə və bəzi istehsalçıların və satış şəbəkələrinin buna niyə böyük ümidlər bəslədiyinə də aydınlıq gətirib: "Hər şeydən öncə buna vergiqoymanın prinsipləri ilə yanaşmaq lazımdır. ƏDV dolayısı ilə vergidir və buna görə də onun ödəyicisi son nəticədə istehlakçı hesab edilir. Yəni supermarket məhsulun üzərinə 18 faiz ƏDV əlavə edib satır, alıcı isə o məhsulu həmin qiymətə alır. Yəni satıcı faktiki olaraq o pulu alıcıdan alır. Ona görə də satıcı üçün ƏDV-nin 5, 10, 18 və ya 25 faiz olmasının heç bir əhəmiyyəti yoxdur. Bu səbəbdən də ƏDV digər vergi növlərindən fərqli olaraq (məsələn, mənfəət vergisi, əmlak vergisi) vergi yükü yarada bilməz və ƏDV-nin aradan qaldırılmasının vergi yükünün azaldılması aləti kimi baxılması məntiqsizdir".
Onun sözlərinə görə, ƏDV bütün dünyada olduğu kimi istehlakçıya hesablanmış vergidir. Əgər kimsə başqa cür fikirləşirsə, deməli, burada vergi özəlliklərinə aid olmayan başqa məsələlər gizlənir: "Məsələn, supermarketlər iddia edirlər ki, onlar kənd təsərrüfatı mallarını alanda üstünə ƏDV gəlməli olurlar və bu məbləğ son nəticədə onlardan çıxır. Məsələn, 10 manatlıq malın üstünə 18 faiz gəlməklə market onu 11,80 manata satır. Maraqlıdır ki, ƏDV diferensiallaşdırılarsa və həmin mal üçün 10 faiz tətbiq olunarsa, supermarket həmin malı sizə 11 manata (10 manat + 10%) satacaqmı?!"



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024