Mobil versiya
Müğənnilərin toy həyəcanı - "Bir saata 10 məclis yazıldı"
Tarix: 23-06-2021 | Saat: 09:34
Bölmə:Şou-biznes | çapa göndər

Müğənnilərin toy həyəcanı - "Bir saata 10 məclis yazıldı"

Xəbər verdiyimiz kimi, artıq bir ildən çoxdur toyların keçirilməsinə qoyulan qadağa aradan qaldırılıb. Bəzi qaydalara əməml edərək insanlar iyulun 1-dən toy məclisi keçirə bilərlər. Ən önəmli tələb isə dəvətli sayına qoyulan məhdudiyyət olub. Belə ki, toy sahibi məclisinə 50-150 nəfər dəvət edə bilər. Bəs görəsən, bir vaxtlar 5, 10, 15 min ödənilib məclisə müğənni gətirmə ənənəsi yenə davam edəcək? Sənət adamlarının toy qiymətlərində dəyişiklik olacaq?

AİA.Az xəbər verir ki, axsam.az müğənnilər arasında sorğu apararaq, onların yeni toy mövsümündə tələb etdiyi qonorarı öyrənib:

Müğənni Nadir Qafarzadə - Bu xəbərə həm sevindim, həm də kədərləndim. Toylar bir-birinin üstünə düşdü. Musiqiçilərin yarısı Azərbaycanda, yarısı Rusiyadadır. İndi onları bir araya yığmaq çətindir. Hamı toy edir, məclislər bir-birinin üstündədir. Moskvada da çox toyun behini almışıq. Eyni zamanda Bakıda pandemiyadan əvvəl behini aldığımız məclislər var. 40 gündən sonra da Məhərrəmlik ayıdır. Müddət az olduğu üçün hər şey qarışdı.Amma əsas toylara icazə verildi. Toy qiymətində endirim etməyəcəm. Əgər biz evdən çıxırıqsa, ansambl aparırıqsa, onun 100 və ya 500 nəfərə xidmət etməsinin fərqi yoxdur.

Müğənni Elton Hüseynəliyev - Toy qiymətimdə heç bir dəyişiklik etməyəcəm. Əvvəl də bütöv toya 15 min manata gedirdim, indi də elə qalacaq. Bəzi hallarda toy sahibi ilə danışıqlar aparıb endirim edə bilərik. Amma artım etməyəcəm. Pandemiya şəraitini nəzarə almaq lazımdır.

Müğənni Elvin Abdullayev - Hər kəsi təbrik edirəm, toylar başladı. Qiymət artımı etməyəcəm. Bunu əminliklə deyə bilərəm. Vəziyyətə görə qonorar da dəyişməlidir. Çox endirim də etməyəcəm, cüzi ola bilər. Öz adıma deyim ki, qonorar artırmağı düzgün hesab etmirəm. Əvvəl necə idisə, indi də elədir. Cəmiyyətə görə qiymət məsələsini tarazlamalıyıq. Bir ildən çoxdur hamı toy gözləyir. Ona görə də durumla ayaqlaşmalıyıq.

Müğənni Sevda Yahyayeva - Toyla bağlı qadağanın aradan qalxmasına çox sevindim, ümid edirəm hər şey əvvəlkindən daha gözəl olar. Qiymətlərə isə heç bir dəyişiklik olmayacaq. Qonorarım olduğu kimi qalacaq. Baxmayaraq ki, hər şeyin qiyməti hər gün artır, mən bunu etməyəcəm.

Müğənni Şəbnəm Tovuzlu - Səhər toylarla bağlı qərar verildi, bir saata kimi avqusta 10 toy yazılıb. Əvvəl qonorar necə idisə, indi də elə qalıb: tək 5 min manat. Musiqiçilərlə birlikdə 7 minə gedirdim. 1 və ya yarım saat isə 3 min manatdır. Burada nə endirim, nə də bahalaşma edəcəm.

Müğənni Ceyhun Əliyev - Pandemiyadan da əvvəl bizim az sayda qonaq olan məclislərimiz olurdu. Eləsi var idi 200, eləsi var idi 70 adam yığışırdı. Onda da biz endirim edirdik. Musiqi tərkibi az gətirirdik. Elə şadlıq evi var ki, böyükdür. Ora biz 6-7 musiqiçi ilə gələ bilmərik. Pandemiyadan əvvəl hər kəs öz istədiyi miqdarda endirim edib. Hərə özünə bir qiymət qoyur. Biz müğənnilər yalnız özünə düşən paydan endirim edə bilər. Musiqiçi, səs rejissoru, köməkçinin qonorarına biz endirim edə bilmərik. Toy sahibi orda çalışanların çoxunu görmür. Müəyyən qədər nəzərə alınacaq. Adam sayına, məkana görə nəzərə alacağıq. Amma böyük endirim ola bilməz. Bu o deməkdir ki, müğənni, musiqiçi qazanmasın? Özü də avqustun 5-dən sonra toy olmayacaq.

Müğənni Zamiq Hüseynov - 1 iyuldan toylara icazə verilməsi xəbəri hamımızı sevindirdi. Təki ölkəmizdə hər zaman toy-büsatli günlər olsun. Bütün sənət yoldaşlarım və musiqiçilər üçün xeyirli olsun deyə bilərəm. Biz də öz növbəmizdə çalışacayıq ki, pandemiya qaydalarına əməl edək.

Müğənni Günay İbrahimli - Toy qiymətlərində dəyişiklik etməmişəm. Çünki toy sahiblərini də başa düşmək lazımdır. İki ilə yaxındır ki, pandemiya şəraitində yaşayırıq və mən özüm də daxil olmaqla çoxu müəyyən problemlərdən əziyyət çəkib. Toylara icazə verilməsi xəbərini alanda isə çox sevindim. Bu dövr ərzində iş üçün çox darıxdım və hazırda böyük həvəslə 1 iyul tarixini gözləyirəm.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024