Mobil versiya
Akif Kərimov: “Heydər Əliyev xilas etdiyi Azərbaycanı bir dünya dövlətinə çevirdi”
Tarix: 10-06-2021 | Saat: 10:00
Bölmə:Cəmiyyət | çapa göndər

Akif Kərimov: “Heydər Əliyev xilas etdiyi Azərbaycanı bir dünya dövlətinə çevirdi”

Bu gün Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin, o cümlədən Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Lakin müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə heç də asan yolla çatmayıb. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, kəskin problemlər və hətta bir dövlət kimi yox olmaq təhlükəsi ilə qarşı-qarşıya idi. Müstəqilliyin ilk iki ilində ayrı-ayrı xarici qüvvələrin mübarizə meydanına çevrilən, ciddi sosial, iqtisadi problemlərin cərəyan etdiyi Azərbaycan əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi qarşısında idi.
[
28 il bundan əvvəl, Azərbaycanın bəlkə də bütün tarixi boyu yaşamalı olduğu ən ağır günlərində ümummilli lider Heydər Əliyev canından artıq sevdiyi, bütün həyatını həsr etdiyi xalqının imdad dolu çağırışına səs verdi, ona bəslənən sonsuz ümidləri, inamı doğrultmaq üçün yenidən ölkədə siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycan xalqının, Azərbaycan dövlətinin qurtuluşu oldu. Azərbaycan parçılanmaq, xarici qüvvələrin marionet oyuncağına çevrilmək, məhv olmaq təhlükəsindən qurtuldu. Bu qayıdışla dövlətçiliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, müstəqilliyimizin təsdiq olması həyata keçdi.


1993-cü ilin 15 iyunundan sonra həmin tarixə qədər ağır vəziyyətdə olan ölkənin problemləri mərhələ-mərhələ həll olunmağa başladı. Gəncədəki hadisələr Heydər Əliyevin müdrikliyi ilə dinc yolla nizamlandı. Qondarma “Talış Muğan Respublikası” Heydər Əliyevin xalqa müraciəti və bölgədə yaşayan insanların təkidi ilə ləğv olundu. Sadvalçıların separatçı hərəkətlərinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və silahlı qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində ölkəmiz üçün həyati əhəmiyyət daşıyan atəşkəsə nail olundu. Möhtəşəm iqtisadi islahatlara start verildi. Azad bazar iqtisadiyyatına keçidlə əlaqədar özəlləşdirməyə başlandı. Xarici siyasətdə mühüm nailiyyətlər əldə edildi, beynəlxalq maliyyə mərkəzləri, dünyanın iri şirkətləri Azərbaycana böyük miqdarda kredit verməyə, investisiya qoymağa başladılar. Azərbaycanda yaranmış sabitlik, ölkəmizə beynəlxalq aləmdə artan inam və etimad nəticəsində Bakıda ölkənin Neft strategiyasının özəyi olan “Əsrin müqaviləsi” adlı ilk neft kontraktı imzalandı. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Daha sonra Azərbaycan neftinin dünya bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət kəsb edən tədbirlər görüldü və mühüm əməkdaşlıq layihələri gerçəkləşdirildi. Digər tərəfdən, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu.


Lakin bu uğurlar Azərbaycanı müstəqil dövlət kimi görmək istəməyən bir çox xarici qüvvələri narahat edirdi. Bu səbəbdən həmin qüvvələr hakimiyyəti devirmək üçün ölkənin daxilində hələ də mövcud olan antimilli birləşmələrin əliylə dövlət çevrilişi etməyə qalxdılar. Amma bu dəfə də ulu öndərin qətiyyəti və xalqın öz liderinin ətrafında yaranmış sıx birliyi ilə azğın cəhdin qarşısı məharətlə alındı. Çox keçmədən, 1995-ci ilin martında yeni bir çevriliş cəhdi göstərildi və bir daha Heydər Əliyevin yenilməz iradəsi bütün bu cəhdləri uğursuzluğa məhkum etdi. Bundan sonra Azərbaycanda sabitlik və əmin-amanlıq yarandı. Milli-mənəvi dəyərlərimiz bərpa edildi. Ölkə xaosdan, hərc-mərclikdən xilas oldu, böyük uğurlara imza atdı. Dünya Azərbaycanı Heydər Əliyev zirvəsində görməyə başladı. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan dövləti özünün möhkəmliyini, etibarlılığını, qanunçuluğu və vətəndaşların təhlükəsizliyini hər şeydən üstün tutduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda hakimiyyətə gəlmək üçün silahlı dəstələrdən, zorakılıqdan istifadə etmək ənənəsinə son qoyuldu. Ölkəmiz dinc və sakit bir şəraitdə öz müstəqil dövlətini qurmaq və inkişaf etdirmək imkanı əldə etdi. Ölkə demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq naminə geniş islahatlar dövrünə qədəm qoydu. Ulu öndər az öncə məhv olmaqdan xilas etdiyi Azərbaycanı bir dünya dövlətinə çevirdi, Azərbaycanın müstəqilliyini əbədi və dönməz, Azərbaycan dövlətçiliyini möhkəm və sarsılmaz etdi.

Bu gün ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımızın qeyd etdiyi kimi: “Müstəqillik 1993-cü ildə də əldən gedirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də Onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik”. Uğurlu strateji kursun nəticəsində Azərbaycan dünya miqyasında qüdrətli və nüfuzlu dövlətə çevrilib, özünün ərazi bütövlüyünü bərpa edib. Şübhəsiz ki, bütün bu müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam dəstəkləyir və öz yeganə liderinin rəhbərliyi altında parlaq gələcəyə doğru inamla addımlayır.

Akif Kərimov,
“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024