Mobil versiya
DİM doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak üçün qeydiyyat elan edir
Tarix: 04-06-2021 | Saat: 17:55
Bölmə:Təhsil | çapa göndər

DİM doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak üçün qeydiyyat elan edir

Dövlət İmtahan Mərkəzi (DİM) 2021-2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak üçün qeydiyyat elan edir.

DİM-dən bildirilib ki, Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 2019-cu il 13 noyabr tarixli 443 nömrəli qərarına uyğun olaraq, Dövlət İmtahan Mərkəzi 2021-ci il iyunun 7-dən 13-dək növbəti tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatını elan edir. Bu müddət ərzində doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalar yaradılan ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına təqdim etməyə hazırlaşan namizədlər DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan (link iyunun 7-dən etibarən aktiv ediləcək) keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra onun pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 (doxsan) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir.

Doktoranturaya və dissertanturaya qəbul imtahanı keçirilən hər hansı xarici dil (ingilis, alman və ya fransız dili) üzrə aşağıda göstərilən hər hansı magistratura ixtisaslaşmasını (filologiya (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmaları) bitirən namizədlər doktoranturaya və dissertanturaya qəbul zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə və ixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edə bilməzlər:

060102 Dil və ədəbiyyat müəllimliyi

- Dil və ədəbiyyatın tədrisi metodikası və metodologiyası (ingilis, alman və ya fransız dili və ədəbiyyatı)

060103 Xarici dil müəllimliyi

- Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis, alman və ya fransız dili)

060201 Filologiya

- Ədəbiyyatşünaslıq (ingilis, alman və ya fransız ədəbiyyatı)

- Ədəbiyyatşünaslıq (Amerika və Böyük Britaniya ədəbiyyatı)

- Ədəbiyyatşünaslıq (xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı)

- Dilşünaslıq (ingilis, alman və ya fransız dili)

060203 Tərcümə

- Tərcümə (ingilis, alman və ya fransız dili)

- Sinxron tərcümə (ingilis, alman və ya fransız dili)

Yuxarıda qeyd olunan hər hansı magistr ixtisaslaşmasını bitirən namizədlər ixtisaslaşma dili olmayan digər iki dildən birini xarici dil kimi seçməli və həmin dildən qəbul imtahanı verməlidirlər.

Digər magistr ixtisaslaşmalarını bitirən şəxslərin xarici dil seçiminə məhdudiyyət qoyulmur, yəni onlar doktoranturaya və dissertanturaya qəbul zamanı xarici dil kimi ingilis, alman və ya fransız dilini seçə bilərlər.

Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar DİM-in internet saytında “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsiyyət vəsiqələrinin, sertifikatlarının və magistr təhsili haqqında diplomlarının əslini və surətini iyun ayının 8-də və ya 9-da hər gün saat 10-dan 17-dək (saat 13-dən 14-dək nahar fasiləsidir) DİM-in Bakı şəhəri, Ə.Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Asiya Universitetinin binasında) yerləşən ofisində yaradılmış Sənəd Qəbulu Komissiyasına təqdim etməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Təqdim edilmiş sertifikatların həqiqiliyi və qüvvədə olması yoxlanıldıqdan sonra onların sahibləri xarici dil üzrə qəbul imtahanından azad olunurlar.

Xarici dildən imtahanda keçid balını (minimal 25 bal) toplayan və ya DİM-ə qüvvədə olan sertifikat təqdim edən şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dildən imtahanda iştirak etməyənlər və ya keçid balını toplamayanlar fəlsəfə üzrə imtahana buraxılmırlar.

Xarici dildən doktoranturaya qəbul imtahanı dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarından ibarət olmaqla keçirilir. Qəbul proqramı ilə DİM-in saytında (Azərbaycan dilində, rus dilində) tanış olmaq mümkündür. Proqram üzrə yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulan dil və nitq bacarıqları və imtahanın strukturu haqqında DİM-in internet saytında əlavə məlumat yerləşdiriləcək.

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının 2021-ci il iyunun 20 də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 21-dən etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə