Mobil versiya
Eldar Quliyev: “Cümhuriyyət dövrü müstəqiliyimizin başlanğıcıdır”
Tarix: 26-05-2021 | Saat: 12:00
Bölmə:Manşet / Siyasət / Seçilənlər-4 | çapa göndər

Eldar Quliyev: “Cümhuriyyət dövrü müstəqiliyimizin  başlanğıcıdır”


Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısı aldı

Yüz üç il bundan öncə, 1918-ci il may ayının 28-də qədim Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. Cümhuriyyət hökumətinin fəaliyyətinə böyük dəyər verən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində demişdir: “Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib”.

Diqqətəlayiq haldır ki, AXC həm də bütün Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşüb. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə malik olan Azərbaycanın həyatında müstəsna əhəmiyyət kəsb edən rol oynamış oldu. İlk növbədə AXC dövründə müstəqil dövlət quruculuğu baxımından mühüm olan bir çox qərarlar qəbul olundu. Məsələn, belə qərarlardan biri Xalq Cümhuriyyətinin hökuməti tərəfindən 1918-ci il iyunun 26-da qəbul edilmiş əlahiddə diviziyanın yaradılması barədə qərar oldu. Qeyd edək ki, əlahiddə diviziya Azərbaycanın ilk Milli Ordu hissəsi idi. Həmçinin avqust yının 27-də tarixdə ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərarın qəbul olunması da müstəsna əhəmiyyət kəsb edən bir addım idi. 1918-ci il noyabrın 9-da isə Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi və buna paralel olaraq Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olundu.

Xüsusi olaraq Cümhuriyyət hökumətinin həyata keçirdiyi uğurlu xarici siyasəti də qeyd etmək lazımdır. Məhz bu siyasət sayəsində Azərbaycan Xalq Cümhuriyyəti həmin dövrdə qısa zaman ərzində beynəlxalq miqyasda tanındı. 1918-ci il mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Almaniya, Avstriya-Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərdi və artıq 1919-cu ilin sonlarında AXC 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.

Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyəti üzərinə düşən son dərəcə çətin tarixi vəzifələrin öhdəsindən ləyaqətlə gələ bildi. Belə ki, məhz AXC dövründə Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı yaradıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Az öncə də qeyd etdiyimiz kimi, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atıldı, xalqın maariflənməsi və milli mədəniyyətimizin inkişafı xüsusi diqqət mərkəzinə alındı. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Bu işlərdən ən əhəmiyyətlisi isə bu oldu ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli şüurunu formalaşdırdı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi və 1920-ci ilin aprel işğalı nəticəsində Sovet imperiyasının tərkibinə qatılandan sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısı alındı. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizdə milli dövlətçiliyin əsaslarının formalaşması və gücləndirilməsi işinə tarixi töhfələr vermiş oldu.


Müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev XX əsrin əvvəllərində 23 ay ərzində fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə elan olunmuş Azərbaycan Respublikası arasında əlaqəni yüksək qiymətləndirirdi. 2001-ci il oktyabr ayının 18-də Milli müstəqillik günü münasibətilə etdiyi çıxışında Ulu öndər demişdir: “Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda”.

Cətin dövlətçilik tariximizdəki rolu bu gün də daim ehtiramla xatırlanırümhuriyy, bu tarixə böyük diqqət göstərilir. Təsadüfi deyil ki, hazırda qeyd etdiyimiz Azərbaycanın Respublika Günü, Ordu Günü, Bayraq Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu vurğulamışlar. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq qeyd olunmalıdır.

Az öncə də qeyd olunduğu kimi, Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması da bilavasitə ümummilli liderin adı ilə bağlıdır.


Ulu Öndər XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanın suverenliyini qoruyub saxladı

Son dərəcə diqqətəlayiq bir məqamdır ki, Azərbaycan XX əsrdə iki dəfə öz müstəqilliyini elan edib. Dediyimiz kimi, birinci dəfə bu müstəqlliyə 1920-ci ildə Azərbaycanın sovet bolşevik qoşunları tərəfindən işğalı ilə son qoyuldu. Etraf olunmalıdır ki, oxşar sonluq Azərbaycanı 1993-cü ildə də gözləyirdi. Lakin bu dəfə Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin müdaxiləsi düşmən qüvvələrin planlarını alt-üst etdi və müstəqilliyimiz əbədi oldu.

Azərbaycan parlamenti 1991-ci il oktyabrın 18-də Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edərək, suverenliyimizi bütün dünyaya bəyan etdi. Bununla belə 1991-1993-cü illər Azərbaycanın müstəqillik və dövlətçiliyinin mövcudluğunun böyük risk altında qaldığı, xaos və anarxiya dövrü kimi tarixə düşdü. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilirdi. 1993-cü ilin yayında vəziyyət fəlakət həddinə çatdı. Azərbaycan müstəqilliyini və dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Xalqımız belə ağır bir zamanda ümid dolu nəzərlərini Heydər Əliyevə çevirdi. Azərbaycan xalqının iradəsi və təkidi ilə təcrübəli dövlət xadimi, görkəmli siyasətçi Heydər Əliyev müstəqil dövlətimizin uçurum qarşısında qaldığı bir vaxtda yenidən ölkənin siyasi hakimiyyətinə qayıtdı. Millətin sönməkdə olan müstəqillik arzuları canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev millət qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Beləliklə, uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ictimai-siyasi sabitlik yarandı. Heydər Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bundan sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Nəticədə iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Beləliklə, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ümummilli lider müasir Azərbaycan Respublikasında aparılan bütün islahatların təşəbbüskarı və müəllifidir. Həmin islahatlar bu gün də ölkəmizdə böyük uğurla davam etdirilir.


Azərbaycan Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda inamla irəliləyir

Bu gün Heydər Əliyev siyasi kursu, Ulu öndərin əsasını qoyduğu islahatlar ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə uğurla davam etdirilir. Bunun nəticəsi olaraq Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Məhz dövlət başçımızın yürütdüyü praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan bu il özünün dövlətçilik tarixində indiyədək əldə etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza atdı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu il 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistanın 30 il işğal altında saxladığı ərazilərini geri qaytardı və bununla da ölkənin ərazi bütövlüyü bərpa olundu. Bunu da qeyd etmək lazımdır ki, Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açıb və məhz Azərbaycan bu reallıqların müəllifidir. Bundan əvvəlki dövrlərdə də Azərbaycanın təşəbbüslərilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib. Azərbaycan dövlətinin uğurlu siyasəti regional enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı və bununla da həm bölgədə, həm də ümumilikdə Avrasiya məkanında yeni əməkdaşlıq formatları yarandı. Bu gün bir çox transmilli layihələr ətrafında birləşən və bu layihələri Azərbaycanla bərabər icra edən ölkələrin sayı durmadan artmaqdadır. Artıq hər kəs görür ki, regionda uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Artıq Azərbaycan sadəcə Cənubi Qafqazda deyil, bütün Avrasiya məkanında həyata keçirilən ən önəmli transmilli layihələrin vacib iştirakçısı, bir çox hallarda isə təşəbbüskarı kimi tanınır və qəbul edilir. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi, hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər mühüm nailiyyətlər müasir müstəqil Azərbaycanın əsl gerçəkliklərini təşkil edir. Artıq dünyada heç bir qüvvə Azərbaycanı inamla irəlilədiyi bu inkişaf və tərəqqi yolundan döndərə bilməz.


Eldar Quliyev
Milli Məclisinin deputatı,
Azərbaycan Ağsaqqallar Şurasının sədri,
Azərbaycan Kooperasiya Universitetinin rektoru,
iqtisad elmləri doktoru, professor
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024