Mobil versiya
Pandemiyaya qarşı mübarizə məsələləri Ümumdünya Səhiyyə Assambleyasında müzakirə ediləcək
Tarix: 24-05-2021 | Saat: 13:57
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Pandemiyaya qarşı mübarizə məsələləri Ümumdünya Səhiyyə Assambleyasında müzakirə ediləcək

Bu gün Cenevrədə 74-cü Ümumdünya Səhiyyə Assambleyası başlanır.

AİA.Az Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytına istinadla xəbər verir ki, tədbirdə əsas diqqət pandemiyaya qarşı mübarizəyə və yeni fövqəladə halların qarşısının alınmasına yönəldiləcək.

İyunun 1-dək onlayn formatda davam edəcək illik əsas forumda ÜST-nin üzvü olan 194 dövlətin nümayəndələri iştirak edəcək.

ÜST-nin Baş direktoru Tedros Qebreyesus sessiyada dünya səhiyyəsinin başlıca problemləri barədə çıxış edəcək. Həmçinin bir sıra ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə yüksək səviyyəli diskussiyalar da təşkil olunacaq.

Assambleyanın gündəliyində pandemiya mövzusu ilə yanaşı, poliomielitlə mübarizə, səhiyyə sahəsində innovasiyalar və əqli mülkiyyət sferasında qlobal strategiya, qeyri-infeksion xəstəliklərin qarşısının alınması və müalicəsi, pasiyentlərin təhlükəsizliyinin təmin edilməsi, ÜST-nin fəaliyyətinin təkmilləşdirilməsi kimi mövzuların müzakirəsi nəzərdə tutulur. 2022-2023-cü illər üçün büdcədən və “3 milyard” proqramının icrası barədə də söhbət açılacaq. Bu proqramın məqsədi dünyada səhiyyə xidmətlərinin əhatəsini 1 milyard nəfər artırmaq, əlavə 1 milyard insana fövqəladə hallarda etibarlı müdafiə təqdim etmək və daha 1 milyard insanın sağlamlıq səviyyəsinin yaxşılaşdırılmasına nail olmaqdır.

“Bu il keçiriləcək Assambleya gələcək səhiyyənin qlobal arxitekturasının formalaşmasında və ÜST-nin möhkəmləndirilməsində müstəsna rol oynayacaq”, - deyə Qebreyesus sessiya ərəfəsində bildirib. O xatırladıb ki, koronavirus pandemiyası başlanandan ötən 17 ay ərzində təşkilat infeksiyanın aradan qaldırılması, insan həyatının xilası və əsas səhiyyə xidmətləri üçün ölkələrə effektli vasitələr təqdim edib.

ÜST-də vurğulayıblar ki, pandemiya sona çatmaqdan hələ uzaqdır və ona qlobal reaksiya hazırda kritik fazadadır. Kəskin təzadlar hələ də irəliləməni ləngidir, vaksinlərin qeyri-bərabər bölüşdürülməsi isə ən təcili problemlərdən biridir. Bu, pandemiyanın başa çatması və qlobal bərpa üçün təhlükə yaradır.

Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin ali orqanıdır. Sessiyalar hər ilin mayında keçirilir. Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən edilməsidir.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024