Mobil versiya
Şahin Məhərrəmov: “Prezidentimizin əzminə, iradəsinə hər zaman güvənmişik”
Tarix: 20-05-2021 | Saat: 13:24
Bölmə:Gündəm | çapa göndər

Şahin Məhərrəmov: “Prezidentimizin əzminə, iradəsinə hər zaman güvənmişik”

“Həqiqətən də biz bu günü otuz il səbirsizliklə gözləmişik. Gözləmişik və inanmışıq. Möhtərəm Prezidentimizin əzminə, siyasi iradəsinə güvənmişik, verdiyi hər bir vədə əməl edəcəyinə şəksiz inanmışıq. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirəcəyinə bir an belə olsun şübhə etməmişik və bu əminliyimizdə qətiyyən yanılmamışıq. Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan xalqı bu gün öz böyük, tarixi Qələbəsinin fərəh dolu günlərini yaşayır. 12-13 may tarixlərində Şuşada keçirilmiş “Xarıbülbül” musiqi festivalı da Azərbaycanın şanlı Qələbəsini təmin edən milli birliyimizin və həmrəyliyimizin təntənəsi, bayramıdır.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şahin Məhərrəmov deyib.

Müsahibimiz bildirib ki, ilk məhz xalqın öz dövlətinə, öz Prezidentinə olan sonsuz inamı bu gün ölkəmizdə mövcud olan milli-birlik və həmrəylik mühitinin formalaşmasını və möhkəmlənməsini təmin edib: “Məlumdur ki, insanları cəmiyyət daxilində birlikdə olmağa, həmrəy olmağa sövq edən bir amal, bir güvən və yaxud da bir inam olmalıdır. Yalnız bu əsaslardan hər hansı biri üzərində cəmiyyət üzvləri vahid mövqeydən çıxış edə biləcək bir duruma gələ bilirlər. Əks halda hətta sabitlik şəraitində yaşayan cəmiyyətlər də müəyyən şərtlər daxilində qısa bir zamanda hərc-mərcliyə və hətta xaosa sürüklənə bilərlər. Azərbaycanda isə milli birliyin formalaşması üçün tələb olunan bütün amillər ən yüksək səviyyədə təşəkkül tapıb. Belə ki, bizim ən böyük amalımız torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi olub. Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasi kursun düzgünlüyünə olan sonsuz güvənimiz, möhtərəm dövlət başçımızın rəhbərliyi altında bütün məqsədlərə çatacağımıza inamımız isə heç zaman zəifləməyib. Məhz bu əsaslar üzərində Azərbaycanda yaşayan bütün millətlər arasında ümumxalq birliyi və həmrəylik mühiti yaranıb, bütün düşmən qüvvələrə qarşı vahid cəbhə formalaşıb.”

Daha sonra Şahin Məhərrəmov bildirib ki, Azərbaycan bir çox məsələlərdə əksər ölkələrə konstruktiv yanaşma və optimal həll nümunələri göstərdiyi kimi, bu gün bütün dünyaya əsl tolerantlıq və multikulturalizm dəyərlərini yaşadan və inkişaf etdirən dövlət modelini də təqdim edir: “Şuşada Yuxarı Gövhərağa məscidinin təmir edilməsi, yeni möhtəşəm məscidin bünövrəsinin qoyulması ilə yanaşı eyni zamanda da işğaldan azad edilmiş bütün ərazilərimizdə erməni vandalizminin qurbanı olmuş bütün xristian məbədlərinin, tarixi mədəni abidələrin bərpasına başlanması Azərbaycanda mövcud olan tolerantlığın və multikulturalizmin ən yüksək səviyyədə olmasının göstəricisidir. 30 illik fasilədən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada “Xarıbülbül” musiqi festivalı keçirildi. Festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı. Yaxşı olardı ki, beynəlxalq təşkilatların mötəbər kürsülərindən tez-tez demokratiyadan, insan haqlarından bəhs edən, əməli işə gəlincə isə ikili standartlar prinsipindən əl çəkə bilməyən bəzi dövlətlər də bu xüsusda Azərbaycandan örnək alsınlar. Festivalın açılışında etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev də bu mesajın əhəmiyyətini xüsusi olaraq vurğuladı: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.” Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xaribülbül” festivalı Azərbaycanda uzun illərdən bəri mövcud olan multikulturalizm ənənələrinin əsl canlı rəmzinə çevrildi.”

Öz müsahibəsində Şahin Məhərrəmov bunu da vurğulayıb ki, uzun illər sürən fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması onu göstərir ki, Azərbaycan bu tarixi Qələbəni öz qanları bahasına qazanmış qəhrəman övladlarını heç zaman unutmayacaq: “Keçən ilin sentyabr ayının 27-də Azərbaycan Ermənistanın ardı-arası kəsilməyən təxribatlarına birdəfəlik son qoymaq və öz torpaqlarını işğaldan azad etmək məqsədilə hərbi əməliyyatlara başlamaq məcburiyyətində qaldı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm Qələbə qazandı, işğalçıları qədim torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda müqəddəs üçrəngli bayrağını ucaltdı. Hərbi əməliyyatların davam etdiyi 44 günün hər biri Azərbaycan xalqının, Azərbaycan Ordusunun qəhrəmanlıq dastanı oldu. Bu müddət ərzində 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi. Lakin Şuşanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Şanlı ordumuzun qəhrəman döyüşçüləri sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdilər. Baxmayaraq ki, işğalçılar hərbçilərimizə qarşı tanklardan, toplardan atəş açırdılar. Qəhrəman əsgərlərimizi öz qanları, canları bahasına Qələbəni təmin etdilər. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı və bu aktın şətlərinə əsasən Laçın, Kəlbəcər və Ağdam rayonları bir güllə belə atılmadan Azərbaycana geri qaytarıldı. Buna görə də Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi olaraq Zəfər bayramı günü elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəyə görə öz şəhidlərinə, qazilərinə və igid əsgərlərinə borcludur. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə işğaldan sonra Şuşada keçirilən ilk “Xarıbülbül” musiqi festivalının məhz şəhidlərimizin əziz xatirəsinə həsr olunması da bu qəhrəman Vətən övladlarının hər zaman xalqımızın qəlbində yaşayacaqlarının daha bir sübutudur.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025