Mobil versiya
Heydər Əliyev Azərbaycanın müasir təhsil sisteminin qurucusudur
Tarix: 04-05-2021 | Saat: 15:57
Bölmə:Təhsil | çapa göndər

Heydər Əliyev Azərbaycanın müasir təhsil sisteminin qurucusudur

Müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk gündən ölkədə sürətli iqtisadi inkişafın təmin edilməsini, respublikamızın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi qarşısına qoyan ulu öndər Heydər Əliyev ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir.”

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsil sisteminin daim təkmilləşməsinə yönəldilmiş diqqət və qayğısı Sovetlər İttifaqı dönəmində də özünü bariz şəkildə göstərirdi. Ulu öndər ötən əsrin 70-80-ci illərində Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə də bu məsələni hər zaman diqqət mərkəzində saxlamış, və təhsil sahəsində ciddi islahatların keçirilməsinə nail olmuşdur. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılmışdır. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Həmçinin ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.

Müstəqil Azərbaycana rəhbərlik etdiyiı illərdə də milli təhsilimizi qabaqcıl dünya standartları səviyyəsinə yüksəltmək, eyni zamanda da milli-mənəvi dəyərlərimizin qorunub-saxlanmasını təmin etmək ulu öndərin təhsil sahəsində yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib. 1993-cü ildən sonra cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də bir canlanma, yeniləşmə nəzərə çarpmağa başladı. Ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində ölkənin orta, orta-ixtisas və ali məktəblərində struktur dəyişiklikləri baş vermiş, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi quruculuq işləri aparılmış, mövcud problemlərin həlli üçün effektiv üsul və metoların tətbiqi önə çəkilmişdir. Ulu öndər Heydər Əliyev öz çıxışlarının birində demişdir: “Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar...”

2000-ci il iyunun 13-də ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərman ölkədə təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı. Ulu öndərin rəhbərliyi ilə keçirilən islahatlar nəticəsində ölkənin elmi, mədəni və sosial-iqtisadi həyatında böyük dönüş yarandı.

Məlumdur ki, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Ölkə Prezidenti cənab İlham Əliyev milli təhsilimizin inkişafı məsələsini xüsusi diqqət və qayğı ilə əhatə edib. O cümlədən Azərbaycan təhsilinin beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirmək istiqamətində həyata keçirilən tədbirlər artıq öz nəticələrini verir. Azərbaycanda təhsilə, təhsil işçilərinə göstərilən dövlət qayğısı bir daha təsdiqləyir ki, bu gün Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi xətt Azərbaycanın adını daha yüksək zirvələrə qaldıracaqdır.


Rəşad Həsənov
Astara Rayon Təhsil Şöbəsinin müdiri,
YAP Astara Rayon Təşkilatı İdarə Heyətinin üzvü.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024