Mobil versiya
Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində mühüm ölkə olacaq
Tarix: 25-04-2021 | Saat: 16:53
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində mühüm ölkə olacaq

Hindistanın xarici işlər naziri Subramanyam Cayşankir “Çabahar günü” sammitində çıxış edərək təklif edib ki, İranın Çabahar limanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil edilsin.

Nazir limanın əhəmiyyəti haqqında danışaraq deyib ki, Cənub-Şərqi Asiya ölkələri ilə Avropa dövlətləri arasında nəqliyyat əlaqəsinin səmərəsini artırmaq üçün Çabahar beynəlxalq dəhlizə daxil edilməlidir. Onun sözlərinə görə, Avropa ölkələri Asiya, Asiya ölkələri isə Avropa bazarlarına yaxın və təhlükəsiz yolla çıxış əldə edə biləcək.

Süveyş kanalında tıxacın yaranması və neqativ nəticələri Asiya dövlətlərini düşünməyə vadar edib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Cənub-Şərqi Asiya ölkələrindən Avropaya yük daşıyan gəmilər Süveyş kanalından keçməklə 16 min kilometr yol qət edirlərsə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə cəmi 7 min 200 kilometr yol qət edəcəklər. Yüklər 60 günə ərzində deyil, 30 gün ərzində mənzil başına çatdırılacaq. Bununla yanaşı, nəqliyyat xərcləri də 40 faiz düşəcək. Hindistan 20 faiz nəqliyyat xərclərinə qənaət etmiş olacaq.

İqtisadçı analitik Şöhrə Pulab “Chabahar news” saytındakı məqaləsində yazır ki, Çabaharla yanaşı, Oman dənizindəki Şəhid Behişti və Şəhid Kələntəri limanları da dəhlizə qoşula bilər. Bu limanlarda yükləri boşaldıb qatarlara yükləmək imkanına malikdir. Onun fikrincə, İranla yanaşı, idxal-ixrac əməliyyatlarını həyata keçirən Cənub-Şərqi Asiya ölkələri yalnız Avropa ilə deyil, eyni zamanda, Qafqaz, Orta Asiya, Ukrayna, Belarusiya və Pribaltika respublikaları ilə də nəqliyyat əlaqəsi yaradacaqlar. Analitik hesab edir ki, İran tez bir zamanda Çabahar-Zahidan və Rəşt-Astara dəmir yollarını inşa edib istismara buraxmalıdır. Çabahar-Zahidan yolu limanla İranın mərkəzini, Rəşt-Astara yolu isə Azərbaycana çıxışı təmin edəcək.

Beləliklə, Hindistanın Mubai limanında Çabahar limanına daxil olan yüklər Çabahar-Zahidan xətti ilə Rəşt-Astara dəmir yolu vasitəsilə daşınaraq Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq keçərək Qərbi Avropaya çatdırılacaq.

Xüsusi bir məqami qeyd edən analitik nəzərə çatdırıb ki, ABŞ Çabahar limanını sanksiyalardan kənarda saxlayıb. Sanksiyalar Çabahar-Zahidan və Rəşt-Astara dəmir yollarının çəkilişinə maneə olsa da Vyanada aparılan danışıqlar müsbət nəticə verəcək. Rəsmi Vaşinqton İranın nüvə proqramı məsələsini həll etməkdə qərarlıdır və yeni Prezident Co Baydenin seçilən kimi bu problemlə məşğul olmağa başlaması təsadüfi deyil.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt-hissəsi artıq istismara verilib. İran çətinliklərə baxmayaraq, bu yolu inşa edə bildi. Rəşt-Astara hissəsində isə işlər davam edir.

Azərbaycan Respublikası bu layihədə mühüm rola malik olar dövlətlərdən biridir. Tranzit ölkə olaraq Azərbaycan hökuməti ilk növbədə Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu xəttini inşa edərək İran ilə Azərbaycanın dəmir yolları sistemlərini birləşdirib. Bundan başqa, Bakı Limanında yenidənqurma işləri həyata keçirilib və yükaşırma imkanları dəfələrlə artırılıb. Onu da qeyd edək ki, yeni Bakı-Astara avtomobil yolu da çəkilib ki, bu da dəhlizə daxil olan seqmentlərdən biridir.

Yuxarıda deyilənləri nəzrə alaraq qeyd etmək lazımdır ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətə başlaması üçün yalnız İran ərazisində Çabahar-Zahidan və Rəşt-Astara dəmir yollarının tamamlanması işləri qalır.

İranın şəhərsalma və yollar naziri Məhəmməd İslami cari ilin fevralında Çabahar-Zahidan dəmir yolu xəttinin təməlqoyma mərasimində iştirak edərək bildirib ki, yol 2023-cü ilə kimi istifadəyə veriləcək. Nazir Rəşt-Astara xətinin də həmin ildə istismara buraxılacağını deyib. Proqnozlar özünü doğrultsa, 2 ildən sonra “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi fəaliyyətə başlayacaq və Azərbaycan tranzit ölkə olaraq dəhlizdə mühüm əhəmiyyət kəsb edəcək. Burada söhbət yalnız tranzit gəlirlər əldə etməkdən getmir. Dünyanı Çin, Hindistan, Rusiya kimi iri iqtisadi dövriyyəyə malik olan dövlətləri ilə Azərbaycanın geniş iqtisadi və siyasi əlaqələri yaranacaq. Bu dövlətlər dünya bazarına Azərbaycandan keçməklə çıxdıqlarına görə ölkəmizə qarşı müttəfiqlik siyasəti yürüdəcəklər.

Rabil Kətanov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024