Mobil versiya
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs gələcəyimizin, inkişafımızın və tərəqqimizin qarantıdır
Tarix: 20-04-2021 | Saat: 12:16
Bölmə:Siyasət | çapa göndər

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs gələcəyimizin, inkişafımızın və tərəqqimizin qarantıdır

Hər il xalqımız möhtəşəm tarixi hadisəni - Ümummilli Lider Heydər Əliyevin doğum gününü böyük ehtiramla qeyd edir. Ulu Öndərin parlaq şəxsiyyəti ilə bağlı ən müxtəlif fikir və mülahizələr, xoş xatirələr sonda bir nöqtədə birləşir: Ümummilli Lider Heydər Əliyev həyatını istisnasız olaraq Azərbaycana, bütün mənalı ömrünü yalnız xalqa xidmət etməyə həsr etmişdir!

Bu böyük insan haqqında deyilən sözlər, söylənilən fikirlər ifadə üslubuna görə fərqlənsə də, məzmunu ilə Heydər Əliyev şəxsiyyətinin dahiliyini ən müxtəlif tərəflərdən ifadə edir. Onun böyüklüyünü hər birimiz illər keçdikcə daha dərindən dərk edirik. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mənsub olduğu millətin dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdı. Bu mövzuda söhbət düşəndə deyirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən silmək üçün onun dilini, tarixini, eləcə də mədəniyyətini əlindən almaq kifayətdir. O, SSRİ kimi böyük imperiyanın tərkibində olan Azərbaycanın 1978-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdur ki, bu da Heydər Əliyevin dilinə, dininə və milli dəyərlərinə bağlılığının parlaq təzahürüdür.
Görkəmli şəxsiyyətin hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır.

Taleyinə yalnız qurmaq və yaratmaq missiyası yazılmış bu böyük insan 1993-cü ilin iyununda xalqın təkidi ilə xilaskarlıq missiyasını Öz üzərinə götürərək müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində Azərbaycanı bir çox bəlalardan xilas etdi. 1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını aldı, ayrı-ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələri ləğv etdi. Vahid komandanlığa tabe olan ordu yaratdı. Ulu Öndər tərəfindən görülən böyük işlərin, həyata keçirilən xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təyin etmək üçün bütün təminatlara, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur. Onun rəhbərliyi ilə həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü islahatlar aparılmışdır.

Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçiliyi ilə əlaqədar keçirdiyi hər bir tədbir, qəbul etdiyi hər bir qərar, söylədiyi fikirlər müstəqil dövlətimizin bu günü və gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlətimizin ənənələrinin yaradıcı və milli dövlətçilik təfəkkürünün formalaşmasında tarixi rol oynayan böyük şəxsiyyətdir. Azərbaycan dövlətinin mövcudluğu Onun adı ilə bağlıdır, çünki Heydər Əliyev siyasi kursundan kənarda bu dövlətin varlığı barədə danışmaq qeyri-mümkündür. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bizim gələcəyimizin, inkişafımızın və tərəqqimizin qarantıdır.

Ulu Öndərin hakimiyyəti dövründə ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı əsas diqqəti bu münaqişəyə yönəldərək Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan etdi. Ulu Öndər Heydər Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq erməni yalanlarını faktlarla ifşa edirdi. Xalqımızın bu taleyüklü ağır problemi Onun Özü qədər inandığı davamçısı Prezidentimiz İlham Əliyev tərəfindən həll olundu. Azərbaycan tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı soyqırımı zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və güclü ordumuz oldu.

İndi Azərbaycan vətəndaşı öz sabahından narahat olmaya bilər. Heydər Əliyevin ölkəyə sabitlik və rifah gətirən siyasi kursu hələ uzun illər davam edəcəkdir. Azərbaycanın gələcək inkişafına əminlik, həm də Prezident İlham Əliyevin siyasi keyfiyyətlərinə, xarizmasına inamdan, ümumxalq etimadından irəli gəlir. Qarşıda duran dövr tarixi-siyasi məzmununa görə əvvəlkilərdən xeyli dərəcədə fərqlənir və bu da təsadüfi deyil. Çünki artıq Azərbaycan tamamilə yeni bir mərhələyə qədəm qoymuşdur: dövlət quruculuğu prosesi uğurla başa çatdırılıb, iqtisadi sahədə kifayət qədər böyük nailiyyətlər var, demokratikləşmənin müsbət nəticələri göz qabağındadır və bütün bunlarla bərabər, beynəlxalq münasibətlər sistemində respublikamızın mövqeləri nəzərə çarpacaq səviyyədə möhkəmlənmişdir.

Ulu Öndər Heydər Əliyev şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın rəmzi səviyyəsinə yüksəlmişdir. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin əziz xatirəsi yaşayır. Ulu Öndərin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxr hissi ilə qeyd olunur, əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir.

Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024