Mobil versiya
Rəfail Məmmədov: “Azərbaycanın qələbəsi dövlətçiliyimizin qətiyyətini və gücünü bütün dünyaya nümayiş etdirib”
Tarix: 15-04-2021 | Saat: 13:45
Bölmə:Media | çapa göndər

Rəfail Məmmədov: “Azərbaycanın qələbəsi dövlətçiliyimizin qətiyyətini və gücünü bütün dünyaya nümayiş etdirib”

“Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda artıq bütün dünya gücləri Azərbaycana yeni və tam fərqli bir yanaşma tərzi formalaşdırmaq məcburiyyətində olduqlarını qəbul etdilər. Azərbaycan böyük güclər arasında gedən geosiyasi oyunların bir obyekti olmadığını, tam əksinə, bu oyunları özü yönəltmək iqtidarında olan bir güc olduğunu isbatladı. Aprelin 13-də ADA Universitetində keçirilmiş "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda səslənən fikirlər də bunu bir daha təsdiq etmiş oldu."

Bu sözləri saytımıza verdiyi müsahibəsində Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının üzvü Rəfail Məmmədov deyib. RTŞ müdiri qeyd edib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etməklə beynəlxalq birliyin bir çox üzvlərinə indiyədək məlum olmayan bacarığını nümayiş etdirib: “Konfransın gedişində xarici qonaqların suallarını cavablandırarkən Ölkə Prezidenti cənab İham Əliyev bir daha qeyd etdi ki, əslində, bütün bu illər ərzində Azərbaycan sakit bir mühitdə hazırlıq işləri həyata keçirib. Həm də bizim etdiyimiz hər bir şey açıq şəkildə edilmişdir. Bütün bu illər ərzində ölkə üçün, xalqımız üçün doğru olan işlər görülürdü, sosial məsələlər həll edilirdi. İqtisadiyyatımız gücləndirilirdi, nəhəng transmilli enerji layihələri icra edilirdi. Ölkə rəhbərliyi Azərbaycanı gücləndirmək və onu həqiqətən müstəqil etmək üçün hər bir şeyi edirdi. Prezident İlham Əliyev ölkə rəhbərliyinə gəldikdən çox qısa müddət ərzində Azərbaycan Beynəlxalq Valyuta Fonduna olan bütün borclarımız geri ödənildi. Bundan sonra mühüm islahatlar həyata keçirildi, müstəqil iqtisadiyyat quruldu. İqtisadi müstəqillik siyasi müstəqilliyə gətirib çıxardı. Azərbaycan kimin nə dediyindən və necə reaksiya göstərməsindən asılı olmayaraq, istədiyi ölkələrlə münasibət qurmaq imkanına sahibdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün bu illər ərzində açıq şəkildə qüdrətli ordu quruculuğunu həyata keçirirdi. Dövlət büdcəmizin ən böyük hissəsi də məhz hərbi quruculuğa sərf edilirdi. Azərbaycan Prezidenti Ermənistanın bunu sülh yolu ilə etmədiyi təqdirdə, ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyimizi gizlətmirdi. Beləliklə, müharibə Azərbaycanın bacarıqlarının konsentrasiya olunmuş şəkildə həyata keçirilməsi idi. Lakin bütün üstünlüklərimizə baxmayaraq Azərbaycan təmkinli şəkildə müharibə apardı. Qarşı tərəfin mülki infrastrukturuna zərər və mülki vətəndaşlar arasında itki minimal səviyyədə oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev müharibənin hərbi fazasını Şuşadakı Qələbəmizdən sonra dayandırmaqla dərin strateji baxış nümayiş etdirdi.”

Daha sonra Rəfail Məmmədov belə bir məqamı da vurğulayıb ki, indi artıq bir çox Avropa Birliyi ölkələri də ermənipərəst qüvvələrin təsirindən qurtulmağın və Azərbaycanla qarşılıqlı əməkdaşlıq əsasında münasibətləri yenidən qurmağın daha faydalı olduğu qənaətinə gəliblər. Müsahibimizin sözlərinə görə belə baxışın formalaşmasında Azərbaycan – İtaliya dostluq əlaqələrinin mühüm rolu olub: “Azərbaycan hər zaman beynəlxalq əməkdaşlığın tərəfdarı olub. Bu şərtlə ki, beynəlxalq əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulmalıdır. Ölkə Prezidenti cənab İlham Əliyev: “İtaliya bizim ölkəmiz üçün çox yaxın tərəfdaşdır” – deməklə, digər Avropa ölkələrini ermənipərəst qüvvələrin təsirindən çıxmağa dəvət etdi. Qeyd etmək lazımdır ki, İtaliya-Azərbaycan münasibətləri üçün 2020-ci il çox mühüm il olmuşdur. Bu, ilk növbədə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsilə bağlıdır. Lakin bundan da öncə, keçən ilin fevral ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri ölkələrimiz arasında münasibətlərdə dönüş nöqtəsi olmuşdu. Səfər zamanı “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanması ilə İtaliya Azərbaycanın ərazi bütövlüyünə sadiqliyini vurğuladı. Bu, İtaliyanın ötən illər ərzində apardığı siyasətdən və Avropa İttifaqına üzv olan bəzi dostlarımızın siyasətindən uzaqlaşması demək idi. Həmin öhdəlik müharibədən sonra da rəsmi olaraq yenidən vurğulandı. İtaliya münaqişənin həlli ilə bağlı birmənalı və ədalətli yanaşma nümayiş etdirdi. Bu gün isə Azərbaycan artıq Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Dövlət başçımızın dediyi kimi, Azərbaycanın məhz İtaliya ilə olan təcrübəsi həmin ölkələri bu işə həvəsləndirib.”

Sonda Rəfail Məmmədov Azərbaycanın bütün məsələlərdə konstruktiv mövqe sərgilədiyinin və beynəlxalq hüququn tərəfdarı olduğunun bütün konfrans iştirakçıları tərəfindən birmənalı olaraq təsdiq edilməsini əhəmiyyətli müsbət hal kimi qiymətləndirərək bunları deyib: “Konfrans iştirakçıları da öz çıxışlarında qeyd etdilər ki, Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanmışdır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təmkinli şəkildə müharibə apardı. Qarşı tərəfin mülki infrastrukturuna zərər və mülki vətəndaşlar arasında itki minimal səviyyədə olmuşdur. Azərbaycan Prezidenti müharibənin hərbi fazasını Şuşadakı Qələbəmizdən sonra dayandırmaqla dərin strateji baxış nümayiş etdirdi. Müharibə zamanı vurğulanan hədəflər, əslində, illər boyu aparılmış danışıqların, ilkin razılaşmaların, 2009-cu ildə razılaşdırılmış baza prinsipləri ilə uzlaşır. Həmçinin İkinci Qarabağ müharibəsinin yenidən qabarıq formada üzə çıxardığı məqamlardan biri də Azərbaycanın həqiqətən tolerant və multikultural bir ölkə olmasıdır. Azərbaycan burada yaşayan bütün xalqların doğma Vətənidir və Azərbaycan çoxmillətli ölkədir. Vətən müharibəsi zamanı bütün etnik qruplardan olan insanlar son damla qanlarınadək tək düşmənə qarşı vuruşublar.


Azərbaycan həmişə konstruktiv mövqedə olub, danışıqların simulyasiyasına etiraz edib. Ölkəmiz münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olub, çünki biz münaqişədən əziyyət çəkən tərəf olmuşuq. Lakin bu gün biz artıq bu çəkdiklərimizin hesabını tələb etmək iqtidarındayıq və bunu edirik. Azərbaycan rəsmi İrəvandan “İsgəndər-M” raketi ilə bağlı açıqlamaları tələb edir və biz bu cavabı alacağıq. Ermənistandan fərqli olaraq Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranıb. Müharibə zamanı hərbi qulluqçularımız tərəfindən bir nəfər belə olsun mülki vətəndaşlara zərər yetirilmədi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur.”

Abbas Abbasov
Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024