Mobil versiya
Lütvəli Şıxəliyev: “Şəhid Ailələrinə, Qazilərə Və Müharibə Iştirakçılarına Qayğı Dövlət Siyasətinin Prioritet Istiqamətidir”
Tarix: 28-02-2021 | Saat: 16:15
Bölmə:Manşet / Ölkə | çapa göndər

Lütvəli Şıxəliyev: “Şəhid Ailələrinə, Qazilərə Və Müharibə Iştirakçılarına Qayğı Dövlət Siyasətinin Prioritet Istiqamətidir”

“Hərbçilərimizin Vətən müharibəsində nümayiş etdirdikləri şücaət, fədakarlıq və qəhrəmanlıq bundan sonra sonsuzadək gənc nəsil üçün əsil örnək, bütün xalqımızın isə qürur mənbəyi olacaq”– bu sözləri öz müsahibəsində Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev deyib.

Fevral ayının 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi ilə əlaqədar əməkdaşımızın suallarını cavablandıran təşkilat sədri bildirib ki, Azərbaycan dövləti hər zaman şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının qayğı və problemlərini xüsusi diqqət mərkəzində saxlayıb, onların həlli daima operativ şəkildə həyata keçirilib: “İlk növbədə qeyd etmək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına hər zaman yüksək səviyyədə diqqət və qayğı göstərib, bu məsələ dövlət siyasətinin prioritet istiqaməti olub. Bu gün də biz hamımız bunun canlı şahidiyik. O cümlədən fevral ayının 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi də bu diqqət və qayğının bariz təcəssümüdür. Artıq xəbər verildiyi kimi, Ramana qəsəbəsində istifadəyə verilmiş həmin kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Nəzərə almaq lazımdır ki, bütün bu işlər müharibədən sonra keçən cəmi üç ay yarım ərzində həyata keçirilib. Bu gün Azərbaycanın iqtisadi inkişafı imkan verir ki, şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən diqqət və qayğı getdikcə daha da artsın. Dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədəki siyasəti birmənalıdır. Son 17 il ərzində dövlətimizin başçısı şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşüb. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il həmin kateqoriyadan olan insanlara 1572 mənzil verilib. Bu il isə daha 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni, bu proqram Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra ediləcək. Həmçinin ölkənin digər şəhər və rayonlarında yaşayan şəhid ailələri üçün də binaların və fərdi evlərin tikintisi davam etdirilir və yaxın gələcəkdə bu proqram tam icra olunacaq.”

Öz müsahibəsində Lütvəli Şıxəliyev həmçinin qeyd edib ki, ölkəmizin öz torpaqlarını işğaldan azad etmək üçün məhz hərbi yola əl atması artıq qaçılmaz idi və Azərbaycan xalqı bu müharibədə əldə etdiyi şanlı qələbə ilə yeni bir tarix yazmış oldu: “Azərbaycan torpaqları 30 il işğal altında qaldı. Ölkəmiz bütün bu müddət ərzində münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanları istifadə etdi. Lakin rəsmi İrəvanın yürütdüyü siyasət münaqişənin sülh yolu ilə həll olunmasını mümkünsüz etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi və beynəlxalq ictimaiyyəti əmin etdi ki, bu münaqişənin sülh yolu ilə həlli mümkün deyil. Digər tərəfdən isə bu məsələ ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksək vəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Amma dövlətimizin başçısı hər zaman deyirdi ki, Azərbaycan lazım olduğu təqdirdə öz torpaqlarını müharibə yolu ilə azad edəcək. Azərbaycan uzun illər ərzində aparılan ikili siyasətə qarşı mübarizə aparmağa məcbur idi. Demokratiyadan dəm vuran bəzi qeyri-hökumət təşkilatları və bəzi hökumətlər ədalətsizliyə göz yumurdular. 30 illik tarix bir daha əks etdirir ki, Azərbaycan bu qələbəni təkcə Ermənistan üzərində deyil, bizə qarşı birləşən mütəşəkkil və güclü dairələr üzərində əldə edib. Azərbaycan gəncləri Vətən Müharibəsində böyük şücaət nümayiş etdirdilər. Vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri fədakarlıqla, qəhrəmanlıqla döyüşərək torpaqlarımızı işğalçılardan azad etdilər. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşərək düşməni məğlub etdi və torpaqlarımızı işğaldan azad olundu. Bu, böyük bir tarixi hadisədir. Ölkəmizin tarixində hələ indiyədək buna oxşar parlaq qələbə olmamışdır və Azərbaycan bu qələbəsi ilə bütün dünyaya öz gücünü göstərdi.”

Abbas Abbasov

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025