Mobil versiya
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini uğurla həyata keçirir
Tarix: 16-02-2021 | Saat: 14:47
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini uğurla həyata keçirir

Müsahibimiz Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Məzahir Bayramovdur

- Məzahir müəllim, ilk növbədə bir qədər əvvələ qayıdaraq Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəni şərtləndirən amillər barədə fikirlərinizi öyrənmək istərdik.

- Birmənalı olaraq deməliyəm ki, ölkəmiz üçün keçən ilin ən vacib, ən önəmli yekunu torpaqlarımızın işğaldan azad olunması oldu. Azərbaycan cəmi 44 gün ərzində apardığı hərbi əməliyyatlar nəticəsində tarixi Zəfər qazanaraq öz torpaqlarını azad etdi. Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. Əldə olunmuş tarixi qələbəni şərtləndirən əsas amillər də ilk növbədə möhtərəm Prezidentimizin güclü iradəsi, xalqımızın böyük əzmi, birliyi və Azərbaycan dövlətinin gücü oldu. Savaş meydanında əldə olunmuş qələbədən sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və ölkəmizin regionda sahib olduğu aparıcı mövqeyidir.

- Yeri gəlmişkən, əgər biz ötən ilin yekunlarından danışırıqsa, o zaman etiraf etmək lazımdır ki, qlobal pandemiya səbəbilə yekun nəticələr əksər ölkələr üçün acınacaqlı oldu...

- Razıyam sizinlə. COVİD-19 pandemiyası bütün dünya üçün çox böyük sınaq idi və hətta bir çox inkişaf etmiş ölkələr belə bu vəziyyətdən böyük itkilərlə çıxdılar. O cümlədən 2020-ci il ölkəmiz üçün də bir sınaq ili oldu. Lakin Azərbaycan bu sınaqdan da şərəflə çıxmaqdadır. Hazırda pandemiya ilə bağlı vəziyyət tam nəzarətdədir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə və şəxsi nəzarəti altında dövlətin həyata keçirdiyi operativ tədbirlər nəticəsində ötən il ölkəmizdə yeni xəstəxanalar tikildi, laboratoriyalar açıldı. Koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları əməkhaqlarının 3-5 misli həcmində artırıldı. Əhaliyə çox böyük sosial paketlər təqdim edildi. Vaxtında tətbiq edilmiş karantin tədbirləri sayəsində insan itkilərimiz minimuma endirildi. Digər tərəfdən, ötən il bütün dünya ölkələri üçün iqtisadi baxımdan ağır il olduğu halda, Azərbaycan bu vəziyyətdən də minimal itkilərlə çıxdı. Ölkə iqtisadiyyatı təqribən 4 faizdən bir qədər çox azalıb ki, bu da digər ölkələrlə müqayisədə çox yaxşı nəticədir. Həmçinin dövlətimizin başçısı tərəfindən son dərəcə düzgün aparılmış sənayeləşmə siyasəti nəticəsində ölkənin qeyri-neft sənayesi 11 faizdən çox artıb ki, bu da qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir. Mən xüsusi olaraq ötən ilin ən önəmli yekunlarından biri kimi Cənub Qaz Dəhlizinin istismara verilməsini qeyd etmək istərdim. Bilirsiniz ki, bu layihənin nəticəsi olaraq Azərbaycan qazı tarixdə ilk dəfə Avropa məkanına ixrac edilib. Heç şübhəsiz bu, ölkəmiz üçün tarixi bir nailiyyətdir və bu layihənin Azərbaycan üçün həm iqtisadi, həm siyasi baxımdan çox böyük faydaları olacaq.

- Əslində mən Cənub Qaz Dəhlizinin inşasının başa çatması ilə bağlı ayrıca fikirlərinizi almaq istəyirdim. Sizcə bu layihənin reallaşması ümumilikdə regiona hansı töhfələrini verəcək?

- Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev də qeyd etdi ki, həmin toplantıda 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak etmişdir. Əlbəttə ki, bu rəqəmlər Azərbaycana və ölkəmizin iştirakı ilə reallaşan layihələrə olan marağın, ən əsası da etibarlı tərədaş kimi ölkəmizə göstərilən etimadın getdikcə daha da artmasından xəbər verir. Cənub Qaz Dəhlizi hazırda Avropanı Xəzər dənizi ilə bağlayır və bu, dünya miqyaslı infrastruktur vasitəsilə baş tutub. Layihə eyni zamanda həm Avropa ölkələrinin, həm də Azərbaycanın enerji təhlükəsizliyini gücləndirir.

Cənub Qaz Dəhlizi bundan sonra uzun illər bütün iştirakçı ölkələrin iqtisadiyyatlarının inkişafına mühüm töhfələr verəcək. O cümlədən Azərbaycan qazı gələcəkdə Avropanın bir çox digər ölkələrinə də nəql oluna bilər. Məsələn, İtaliya üzərindən Qərbi Avropa ölkələrinə təbii qazın nəqli reallaşdırıla bilər. Şərqi Avropada isə təbii qazın Rumıniya və Macarıstan bazarlarına daşınması real görünür. Bu təxminlər əslində Cənub Qaz Dəhlizinin geniş perspektivə malik strateji bir layihə olduğunu göstərir. Beləliklə də ölkəmiz Cənub Qaz Dəhlizinin verdiyi imkanlardan yararlanaraq öz iqtisadi qüdrətini daha da artıracaq.

-Məzahir müəllim, bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidən qurma işləri aparır. Bu barədə nə deyə bilərsiniz?

- Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri planlı şəkildə həyata keçiriləcək. Hazırda bir sıra infrastruktur və nəqliyyat layihələri artıq həyata keçirilir. Lakin həmin torpaqlarda ərazilərin minalardan təmizlənməsi və Ermənistanın işğal nəticəsində ölkəmizə vurduğu ziyanın qiymətləndirilməsi prosesi başa çatdıqdan sonra bərpa işləri daha geniş vüsət alacaq. Azərbaycan güclü dövlətdir və bərpa-quruculuq işlərini uğurla həyata keçirəcək. Mən xüsusi olaraq bir məqamı qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etməklə bu ərazilərin Azərbaycana aid olduğuna və xalqımızın bu torpaqlara həmişəlik qayıtmalarına dair bir daha bütün dünyaya açıq və net şəkildə mesaj ünvanlamış oldular. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin təməlinin şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulması da görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. O cümlədən Füzuli rayonunda olarkən dövlətimizin başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən əsası da bu xətt Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

- Məzahir müəllim, ətraflı və dolğun müsahibənizə görə Sizə təşəkkür edirik, sağ olun.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024