Mobil versiya
Laçın – Qayıdışın, Dirçəlişin və Birliyin Rəmzi
Tarix: 21-08-2025 | Saat: 17:34
Bölmə:Siyasət | çapa göndər

Laçın – Qayıdışın, Dirçəlişin və Birliyin Rəmzi

Tarixin sınaqlarından şərəflə çıxmış Azərbaycan xalqı üçün hər qarış torpaq əzizdir. Lakin elə bölgələr var ki, onların adını eşidəndə qəlbin dərinliklərində fərqli bir duyğu oyanır. Laçın da məhz belə torpaqlardandır – igidlərin, dağların, qürurun və yenidən doğuluşun rəmzi.
Laçın 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin şəhər statusu alması ilə Azərbaycanın siyasi-coğrafi xəritəsində yer aldı. 1930-cu ildə isə inzibati rayon statusu qazandı. Təbii sərvətləri, strateji coğrafiyası və füsunkar təbiəti ilə Laçın hər zaman mühüm əhəmiyyətə malik olub. Bu da onu illər sonra hədəfə çevirdi. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri Laçını işğal etdi.
2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə Laçının azad olunması tariximizdə əbədiyaşarlıq zirvəsi qazanıb. Prezident İlham Əliyev bu torpaqlara səfərlərində Laçında səsləndirdiyi sözlər – “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” – artıq reallığa çevrilir.
Bu gün Laçında həyat yenidən doğulur. Şəhərdə və rayonun kəndlərində 1000-dən çox ev tikilib və bərpa olunub. Məktəblər, ictimai binalar, infrastruktur layihələri, yollar – bütün bunlar Laçının yalnız simasını deyil, ruhunu da yeniləyir. Laçın rayon 2 nömrəli məktəb, Zabux kənd orta məktəbi artıq gənc nəslin yetişməsi üçün fəaliyyət göstərir. Bu təhsil ocaqları sabahın alimlərini, mühəndislərini, vətənpərvər vətəndaşlarını yetişdirəcək.
Laçının enerji potensialı, su elektrik stansiyalarının fəaliyyəti, kənd təsərrüfatının – xüsusilə arıçılıq, heyvandarlıq və balıqçılığın inkişafı regionu iqtisadi müstəqillik yoluna çıxarır. Bu, həm də bölgəyə köçən vətəndaşların burada layiqli həyat qurması deməkdir.
2025-ci ildə Laçının MDB-nin mədəniyyət paytaxtı elan olunması təsadüfi deyil. Bu, həm beynəlxalq etirafdır, həm də Laçının təkcə torpaq deyil, mədəniyyət beşiyi olduğunu göstərir. Laçının daşında, torpağında, havasında olan tarix indi səhnəyə, sərgilərə, sənətə çevrilir.
Laçın yalnız coğrafi ərazi deyil – Laçın bir yaddaşdır, bir dərddir, bir ümiddir, bir zəfərdir. Hər daşı, hər ağacı, hər yolu ilə Azərbaycan xalqının mübarizəsini, dözümünü və əzmini əks etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işləri Laçını sadəcə bərpa etmir – onu yenidən yaradaraq gələcəyə daşıyır.
Bu gün Laçına qayıdan insanlar təkcə evlərinə deyil, həm də kimliklərinə, keçmişlərinə, heysiyyətlərinə qayıdırlar. Və bu qayıdış sonsuzdur. Laçın yenə yaşayır, daha güclü, daha gözəl və daha qürurlu!

Sənan Hüseynov
Nəsimi RİH yanında İctimai
Şuranın sədr müavini, ADNSU IV kurs tələbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-08-2025