Mobil versiya
Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet sahələrindəndir
Tarix: 15-02-2021 | Saat: 15:40
Bölmə:İqtisadiyyat | çapa göndər

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet sahələrindəndir

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti fermerlərə elmi-texniki dəstəyin göstərilməsi, kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Bu gün ölkəmizdə aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün önəmli islahatlar həyata keçirilir. Həyata keçirilən islahatlar ilk növbədə elmi yanaşmalara və kənd təsərrüfatında çalışan insanların mənafeyinə xidmət etmək strategiyasına əsaslanır. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətində kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqi prinsipləri əsas prioritetlər kimi müəyyən edilib. Bu prioritetlərin icrası üçün Kənd Təsərrüfatı Nazirliyinin strukturunda Aqraryönümlü elmi müəssisələrin təminatının gücləndirilməsi, innovativ yeniliklərin fermerlərə ötürülməsi, elmi-tədqiqat institutlarının məsləhət xidmətləri şəbəkəsinə çevrilməsi məqsədilə bir müddət əvvəl institusional islahatlar aparılaraq Aqrar Elm və İnnovasiya Mərkəzi formalaşdırılıb. Həmin Mərkəzin nəzdində uğurla fəaliyyət göstərən Elmi-Tədqiqat İnstitutlarından biri də İlham Qurbanovun rəhbərlik etdiyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutudur (MÇETİ).



Bu gün İnstitutda elmi-tədqiqat işləri əsasən üç istiqamətdə – “Meyvəçilik”, “Subtropik bitkilər” və “Azərbaycan çayı” istiqamətlərində davam etdirilir. Tədqiqat işləri uzun müddət saxlanmaya yararlı, mövcud sortları məhsuldarlığına görə 10-15% qabaqlayan, əsas xəstəlik və zərərvericilər kompleksinə davamlı tumlu, çəyirdəkli, qərzəkli, subtropik meyvə bitkiləri və çay bitkisinin yüksək məhsuldar və keyfiyyətli sortlarının yaradılması, mövcud sortların öyrənilməsi, bağ və çay plantasiyalarının becərilmə texnologiyalarının təkmilləşdirilməsi və daha mütərəqqi becərmə texnologiyalarının işlənib hazırlanması, meyvə bitkilərinin biokimyəvi xüsusiyyətlərinin və onların emalı texnologiyalarının öyrənilməsi istiqamətində aparılır. Hazırda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu iki böyük struktur bölməsindən: elmi hissə və istehsalat hissəsindən ibarətdir. Öz növbəsində elmi hissənin tərkibinə 5 şöbə və 3 müasir laboratoriya daxildir. Elmi-tədqiqat işlərinin coğrafi təcrübə şəbəkəsi Lənkəran Çay Filialı, Abşeron Təcrübə Stansiyası və Göyçay, Qəbələ, Zaqatala Dayaq Məntəqələrindən ibarətdir. Yüksək elmi kadr potensialına malik olan İnstitutda hazırda çalışan 150 nəfərdən 5-i elmlər doktoru, 22 nəfəri isə fəlsəfə doktorlarıdır.



Qeyd etmək lazımdır ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti kifayət qədər çoxşaxəlidir. Bu fəaliyyətə genetik ehtiyatların toplanması, saxlanılması və meyvə bitkilərinin sortlarının seleksiyasında istifadə olunması, xəstəlik və zərərvericilərə davamlı və yüksək məhsuldar sortların yaradılması və onların yerli şəraitə uyğunlaşdırılması, səmərəli əkin materialı və tingyetişdirmə sistemlərinin hazırlanması, istehsal texnologiyalarının, o cümlədən səmərəli gübrələmə, təhlükəsiz bitki mühafizə vasitələrinin fermer təsərrüfatlarında nümayişi və yayılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması, standarta uyğunlaşdırılması və səmərəli marketinq imkanlarını artırmaq üçün məhsulun ilkin emalı, qablaşdırılması, saxlanılması və daşınması texnologiyaları üzrə tədqiqatların aparılması aiddir.

1926-cı ildə fəaliyyətə başlayan İnstitut 1964-cü ildən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı “Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında” Sərəncamına əsasən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb.


Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ölkəmizdə aqrar sahəyə innovativ texnologiyaların gətirilməsi istiqamətində olduqca səmərəli fəaliyyət göstərir. MÇETİ-nin direktoru İlham Qurbanov hər zaman deyir ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet sahələrindəndir və bu sektorun inkişafına ölkəmizdə böyük dəstək göstərilir. Qloballaşan dünyada hər hansı bir sahəni innovasiyalarsız təsəvvür etmək mümkün deyil. Kənd təsərrüfatı sektorunda da nailiyyətlərin əldə olunması məqsədilə innovativ texnologiyalardan geniş istifadə etmək qarşıya qoyulan əsas məqsədlərdəndir. Aqrar sahədə innovasiyaların tətbiqi gəncləri səfərbər etməyə imkan verən vacib vasitələrdən biridir. Gənclərin innovasiyalara meyilli olması onları bu sektorla maraqlanmağa sövq edir.

Əminliklə demək olar ki, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və kollektivi bundan sonra da aqrar sahədə qarşıya qoyulmuş vəzifə və öhdəliklərin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlardan səmərəli istifadə edəcək, verilmiş tapşırıqların icrasını yüksək səviyyədə həyata keçirəcəklər.

Abbas Abbasov
Elxan Kərimov
AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024