Mobil versiya
Aqil Abbas: “Heç kim Şuşada özünə villa tikdirə bilməz”
Tarix: 03-02-2021 | Saat: 16:34
Bölmə:Manşet / Siyasət | çapa göndər

Aqil Abbas:


“Prezidentin Şuşa kimi vacib şəhərə xüsusi həssaslıqla yanaşması təqdir olunmalıdır”.

Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. O bildirib ki, ölkə başçısı dövlət televiziyasına verdiyi müsahibədə Şuşanın, ümumilikdə azad edilən torpaqlarımızın ona əziz olduğunu və bundan sonra da xırda detallara qədər həmin regionu diqqətdə saxlayacağını göstərdi:


“Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Bu əvvəldən də belə idi. Hələ bu şəhər yaranan dövrdən Qarabağın gözü, Azərbaycanın mədəniyyət beşiyinə çevrilmişdi. Buradan böyük şəxsiyyətlər, mədəniyyət xadimləri, bəstəkarlar, rəssamlar, şairlər və s. dahi insanlar çıxıb. Şəhərdə Natəvanın təşkil etdiyi ədəbi məclislərdən tutmuş, yüzlərlə bu kimi tarixi mədəniyyət nümunəsi sayılan möhtəşəm hadisələr baş verib. Yəni Qarabağın mədəniyyət mərkəzi olan Şuşa bu gün elə-belə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmədi. Bu, gələcəkdə də belə qalacaq. Hətta İslam dünyası belə qəbul edir ki, Şuşa onların da mədəniyyət mərkəzi olmalıdır. Məsələnin hərbi-strateji, siyasi tərəfini bir tərəfə qoyuram. Əlbəttə, Prezidentimiz belə bir mədəni şəhərə hədsiz həssaslıqla yanaşmalı idi. Ölkə başçısı şəhərə yeniliklər gətirir, bura xüsusi nümayəndə təyin etdi. Gələcək üçün də şuşalılara dair xeyli planlar mövcuddur”.

Aqil Abbasın sözlərinə görə, onun üçün də xüsusi doğmalığı ilə seçilən Şuşanın əvvəlki memarlıq üslubunun saxlanmasıyla yenidən qurulması alqışlanmalıdır. Deputat deyir ki, köhnə “xruşşovkaların” sökülüb milli ornamentlərlə bəzədilmiş yeni yaşayış binalarının tikilməsinə dair müəyyən işlər görülə bilər:

“Fikrimcə, burada əsas iş Mədəniyyət Nazirliyinin üzərinə düşəcək, bərpa məsələləri və tarixi- mədəni ocaqların yenidən qurulmasında onların rəyləri, görəcəkləri işlərdən çox şey asılıdır. Təhsil nazirliyi də bu şəhərdə aktiv işlər görməlidir. Çünki Şuşada texnikomlar, pioner düşərgələri var idi ki, indi adını dəyişməklə həmin düşərgələri yenidən şagirdlərin ixtiyarına vermək olar. Şəhərdə “Lesnoy məktəb” adlandırdığımız xüsusi təyinatlı məktəb də olub. Buranın havası təmiz olduğu üçün xəstə uşaqlar ora gətirilirdi. Ağdamlıların “lesnoy məktəb” dediyi bu məktəbin bərpası yaxşı olardı. Səhhəti zəif olan uşaqların yenidən həmin məktəbdə oxuması məqbul variantdır.

Sanatoriyaları da unutmaq olmaz. Hələ 70-ci illərdə Heydər Əliyev Şuşaya xüsusi qayğı göstərmişdi, bura ümumittifaq kurort şəhəri elan edildi. İnsanlar SSRİ-nin hər yerindən Şuşaya istirahətə gəlirdi. İndi turizm adı ilə yenidən şəhərin həmin nüfuzunu bərpa etməliyik. Amma təbii ki, bu işlər daha operativ və həssaslıqla görülməlidir. Prezident də boşuna müəyyən nazirlik və məmurlara iradlar göstərmədi və son xəbərdarlıqlarını etmədi. Görünən o idi ki, dərhal kimlərsə orada aidiyyəti olmayan tikinti işləri aparmaq istəyirmiş. Ölkə başçısı aşkar dedi ki, mən Şuşanı məmur şəhəri elan etməmişdim, bura mədəniyyət paytaxtıdır. Bu mənada, Prezident müəyyən vəzifəli şəxslərə yersiz və haqsız davranışlarına görə tərs sillə vurmuş oldu. Prezident xalqın gözü qarşısında məmurlara sərt şəkildə xəbərdarlıq etdi ki, hər kəs öz yerində otursun! Nə lazım olsa, Prezident özü tapşıracaq ki, filan sahə üzrə filan məmur Şuşaya gedib, bu obyekti açmalıdır. Kiminsə özbaşına gedib bank və digər obyekt açması doğru deyil. Hələ şəhərə normal həyat qayıtmayıb”.

Aqil Abbasın fikrincə, Qarabağa qayıdışın niyə məhz Şuşadan başlaması maraqlı məqamdır. Çünki burada artıq on min vətəndaşımızın geri dönüb yaşamaq imkanı var:

“Yəni orada ermənilərin dağıtmadığı dədə-baba evlərimiz hələ də qalıb, infrastruktur isə tam məhv edilməyib. Yenidən bir sıra dağıdılmış infrastruktur işlərini qura bilmişik. Şəhər Füzuli, Ağdam və digər rayonlarımız kimi yer üzündən silinməyib. Şuşada əsasən tariximizi əks etdirən binalar, abidələr, məşhur şəxsiyyətlərimizin yaşadıqları evlər, onların dədə-baba mülkləri dağıdılıb. Təbii ki, sadə vətəndaşlarımızın qurub yaratdığı evlərin də çoxunu məhv ediblər. Amma şəhərdə xeyli sayda erməni özü üçün villa, mehmanxana, restoran tikmişdi. Qayıdış buradan başlaya bilər, tədricən şuşalılar rahat şəkildə geri dönə bilərlər.

Şuşada işlərin operativ görülməsi ürəkaçandır. Bura elektrik enerjisinin verilişi qısa müddətdə bərpa olundu, bizim tənqid etdiyimiz "Azərsu" çox çətinliklə də olsa, Şuşanın kəmərlərini bərpa etdi. İndi şəhərə doğru rahat yol çəkilir. Bir istiqamətdən gedənlər Füzuli tərəfdən hərəkət edəcək, tezliklə digər istiqamətdən də Ağdam-Əskəran-Xocalı-Xankəndi xətti ilə vətəndaşlarımız Şuşaya gedə biləcəklər. 37 kilometrlik yoldur və çox da rahatdır. Hazırda müəyyən məqsədlər üçün bu yolu işlədirik. Həmin yol da tam açılacaq və şəhərə iki istiqamətdən getmək təmin olunacaq. Ona görə də, cənab Prezidentin belə bir şəhəri xüsusi diqqətdə saxlaması başa düşüləndir və haqlı olaraq nöqsanlara görə məmurları sərt şəkildə tənqid etdi. Təbii ki, onun iradları təkcə adını sadaladığı məmurlara deyildi. Bu tənqidlər həmin fikirdə olan digər şəxslərə də mesaj idi. Yəni heç kim gedib özü üçün orada villa tikdirə bilməz!”


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2025