Mobil versiya
Akademik Fuad Əliyev – elmə və xalqa xidmətə həsr edilmiş ömür
Tarix: 25-01-2021 | Saat: 17:54
Bölmə:Manşet / Təhsil | çapa göndər

Akademik Fuad Əliyev – elmə və xalqa xidmətə həsr edilmiş ömür



Danılmaz bir həqiqətdir ki, bu gün yaşadığımız çağdaş dünyada hər bir dövlətin, xalqın inkişaf səviyyəsi həm də onun malik olduğu elmi-mədəni potensialla ölçülür. Təsadüfi deyil ki, adları bəşəriyyətin tarixinə əbədi yazılmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə verdikləri qiymət də hər zaman yüksək olmuşdur.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri misilsizdir. Elm sahəsində qazanılan nailiyyətləri hər zaman dövlət quruculuğu prosesini şərtləndirən əsas amillərdən biri kimi nəzərdən keçirmiş ulu öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəni diqqət və qayğı ilə əhatə etmiş, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir. Ümummilli Lider Elmlər Akademiyasına, bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə yüksək qiymət vermiş, onlara diqqət və qayğı göstərmişdir. Ulu Öndər Heydər Əliyev demişdir: “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti , öz elmi ilə tanınır.”

Həqiqətən də bu gün Azərbaycan elmi özünün yüksək inkişaf tempi ilə dövlətimizin gücünün günbəgün artmasına, insanlarımızın rifahının yüksəlməsinə xidmət etməkdədir. Elmin müxtəlif sahələrində çalışan ziyalı insanlarımız müasir texnoloji nailiyyətləri xalqın xidmətinə verməklə cəmiyyətimizin inkişafına misilsiz töhfələr verirlər.

Həyatını elmi nailiyyətləri öz xalqının, öz dövlətinin rifahına yönəltməyə həsr etmiş belə görkəmli ziyalılarımızdan biri də AMEA-nın Gəncə bölməsinin sədri, kimya elmləri doktoru, akademik Fuad Əliyevdir.

Qısa arayış:

Fuad Yusif oğlu Əliyev 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra zabit rütbəsində ordu sıralarında xidmət etmiş, 1974-cü ildən AMEA Aşqarlar Kimyası İnstitutunda laborant, mühəndis vəzifələrində çalışmış, 1976-cı ildə aspiranturaya daxil olmuş, 1981-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vuraraq kimya elmləri namizədi elmi dərəcəsini almışdır. Elə həmin ildə də Rəyasət Heyətinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. 1983-cü ildən Gəncə Regional Elmi Mərkəzinin sədridir. 1992-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini almış, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü (akademik) seçilmişdir. 2015-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin sədri təyin edilmişdir.

Fuad Əliyevin bilavasitə çalışdığı sahə yeni kükürd-üzvi birləşmələrinin sintezi və onlardan aşqarlar kimi istifadə etməklə müxtəlif xassələrə malik sürtkü yağlarının alınmasında istifadə olunmasıdır. Əlbəttə ki, bu sahə haqqında ətraflı söhbət yalnız müvafiq ixtisasa sahib olan peşəkarlar tərəfindən aparılmalıdır və daha çox elm adamları üçün maraq kəsb edə bilər. Lakin belə bir maraqlı məqamı da qeyd etmək lazımdır ki, akademik Fuad Əliyevin araşdırmalarının növbəti nəticələrindən biri kimi əldə olunmuş sintez edilmiş birləşmələr bu gün bir çox dərman preparatlarının tərkibinə də daxildir. Belə ki, həmin sintez edilmiş maddələrin bir çoxunun antimikrob xassəyə malik olması müəyyən edilmişdir. Bu isə əlbəttə ki, müasir dövrümüz üçün son dərəcə aktual bir məsələdir.

Həmçinin xüsusi olaraq vurğulamaq istərdim ki, akademik Fuad Əliyevin fəaliyyəti Azərbaycan dövləti və bilavasitə Ölkə Prezidenti tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Belə ki, Fuad Əliyev 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalına, 2006-cı ildə “Əməkdar elm xadimi” adına layiq görülüb. 2020-ci ildə isə Azərbaycanda elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Əlbəttə ki, öz xalqına, öz dövlətinə fədakarlıq və əzmlə xidmət edən, ölkəsinə hər zaman baş ucalığı gətirən belə elm fədailərimizi biz də hər zaman təqdir etməli, onların həyat və fəaliyyətlərini yalnız obyektivlik və dürüstlük kontekstindən işıqlandırmalıyıq. Nəzərə alsaq ki, jurnalistika özü də bir elm sahəsidir, bu zaman həmkarlarımızın digər sahələrdə çalışan elm adamları barədə danışarkən və xüsusən də yazarkən bir qədər daha diqqətli və həssas olmalarının vacibliyini anlamaq çətin olmaz. Xüsusən də elmi fəaliyyətini aktiv ictimai həyatla uzlaşdırmağı bacarmış akademik Fuad Əliyev kimi insanlarımız barədə yazarkən. Qeyd edim ki, 140 elmi əsərin, 17 elmi ixtiranın və 8 monoqrafiyanın müəllifi olan Fuad Əliyev 1996-cı ildən Gəncə şəhər Ziyalılar Cəmiyyətinin sədri, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədr müavinidir.

Əlbəttə ki, belə bir dolğun və xalqına, dövlətinə faydalı ömür yaşamaq qisməti heç də hər kəsin taleyinə yazılmır. Məhz buna görə də akademik Fuad Əliyev kimi insanların zəngin həyat təcrübəsindən yararlanmaq hər birimiz üçün, xüsusən də formalaşmaqda olan gənc nəsil üçün gözəl bir fürsətdir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024