AZ RU Mobil versiya
Ermənistan rəhbərliyi yaranmış reallığı adekvat qiymətləndirə bilmir
Tarix: 15-01-2021 | Saat: 14:18
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər

Ermənistan rəhbərliyi yaranmış reallığı adekvat qiymətləndirə bilmir




Bu il yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüşdə birgə Bəyanatın imzalanması Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirilməlidir. 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi.

Məlum olduğu kimi, görüşün məqsədi Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək idi.

Görüşün gündəliyi əvvəlcədən təxmin edilsə də, Ermənistanda, eləcə də təəssüf ki, Azərbaycanda bəzi qüvvələr bu tədbirin keçirilməsi faktından öz məqsədləri üçün manipulyasiya etməyə çalışırdılar. Erməni tərəfi görüşün N.Paşinyan üçün ölüm-dirim xarakteri daşıdığını daim vurğulayır və onun Moskvadan əliboş qayıdacağının fəlakət olacağı fikirlərini daim ictimailəşdirərək danışıqlar prosesinə təsir göstərməyə çalışırdı.

Azərbaycanda isə radikal müxalifət bu görüşün ölkəmizin guya güzəştlərə məcbur ediləcəyi barədə “dərin mənalı” öncəgörmələr tirajlayırdı.

Nəticə göz qabağındadır. Dörd saata yaxın davam edən görüşün təfərrüatı tam açıqlanmasa da, bu görüş nəticəsində imzalanmış sənəd – üçtərəfli bəyanat ortadadır. Bəyanat, gözlədiyimiz kimi, tam olaraq 10 noyabr Bəyanaməsinin 9-cu maddəsinin icrasına, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və bütün bu işlərin həyata keçirilməsi üçün işlək mexanizmin yaradılmasına xidmət edir.

Başqa sözlə, söhbət Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək Zəngəzur dəhlizindən gedir. Əslində, Paşinyan həm 10 noyabr, həm də 11 yanvar sənədlərinə imza atmaqla sübut elədi ki, Ermənistanın yaranmış şəraitdə heç bir alternativ çıxış yolu qalmamışdır. Elementar məntiq qanunları da göstərir ki, hərbi, iqtisadi və xüsusilə psixoloji durumu bərbad vəziyyətdə olan Ermənistanın bu gün yeganə çıxış yolu qonşu ölkələrlə və ilk növbədə Azərbaycanla normal münasibətlər qurmaqdır.

Azərbaycan bu görüşdən nə qazandı? Tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə ediblər.

Əldə edilmiş razılaşmaya əsasən, Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək ilk iclasını keçirəcək, fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaqlar. Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər.

İmzalanan bəyanatdan da göründüyü kimi, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Azərbaycan hərb meydanında olduğu kimi, diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur.

Bu qənaəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm üçtərəfli görüş zamanı və həm də görüşün yekunlarına dair fikir bildirərkən xüsusi şəkildə vurğuladı. Dövlətimizin başçısı bəyan etdi ki, kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir və bu proses regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcəkdir. Prezidentimiz xüsusi olaraq qeyd etdi ki,

Dağlıq Qarabağ konflikti keçmişdə qalıb və indi gələcək haqqında düşünmək lazımdır.

Prezident İlham Əliyev bu görüşə yüksək qiymət verərək bildirdi ki, regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi. Qonşu ölkələr də regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. ”Biz nəticə əldə etmək, sentyabrda - noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik”.

Tam inamla demək olar ki, Azərbaycan tərəfi qapalı görüşdə istədiyinə nail olmuşdur və əldə edilən razılıq birmənalı şəkildə onun mənafeyinə uyğundur. Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının şərtləri qəbul edilməsəydi, şübhəsiz ki, üçtərəfli əməkdaşlıq formatı da olmayacaqdı.

Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələbləri birmənalı şəkildə regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Bu, faktiki olaraq “Mehri dəhlizinin” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlanılması deməkdir.

Yeni açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəi olacaqdır.

Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, Tükiyə ilə, eləcə də bütün dünya ilə iqtisadi, nəqliyyat-logistik əlaqələri genişlənəcək, ölkəmizin geoiqtsadi əhəmiyyəti durmadan artacaqdır.

Prezident açılacaq kommunikasiya xətlərinin region ölkələrinin hamısı üçün əhəmiyyətini vurğulamaqla irəli sürdüyü altıtərəfli əməkdaşlıq formatı təklifinin də qüvvədə olduğunu bir daha xatırlatmış oldu.

Növbəti dəfə fiaskoya uğrayacağını hiss edən Paşinyan hökuməti isə erməni cəmiyyətində itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyirdi.

Erməni diplomatiyası Minsk qrupu formatında danışıqların bərpasında maraqlıdır, lakin heç bir ölkə, hətta Fransa belə bu məsələdə onu dəstəkləməyə cəsarət etmir. Ona görə də bu məsələyə haqlı olaraq əhəmiyyət və fikir belə verilmədi.

Paşinyan administrasiyası məntiqsiz bir şəkildə kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzində 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabardırdı.

Lakin bu cəhdlər də heç bir səmərə vermədi, Azərbaycan diplomatik danışıqlarda da bir daha üstünlük qazandı, danışıqların məcrasını öz istədiyi istiqamətə yönəltdi. Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir.

Qeyd etdiyimiz kimi, Paşinyanın iddiaları fonunda Moskva görüşünü Ermənistan üçün növbəti fiasko saymaq olar. O, mətbuata açıqlamasında erməni diversantlarını-terrorçularını azad etmək mümkün olmadığından görüşün nəticələrindən məyus olduğunu gizlətməyib. Qarabağ problemi hərbi yolla həllini tapdıqdan sonra artıq rollar dəyişib - Ermənistan özü üçün uğursuz və nəticəsiz danışıqlarda iştirak etməyə məcburdur.

Ermənistanın hərbi-siyasi rəhbərliyi bilməlidir ki, bu gün yeganə çıxış yolu qonşu ölkələrlə və ilk növbədə Azərbaycanla normal münasibətlər qurmaqdır.

Lakin bu üçtərəfli görüşün sonunda dövlət başçılarının keçirdiyi mətbuat konfransında Paşinyan dövlət başçısına yaraşmayan çıxışı ilə göstərdi ki, sanki o, yaranmış reallığı axıra qədər adekvat qiymətləndirə bilmir. Belə ki, həmin mətbuat konfransında həm Rusiya prezidentinin, həm də cənab İlham Əliyevin yüksək siyasi etika və diplomatik mədəniyyət nümayiş etdirərək görüşün gedişi haqqında verdikləri ümumi məlumata baxmayaraq, Paşinyan yenə də keçmiş Dağlıq Qarabağın “statusundan”, guya hərbi əsir olan erməni terrorçularının azad olunması məsələsindən danışdı, özünü gülünc vəziyyətdə qoydu və Ermənistana qayıtdıqdan sonra isə etiraf etdi ki, hər iki məsələdə onun dediklərinə əhəmiyyət verən olmayıb.

Vacib bir məqamı qeyd etmək istərdim. Özünün ermənipərəst mövqeyinə baxmayaraq, rus mediası Azərbaycan tərəfinin öz milli maraqlarını sonacan müdafiə etdiyini, 10 noyabr razılaşmasının ruhuna zidd heç bir şərti qəbul etmədiyini təsdiqlədi. Hətta bəzi media strukturları bu görüşdən yalnız Azərbaycanın maksimum səmərə ilə ayrıldığını xüsusi qeyd etdilər...

Kamaləddin QAFAROV,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi

8211 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-03-2021
02-03-2021