Mobil versiya
Görkəmli fitopatoloq alim İbrahim Cəfərov
Tarix: 14-01-2021 | Saat: 16:26
Bölmə:Təhsil | çapa göndər

Görkəmli fitopatoloq alim İbrahim Cəfərov



İnsan ömrü cəmiyyətə, elmə, təhsilə, xeyirxah əməllərə həsr ediləndə mənalı olur, qürur doğurur. Xalq üçün, vətən üçün yaşanan ömür isə əsl insan ömrüdür. Yorulmaz tədqiqatçı, xeyirxah insan, yenilikçi alim İbrahim Cəfərov da belə insanlardandır.

Tanınmış ictimai xadim, görkəmli fitopatoloq alim, dəyərli pedaqoq, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim Cəfərovun həyatı, fəaliyyəti xalqına, vətəninə xidmətə həsr olunub. Dəyərli alim İbrahim Cəfərovun 65-ci doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salaq.

İbrahim Cəfərov 20 yanvar 1956-cı ildə qədim və zəngin tarixi, mədəniyyəti və çoxəsirlik dövlətçilik ənənəsi olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Düdəngə kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci illərdə həmin institutun tələbəsi olub. 1985-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Bitki mühafizəsi” fakültəsini fərqlənmə diplomu ilə bitirib. İbrahim Cəfərov 1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası “Fitopatologiya” kafedrasının əyani aspirantı olub, 1989-cu ildə namizədlik, 2006-cı ildə isə “Azərbaycanın çəyirdəkli meyvə bitkilərinin mikobiotası (növ tərkibi, törədicilərin biologiyası, zərərlilik, mühafizə tədbirləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 2010-cu ildə professor elmi adını alıb. Həyatını Azərbaycan elminin inkişafına, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə həsr edən alim 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

Alim Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Fitopatologiya və bitkilərin immuniteti” kafedrasında assistent (1989), dosent (1994), professor (2011) kimi fəaliyyət göstərib, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 1993-cü ildən 2002-ci ilədək “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsinin, sonra isə “Aqronomluq və torpaqşünaslıq” fakültəsinin dekanı, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru (2009-2013) vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli Sərəncamı ilə professor İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.

Görkəmli alim Azərbaycanda, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyə qəbul edilib. Alim 2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının həmsədri, 2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 fevral 2015-ci il tarixli 46 nömrəli əmri ilə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən dissertasiya şurasının sədri təyin edilib. Professor İbrahim Cəfərov fitopatologiya sahəsində işlərin beynəlxalq səviyyəyə çatdırılması və fəaliyyət dairəsinin genişləndiriməsi üçün bir çox işlər görüb. Alimin elmi tədqiqatlarının nəticələri respublikada və xaricdə nəşr olunan 150-dən çox elmi əsərdə, o cümlədən dərslikləri, dərs vəsaitləri, fitopatologiya fənninin öyrənilməsinə dair metodik tövsiyələrdə öz əksini tapıb. İbrahim Cəfərovun yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində də xidmətləri olub. Onun elmi rəhbərliyi ilə 5 fəlsəfə doktoru dissertasiya işi müdafiə olunub.

Alim keçən əsrin 80-ci illərinin sonunda Naxçıvan Muxtar Respublikası şəraitində üzüm bitkisinin əsas xəstəliklərini tədqiq edib, mildyu və oidium kimi təhlükəli xəstəliklərə qarşı mübarizə tədbirlər sistemini bioloji cəhətdən əsaslandırıb, müxtəlif üsulların kombinasiyasında inteqrir mübarizə üsulunun elementlərini işləyib. Professor tərəfindən Azərbaycanın müxtəlif bölgələrində aparılan bioloji müayinələr, bitki xəstəlik törədicilərin növ tərkibinin öyrənilməsi, zərərli patogen növlərin aşkar edilməsi biologiya və kənd təsərrüfatı elmi üçün fundamental və praktik əhəmiyyət kəsb edib.
Professor bitki mühafizəsi sahəsində, xüsusilə üzüm, çəyirdəkli meyvə bitkiləri və şəkər çuğundurunun mikobiotasını öyrənib, əsas xəstəliklərə qarşı mübarizə tədbirlərini işləyib. Həmçinin İbrahim Cəfərov tərəfindən çəyirdəkli meyvə bitkilərində ən təhlükəli xəstəliklərdən hesab edilən klasterosporioz və ya deşikli ləkəlik, sitosporoz, monilioz və ya boz meyvə çürüməsi, kokkomikoz, unlu şeh və deformasiya mənşəli bir sıra xəstəliklərin bioloji inkişaf xüsusiyyətləri tədqiq edilib və onun əsasında mübarizə tədbirləri işlənib.

İbrahim Cəfərov tədqiqatçı alim olmaqla bərabər, həm də elmi işləri tədrislə sıx əlaqələndirməyi bacaran bacarıqlı müəllimdir. Proffessorun 30 ildən çox olan pedaqoji fəaliyyətinə “Fitopatogen göbələklər kənd təsərrüfatı bitkilərinin xəstəlik törədiciləridir”, “Buğda bitkisinin xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri”, “Tağlı bitkilərin xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri”, “Açıq və örtülü qruntda becərilən pomidor və bibər bitkilərinin xəstəlikləri, onlarla mübarizə”, “Üzüm və çiyələk bitkisinin xəstəlikləri, onlara qarşı mübarizənin prinsipləri”, “Bitki xəstəliklərinin müqayisəli təhlili”, “Sitrus və subtropik bitkilərin əsas xəstəlikləri, onlarla mübarizə”, “Dənli-paxlalı bitkilərin xəstəlikləri, onlarla mübarizə”, “Pambıq və günəbaxan bitkilərinin əsas xəstəlikləri, onlarla mübarizə”, “Şəkər çuğunduru və kələm bitkilərinin xəstəlikləri, onlarla mübarizə”, “Fındıq və digər qərzəkli meyvə bitkilərinin əsas xəstəlikləri, onlarla mübarizə” və s. pedaqoji ustalıqla tədris etdiyi fənlər daxildir.

İbrahim Cəfərov, ilk növbədə, tanınmış pedaqoq, elm təşkilatçısıdır və onun fəaliyyətinin ən önəmli hissəsi Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlıdır. Azərbaycan elmində, ictimai fikrində öz yeri, öz sözü olan alim İbrahim Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinin inkişafında, ölkəmizdə və dünyada tanınmasında böyük zəhməti olub. Bu gün onun rektoru olduğu Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrin innovativ ideyalarının dəstəklənməsi üçün hərtərəfli şərait mövcuddur. Yaradılmış yeni təsisatlar, o cümlədən aqrobiznes inkubasiya mərkəzi, aqrokimya, toxumçuluq, qapalı və açıq balıqyetişdirmə, kənd təsərrüfatı maşınlarının intellektual idarə edilməsi laboratoriyaları, quşçuluq, bildirçin və süni mayalanma tədris mərkəzləri, maşın-traktor parkı, heyvandarlıq kompleksi, bitki və baytarlıq klinikaları, patoloji anatomiya muzeyi-auditoriyası tələbələrin innovativ ideyalarının, startap layihələrinin həyata keçirilməsinə şərait yaradır.

Ömrünü elmə, təhsilə həsr edən, elmi və ictimai mühitdə qazandığı böyük hörmətlə tanınan, peşəkarlığı və qayğıkeşliyi ilə seçilən İbrahim Cəfərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yenilikçi, daim tələbələrin yanında olan, onların qayğılarını çəkən, problemlərini həll edən bir rəhbərdir. O, həm rektor, həm də müəllim kimi istedadlı tələbələrə hər zaman mənəvi dəstək verib, onların sevimli müəllimi olub. Məhz buna görə də professor İbrahim Cəfərov 176 min istifadəçi arasında keçirilən “2018-ci ilin ən yaxşı rektoru” adlı sosial tələbə sorğusunda səslərin 53 faizini toplayıb, ən yaxşı rektor adına layiq görülüb. Dəyərli alim, sözün həqiqi mənasında, tələbələri üçün yaşayan, çalışan, daim onların yanında olan rektordur. Professorun uğurlu rəhbərliyi sayəsində Azərbaycan Dövlət Aqrar Universitetində keyfiyyətli və şəffaf təhsil imkanları, tələbəyönümlü tədbirlər, təqaüdlər, beynəlxalq mübadilə proqramlarında iştirak, tələbələrin sosial-məişət şəraitinin ən müasir tələblərə cavab verməsi, valideyn-universitet əlaqələrinin inkişafı, aqrar sahədə uğurlu karyera imkanları təmin edilib.

Alimin gərgin və səmərəli əməyi dövlət və xalq tərəfindən layiqincə qiymətləndirilib. Alim “Kənd təsərrüfatı işçilərinin təltif edilməsi” haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Həmçinin İbrahim Cəfərov 2016-cı ildə Qazaxıstan Milli Aqrar Universitetinin fəxri professoru, 2018-ci ildə Moldova Dövlət Aqrar Universitetinin fəxri doktoru adına layiq görülüb.

Qərib Məmmədov
AMEA Torpaqşünaslıq və
Aqrokimya İnstitutunun
direktoru, akademik




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024