Mobil versiya
Azad olunmuş ərazilər ölkə iqtisadiyyatının inkişafına böyük töhfə verəcək
Tarix: 30-12-2020 | Saat: 11:22
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azad olunmuş ərazilər ölkə iqtisadiyyatının inkişafına böyük töhfə verəcək


Dağlıq Qarabağ probleminin Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən həll olunması xalqımızın 30 illik iztirabına son qoydu. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə yüz minlərlə məcburi köçkün öz tarixi və müqəddəs torpaqlarına geri qayıdacaqlar. Bundan əlavə, torpaqların azad edilməsi ilə Azərbaycanın iqtisadi inkişafında yeni dövr başlanacaqdır.

Xatırladaq ki, dövlət müstəqilliyinin ilk illərində bazar iqtisadiyyatına rahat keçidin təmin edilməsi məqsədilə islahatlar aparılmışdır. Burada ilk olaraq, 1994-cü ildə Xəzər enerji mənbələrindən geniş istifadə etməyə başlanıldığı dövrü vurğulamaq yerinə düşərdi. Məhz enerji resurslarından istifadə edilməsi nəticəsində Azərbaycan dünyada sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə sahib oldu.

Azərbaycanın əsas makroiqtisadi üstünlükləri qiymət sabitliyi baxımından makroiqtisadi mühitin mövcudluğu, ümumi milli məhsulda xarici borcun aşağı olması, sabit məzənnəsidir. Ötən əsrin 90-cı illərindən bəri Dağlıq Qarabağ münaqişəsi neftin qiymət dəyişikliyi ilə birgə ölkə iqtisadiyyatı üçün ciddi təhlükələrdən idi. Sərhədlər daxilində həll olunmamış bir problem olduğu üçün xarici investorları ölkəyə cəlb etmək bir qədər çətinləşir və xüsusilə boru kəmərlərinin inşası ilə əlaqədar investisiyalar bölgənin müharibə zonası olduğu üçün risk altında idi. Lakin bu problem də uğurla həllini tapdı, sərmayədarlarda böyük inam formalaşdı. Xarici investorlarda müharibədən sonrakı dövrdə ölkəyə yeni dalğada investisiya yatırmaqda marağı artıracaqdır.

Torpaqların işğaldan azad edilməsi Azərbaycanın gələcəyi ilə bağlı bir çox suallara aydınlıq gətirdi. Belə ki, ərazilərin işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının yüksəlişinə mühüm töhfələr verəcək. Digər tərəfdən, Azərbaycan hökumətinin təhlükəsizlik zəmanəti investorları sərmayə yatırmağa daha inamlı edir. Müharibədən dərhal sonra "Azerenerji”nin İtaliyanın "Ansaldo Energia” şirkəti ilə azad edilmiş torpaqlarda enerji infrastrukturunun yaradılması barədə müqavilə imzalaması buna misal ola bilər.

İşğal dövründə Dağlıq Qarabağ ətrafındakı yaşayış məntəqələri tamamilə dağıdıldığından onların bərpasına ehtiyac var.

Hazırda bu ərazilərdə təxminən 1,5 milyon hektar sahə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün yararlıdır ki, bu da yeni istehsal zəncirinin yaradılmasına gətirib çıxaracaq. Digər tərəfdən, vətəndaşlar yeni iş yerləri ilə təmin olunacaqdır. Qarabağın zəngin su ehtiyatları var və bu ehtiyatlar su çatışmazlığından əziyyət çəkən Azərbaycanın digər ərazilərinin (aran) suvarılmasına kömək olacaqdır. Buna Tərtər bölgəsində yerləşən Sərsəng su anbarını misal göstərmək olar ki, ümumi sahəsi 100 min hektar olan anbar geniş suvarma suyu təmin etmək gücünə malikdir. Ölkənin su ehtiyatları məhdud olduğundan Sərsəng və digər su anbarları (Suğovuşan, Xudafərin) kənd təsərrüfatı istehsalını artırmaq üçün əhəmiyyətli rol oynayacaqdır. Təbii qaynaqlara gəldikdə, işğala qədər 5 qızıl, 7 civə, 2 mis, 1 mis, qurğuşun və sink, 1 kömür və 11 mineral su yatağı kimi 163 fərqli mineral yataq məlum idi. 1997-ci ilin sentyabrında Ermənistan Kanadanın "First Dynasty Mines” şirkəti ilə müqavilə imzalayaraq Azərbaycan Respublikasının işğal olunmuş bölgələrinin təbii mineral ehtiyatlarının talan edilməsinə başlamışdı. İndi Azərbaycan hökuməti ümumi ziyanı hesablamaq üçün beynəlxalq audit aparmaq və təzminat tələb etmək üçün beynəlxalq məhkəməyə müraciət etmək niyyətindədir. Təbii sərvətlərdən əlavə bölgə turizmin inkişaf etdirilməsi üçün də böyük potensiala malikdir. Dağlıq ərazilər dünyanın hər yerindən turist cəlb etmək üçün yaxşı fürsətlər verir.

Kommunikasiyaların bərpası məqsədilə Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolunun inşası haqqında sərəncam imzalamışdır. Azərbaycan dəmir yollarına Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılıb. Rabitə sisteminin bərpası ölkənin regional inkişafına öz təsirini göstərəcək və Qarabağ bölgəsinin Azərbaycan iqtisadiyyatına inteqrasiyasını sürətləndirəcəkdir. Üçtərəfli müqaviləyə görə, yaxın vaxtlarda Naxçıvana dəmir və magistral yollarının inşasına başlanacaqdır. Naxçıvana dəmir yolu və magistral yol çəkildikdən sonra Azərbaycan malları Türkiyəyə və Avropa bazarına daha asanlıqla çatdırılacaqdır.

İşğaldan azad edilmiş torpaqlar ölkədə iqtisadiyyatın inkişafına böyük təsir göstərəcəkdir. Turizm sektorunun çiçəklənməsi, yeni iş yerlərinin açılması, ölkəyə investorların cəlb edilməsi bunun üçün geniş imkanlar yaradacaqdır.

Zeynal KAZIMOV,
Macarıstanın Szeged Universitetinin Beynəlxalq İqtisadiyyat və Biznes üzrə magistri


"Azərbaycan" qəzeti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-02-2025