Mobil versiya
İbrahim Cəfərov: “Ölkə Prezidenti cənab İlham Əliyevin siyasət kursu bütün uğurlarımızın əsasında durur”
Tarix: 24-12-2020 | Saat: 12:39
Bölmə:Təhsil | çapa göndər

İbrahim Cəfərov: “Ölkə Prezidenti cənab İlham Əliyevin siyasət kursu bütün uğurlarımızın əsasında durur”




2003-cü ildən bəri keçən dövr Azərbaycanda bütün sahələrdə dinamik inkişafın təşəkkül tapması, ölkəmizin bölgədə və dünyada mövqelərinin güclənməsi ilə xarakterizə oluna bilər. 2004-cü ildən başlayaraq iqtisadiyyatda əldə olunan yüksək artımın ardıcıl olaraq təkrarlanması artıq o zaman həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda inkişafın Azərbaycan modeli haqqında iddiaların səslənməsinə səbəb oldu. Eyni göstəricilərin növbəti illərdə təkrarlanması isə inkişafın yeni bir möcüzəsi olan Azərbaycan modelinin qəti şəkildə qərarlaşdığını sübuta yetirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu il mart ayının 12-də ölkə regionlarının sosial - iqtisadi inkişafı proqramının həyata keçirilməsinə həsr olunmuş müşavirədə qeyd etmişdir: “Uğurlarımızın təməlində ciddi islahatlar dayanır. Azərbaycanın zəngin neft-qaz potensialı vardır və biz bu potensialdan böyük səmərə ilə istifadə edirik. Bununla bərabər aparılan islahatlar bugünkü sürətli inkişafı təmin edir.” Həqiqətən də ötən dövr ərzində Azərbaycanın Regionlarının İqtisadi İnkişafına dair qəbul olunmuş Dövlət Proqramları çərçivəsində hәyata keçirilәn fəaliyyət sayəsində uğurlu nәticәlәr əldə olunub. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsul istehsalında xüsusi çəkisinin artması, sahibkarlara yüksək dövlət qayğısı, regionların proporsional inkişafı, aparılan səmərəli islahatlar və bu qəbildən olan digər amillər Azərbaycanda qazanılan uğurların miqyasının genişlənməsinə misilsiz töhfələr verib. Digər tərədən də, iqtisadiyyatda qabaqcıl texnologiyaların tətbiqi, yüksək ixtisaslı kadr hazırlığına yetirilən diqqət, enerji resurslarından digər sahələrin inkişafı üçün istifadə olunması Azərbaycanın bundan sonra da sosial-iqtisadi tərəqqidə yeni möhtəşəm nailiyyətlərə imza atacağından xəbər verir. Bu, həm də Azərbaycanın iqtisadi siyasətinin nə dərəcədə dövrün tələblərinə cavab verməsinin bariz göstəricisidir. Azərbaycan bu illər ərzində özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirdi, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynadı. Bu gün isə Azərbaycan iqtisadi baxımdan tam müstəqil bir siyasət həyata keçirir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan özünün iqtisadi təhlükəsizliyini, ərzaq təhlükəsizliyini, enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır.

Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi son dərəcə uğurlu xarici siyasəti nəticəsində Azərbaycan dünya arenasında sabit və güclü mövqeyə malik bir dövlət olaraq qəbul olundu. Təkcə 2019-cu ildə respublikamızda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, dünyanın bir çox tanınmış dövlət və hökumət başçılarının Azərbaycana, eləcə də dövlətimizin başçısının xarici ölkələrə rəsmi və işgüzar səfərləri bu mövqeyin getdikcə möhkəmləndiyini bir daha təsdiq etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı xarici siyasət kursu Azərbaycanın milli maraqlarına xidmət etməklə, müstəqil fəaliyyəti, müstəqil xətti özündə əks etdirir və bütün uğurlarımızın əsasında durur. Məhz elə bu müstəqillik də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, dövlət başçımızın bütün bu illər ərzində yürütdüyü daxili və xarici siyasəti ilk növbədə həm də Dağlıq Qarabağ probleminin həllinə yönəlmişdi. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin hər zaman şəxsən xüsusi diqqət mərkəzində saxladığı ordu quruculuğu məsələsi sözsüz ki, müstəsna önəm kəsb edir. Ölkənin iqtisadi qüdrəti güclü ordu quruculuğu üçün zəruri əlverişli şərait yaratdı. Qeyd etmək lazımdır ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu işi sonrakı illərdə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Məhz dövlət başçımızın ciddi səyləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutmuşdur. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və digər yüksək texnoloji vasitələrlə təchiz olunmuşdur. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün oldu. Şanlı Azərbaycan Ordusunun gücünə, yüksək döyüş qabiliyyətinə 44 gün davam edən Vətən müharibəsinin gedişi zamanı bütün dünya şahid oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Dəfələrlə qeyd olunduğu kimi, hətta ən mötəbər beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin əks fikirlərinə rəğmən Ali Baş Komandan cənab İlham Əliyev hər zaman deyirdi ki, münaqişənin hərbi yolla həlli variantı var və lazım gələrsə Azərbaycan bu yoldan istifadə etmək hüququnu özündə saxlayır. Sonda Azərbaycan məhz bu hüququndan istifadə etdi. 2020-ci il sentyabrın 27-də cəbhədə törədilən növbəti erməni təxribatından sonra Ali Baş Komandanımızın əmri ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün ərzində ermənilər 5 ilə işğal etdikləri və 30 il ərzində möhkəmləndikləri torpaqlardan qovulub çıxarıldılar. Artıq noyabr ayının 10-da Paşinyan faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı. Şanlı Azərbaycan Ordusu bu müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbə qazandı! Bununla da təcavüzkar erməni separatizmi öz layiqli cəzasını aldı və tarixi ədalət bərpa olundu.

Bu gün biz hamımız Azərbaycanın tarixində tamamilə yeni bir dövrün başlandığının şahidiyik. Əminliklə demək olar ki, bu dövr artıq işğaldan azad olunmuş torpaqlarımız da daxil olmaqla bütün ölkədə möhtəşəm quruculuq işləri və daha yüksək dinamikaya malik inkişafla səciyyələnəcək. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız bundan sonra daha böyük qələbələrə imza ataraq doğma Azərbaycanımızı dünyünın ən güclü və inkişaf etmiş ölkələri sırasına çıxaracaq!

İbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru,
AMEA-nın müxbir üzvü, professor
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024