Mobil versiya
Rövşən Xələfov: “Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordu məğlubedilməzdir”
Tarix: 12-11-2020 | Saat: 10:39
Bölmə:Manşet / Ölkə | çapa göndər

Rövşən Xələfov: “Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordu məğlubedilməzdir”





“Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri istər Qarabağda, istərsə də digər sərhəd rayonlarında mütəmadi olaraq atəşkəsi pozur, ərazilərimizi müxtəlif çaplı silahlardan atəşə tuturdular. Nəhayət sentyabr ayının 17-də növbəti dəfə təxribat törətməklə ermənilər Azərbaycanın səbr kasasını daşdırdılar və indi də bunun acı nəticələrini çəkirlər. Heç iki ay davam etməyən hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın böyük bir hissəsi düşməndən təmizlənib. Noyabr ayının 8-də isə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu qədim Şuşa şəhərini işğaldan azad etməklə ən böyük zəfərlərindən birinə imza atdı. Bu zəfər Azərbaycanın apardığı Vətən müharibəsində həlledici məqamlardan biri oldu və bir gün sonra bu hərbi münaqişə Azərbaycanın tam qələbəsi ilə başa çatdı.” Bu sözləri Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Rövşən Xələfov aia.az saytına verdiyi müsahibəsində demişdir.

Əməkdaşımızın suallarını cavablandırarkən Rövşən Xələfov bildirmişdir ki, Qarabağ uğrunda gedən döyüşlər Azərbaycan tərəfi üçün Vətən müharibəsi, Ermənistam üçün isə işğalçı müharibə idi: “Dediyim kimi, Ermənistan formal olaraq atəşkəs rejiminin davam etdiyi dövrdə də bu tələblərə əməl etmirdi. Mütəmadi olaraq ərazilərimiz atəşə tutulur, hətta yeni torpaqlar işğal etməyə cəhdlər olurdu. Lakin bu gün ermənilərin qarşısında duran qüvvə artıq ötən əsrin 90-cı illərinin əvvəllərində olduğu kimi texniki cəhətdən zəif, yeni formalaşan, döyüş təcrübəsi və effektiv silahları olmayan bir ordu deyil. Bu gün Azərbaycan Ordusu ən müasir silahlara, güclü texnikaya və böyük həcmdə resurslara malik olan bir ordudur. Ən əsası da bu ordunun başında möhtərəm Prezidentimiz cənab İlham Əliyev kimi müzəffər Ali Baş Komandan, arxasında isə yenilməz Azərbaycan xalqı durur. Əlbəttə ki, belə bir ordu istənilən aqressora layiqli cavab vermək iqtidarındadır və bu gün erməni işğalçıları bunu öz şəxsi təcrübələrində gördülər.”

Həmçinin müsahibimiz sona çatmış hərbi əməliyyatların “yenilməz erməni ordusu” barədə illərdən bəri dünyaya təqdim olunan mifin dağılmasına da səbəb olduğunu xüsusi olaraq qeyd edərək bunları demişdir: “Erməni tarixi ümumiyyətlə yalan və uydurmalar üzərində qurulmuşdur. Onların növbəti belə uydurmalarından biri də “yenilməz erməni ordusu” barədə idi. İllərdən bəri havadarlarının səyləri nəticəsində toxunulmazlıqlarını təmin edə bilmiş bu azğınlar artıq özləri də bu yalana inanmağa başlamışdılar. Lakin bu gün artıq Azərbaycan əsgəri düşmən ordusuna dərs verdi. Erməni mifləri dağıldı və yalanları ifşa olundu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında haqq yolunda vuruşan Azərbaycan Ordusu bütün istiqamətlərdə tam üstünlüyü ələ aldı. Düşmən silah-sursatını, döyüş texnikasını ataraq qaçdı. Müzəffər Azərbaycan Ordusu isə Vətən torpaqlarını azad etdi.”

Daha sonra Rövşən Xələfov Şuşa şəhərinin işğaldan azad olunmasının hərbi əməliyyatların sona çatmasında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları demişdir: “Erməni işğalçıları sadəcə Azərbaycanın deyil, bütün bəşəriyyətin düşməni olduqlarını dəfələrlə öz əməlləri ilə sübuta yetiriblər. Bu gün də Vətən torpaqları işğaldan azad edildikcə biz azğın düşmənin cinayətkar mahiyyətini daha aydın şəkildə gördük. İşğaldan azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb. Ermənistanın hərbi-cinayətkar rejiminin muzdlu qatilləri, soyğunçuları işğal altında olan ərazilərdə misli görünməmiş qarət, soyğun əməlləri, vandalizm aktları həyata keçiriblər. Şəhər və kəndlərimiz, insanların yaşayış məskənləri, tarixi abidələr, təbii sərvətlər talan olunub və darmadağın edilib. Vaxtilə insanların xoşbəxt, firavan yaşadığı Azərbaycan torpaqları xarabalıqları xatırladır. İşğal altındakı torpaqlarımızda, o cümlədən Azərbaycan üçün milli dəyərlərimizin bir xəzinəsi olaraq xüsusi əhəmiyyət kəsb edənŞuşa şəhərində həyata keçirilmiş vandalizm aktları erməni millətçiliyinin, faşizminin gerçək simasını əks etdirir və sübuta yetirir ki, gözü hər zaman başqalrının torpaqlarında olan ermənilər qurub yaratmağı deyil, mövcud olanları dağıtmağı, talamağı bacarırlar. Amma möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də qeyd etdiyi kimi, işğaldan azad olunmuş torpaqlara həyat qayıdacaq. Budur, xalqa verdiyi hər sözünü tutan, hər vədinə əməl edən dövlət başçımız bu dəfə artıq tarixi bir qələbəyə imza atdı. Noyabr ayının 8-də Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu Şuşanı azad etdi. Bundan dərhal sonra daha 72 yaşayış məntəqəsi və strateji yüksəliklər əsgərlərimizin bir aslan sıçrayışı ilə əldə edildi. Nəhayət reallıqlardan qaçmağın mümkün olmadığını qəbul etməli olan düşmən yaranmış vəziyyətdən yeganə çıxış yolunun yalnız təslim olmaqda olduğunu anladı. Nəticədə Ermənistan faktiki olaraq özünün kapitulyasiya aktı anlamına gələn üçtərəfli bəyanatı imzalamalı oldu. Artıq bütün dünya bilməlidir ki, Azərbaycan xalqı öz torpaqlarına qayıdacaq, bu torpaqlarda əbədi olaraq yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləckdir!”

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024